Yas mərasimlərində yaşanan israfçılıq hallarının qarşısının tövsiyə-təbliğat yolu ilə alınmasına qarşı tədbirlər əksəriyyətin diqqətini qəbiristanlıqlara, daha dəqiqi, qəbiristanlıqda inşa edilən bahalı qəbir daşlarına da yönəldib. Niyə də olmasın? Yaxınlarının yas mərasimində süfrəyə dünyanın naz-nemətini tökən adamlar üçün qəbiristanlıqda abidə-kompleks ucaltmaq nədir ki?!
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Lent.az-a verdiyi açıqlamada bahalı qəbir daşları ilə bağlı məsələnin qanunla tənzimlənməsinə ehtiyac olduğunu söyləmişdi: “Bütün bunlar hamısı qanunla tənzimlənən məsələdir. İstənilən sivil ölkədə qəbiristanlıqlarla bağlı məsələlər qanunla tənzimlənir. Məsələn, qəbirlər necə olmalıdır, qəbirlərin düzülüşü, bir qəbir digərindən kəskin fərqlənməməlidir və sair. Bizdə də belə bir qanun layihəsi üzərində iş gedir. Təbii ki, qanun layihəsi cəmiyyətin ümumi müzakirəsi, o cümlədən Qafqaz Müsəlmanları İdarəsində din xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə geniş ictimai müzakirədən keçməlidir. Qanun da qəbul ediləndən sonra biz məsələni nizamlaya bilərik. Lakin heç bir qanunun geriyə tətbiqi olmadığına görə, söhbət növbəti mərhələlərdən gedə bilər. Azərbaycanda qəbir daşları ilə bağlı nizam-intizam yaradılmasına ehtiyac var. Bu təkcə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsələsi deyil. Bu bütövlükdə ictimaiyyətin, medianın geniş müzakirə mövzusudur”.
Əlbəttə, qanuni yolla bu məsələ öz həllini gec-tez tapacaq. Lakin, qanundan əvvəl biz özümüz də bu məsələdə aktiv olmalıyıq.
Hamının “Qurd qapısı” kimi tanıdığı Yasamal qəbiristanlığı bu barədə müqayisəyə gəlməzdir. Müsəlmanların uyuduğu “Qurd qapısı” məzarlığının qarşısında dəfn olunmuş digər dinlərə məxsus insanların sadə və adi qəbir daşları bahalı villa ansamblının küncündə it-bata düşmüş yastıyapalaq gecəqondulara bənzəyir. Üzbəüz yerləşən bu iki dünyanı bir-birindən yalnız kələ-kötür avtomobil yolu ayırır. Təbii ki, bu ayrı söhbətin mövzusudur. Ancaq üstündən sükutla keçmək mümkün deyil. Hə, qayıdaq “Qurd qapısı” qəbiristanlığına…
“Qurd qapısı” qəbiristanlığı böyük heykəltəraş emalatxanasına bənzəyir. Qəbir daşlarına baxa-baxa heyrətlənməyə bilmirsən. Pafossuz-filan, “Qurd qapısı” qəbiristanlığında tikinti bumu yaşanır. Qəbiristanlıqda hökm sürən ölüm səssizliyini dəvətsiz müsafirlə, yəni mənimlə qarşılaşan adını açıqlamaq istəməyən qarovulçu pozdu:
- Ay oğul, bu vaxt qəbir üstə gəlməzlər. Düzgün deyil e…
Məqsəd və məramı izah edəndən sonra naçar qalan qarovulçu da bahalı qəbir daşlarına bu qədər diqqət, pul ayırmağın düzgün olmadığından sakit-sakit gileyləndi. Müşahidələr onu göstərir ki, qəbiristanlıqda dəbdəbəli qəbir daşlarının sayı günbəgün dayanmadan artır. Qarovulçunun sözlərinə görə, ölüləri, daha doğrusu ölülərin üzərində ucaldılmış bahalı qəbir daşlarını qorumaq həm çətin, həm də məsuliyyətlidir:
- Burda elə qəbirlər var ki… Mən deyim qiyməti 5 mindi, sən denən 10 mindi. Çox bahadı e… Bax, (əliylə qəbir daşlarının böyründəki mərmər güldanları göstərir) bu güldanların birinin qiyməti 500 manatdır. Əvvəllər burda oğurluq olub. Oğrular da ən çox güldanlara görə gəlirdi. Burdan oğurlayıb şəhərdən qıraqdakı qəbir sahiblərinə ucuz qiymətə satırdılar.
“1932 -…” , “1944 -…”. Bu tarixlər yaşaya-yaşaya özünə abidə-kompleks ucaldanların “məzarları” üzərində yazılıb. Təsəvvür edin, sağlığında özlərinə dəbdəbəli məzar daşı inşa edənlər var bu ölkədə. İnsanın lap matı-qutu quruyur.
Ağıllı tərpənib, boş torpaq sahəsi hasarlayanlar da az deyil. Xudmani və səliqəli hasar çəkilib, yer metlaxla döşənib. Bircə qalır, içinə ölü köçürmək.
Qarovulçu ehtiyatlı davranmağımı rica edir. Dediyinə görə, qəbir sahiblərinin təkidi ilə qəbiristanlıqda, o cümlədən qəbir daşlarının giriş-çıxışında müşahidə kameraları qurulub.
- Bax, bu güllərin hamısını özüm əkmişəm.
Bunu isə xalası oğlunun qəbrini ziyarətdən qayıdan Əli deyir. Əlinin sözlərinə görə, xalası oğlu üçün dəbdəbəli məzar ucaltdıqlarına görə peşman deyillər. Hə, o, bu təmtərağın xalası oğlunu diriltməyəcəyini başa düşür. Ancaq di gəl ki, bunu özlərinin vicdan borcu hesab edir. Qəbir daşına çəkilən xərci isə bir sirr kimi gizlədir…
Qəbiristanlığın həndəvərində yerləşən qəbir daşlarının sexinin qarşısında nümunə üçün düzülmüş sinə daşlarının qiyməti əl yandırır. Müştəri kimi yaxınlaşdığım sexin işçisi Faiq bu daşların Hindistandan gətirildiyini dedi:
- Bu daşların qiyməti 7 min manatdan başlayır. Ataş, Ukraynanın da qara qranitləri var. Məsləhətli daşdı, onu sənə 3 min manatdan verərik. Bax, bu boz qranitin qiyməti 800 manatdır. Daşkəsən daşıdır. Lap aşağı qiymətə istəsən, “Gülbaxt” daşları var — 450 manata.
Qəbir daşlarının qiyməti kvadrata görə dəyişir. Faiq əməkdaşlıq etdikləri heykəltəraşla daha əməkdaşlıq etmədiklərindən məzar üzərində heykəl düzəltmədiklərini də bildirir. Çatdırılma və quraşdırma pulsuzdur. Təki sifariş olsun.
Lent.az-a danışan heykəltəraş Cavanşir Dadaşov qəbirüstündə ucaldılan heykəllərin qiymətinin daşın keyfiyyətindən asılı olaraq dəyişdiyini qeyd etdi: “Bilirsiniz, belə işlərin qiyməti daha çox daşın keyfiyyətindən asılı olur. Elə iş var ki, qiyməti 1500 manatdır, elə iş də var ki, qiyməti bir az yüksəkdir. Görkəmli şəxslər, xalq yazıçıları üçün sifariş alanda hazırlayıram. Bu heç, amma pulu çox olan adamlar var ki, atasının və yaxud da anasının qəbri üstündə heykəl ucaltmaq istəyir. Belə insanlar zəngin insanlardır. Olanda belə işləri götürürəm. Sözün açığı, son vaxtlar belə sifarişlər almıram”.
Baş daşının üzərində yazılmış misranı tamamlayıb, yazıya nöqtə qoymaqda fayda var:
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?