Bir-iki gün bundan öncə redaksiyamıza Xocalı rayonundan məcburi köçkün düşən və hal-hazırda Bərdə şəhəri 105 saylı TPL-də məskunlaşan Türbəndəyev İntiqam Elman oğlu tərəfindən şikayət ərizəsi daxil olmuşdur. O, yazdığı şikayət ərizəsində bildirir ki, “həyat yoldaşımı 06 yanvar 2013-cü il tarixdə doğuşla əlaqədar Bərdənin doğum evinə apardım. Elə həmin gün mamaginekoloq olan Xuraman həkim, saat təqribən 23 radələrində uğursuz doğuşla uşağı anadan azad etdi. Dərhal bəlli oldu ki, uşağın bədəni olduqca qaralamış və qarın nahiyəsində həddən-ziyadə şiş də əmələ gəlmişdi. Çox keçmədi ki, Xuraman həkim doğum şöbəsində çalışan tibb bacısının iştirakı ilə uşağı bizə verdi ki, uşağı ləngimədən cərraha və uşaq həkiminə göstərin. Valideyinlərim həmin tibb bacısının iştirakı ilə, əvvəlcə uşağa Bərdə rayon Uşaq Xəstəxanasının cərrah həkiminin baxmasını istədilər. Cərrahın vəzifə borcu olmasa da, az müddətdən sonra o, iş yerinə gəldi və uşağa baxaraq təyinatını yazıb tibb bacısına verdi. Bir qədər vaxt keçdikdən sonra isə, uşaq həkiminə (pediotora) zəng edib, onun yaşadığı mənzilinə getdik. Pediotor da körpəyə baxdıqdan sonra yazıb təyinatını tibb bacısına verdi və biz körpəni təkrar doğum evinə aparmağa məcbur olduq.
Bütün baş verənlərə baxmayaraq səhəri gün, yəni 07 yanvar 2013-cü il tarixdə Xuraman həkim, azyaşlı körpədə problem ola-ola, onu səhər 9-10 radələrində anası ilə birlikdə evə yazdı. Biz uşağin vəzyyətinin yaxşı olmadığına etiraz etsək də, həkim heç bir problem yoxdur deməklə, uşağı doğuşdan təxminən onbir saat sonra evə yazdı. Belə olan təqdirdə məcbur olduq ki, uşağı götürüb evə gedək. Həmin günün axşam saat təxminən 21 radələrində uşaq sudurqa xəstəliyi keçirdi. Dərhal uşağı götürüb Bərdə rayon Uşaq Xəstəxanasına gətirdik və növbətçi həkim səhərə qədər lazımı tədbirlərini gördü. Körpə 24 yanvar 2013-cü il tarixədək, xəstəxananın reanimasiya şöbəsində beyinə qan sızma diaqnozu ilə müalicə olundu. Həmin vaxtdan bu günə qədər isə, Bakı Nevroloji xəstəxanasında müalicəsi davam edilir və xəstəliyi ağır olduğundan, həkimlər bir yaşından sonra uşağa müavinət təyin etməyə məcbur qaldılar. Bu da həkim səhlənkarlığının nəticəsi oldu.
Bütün bunları yazmaqda məqsədim odur ki, aidiyyatı qurumlar lazımi araşdırma aparsalar da, Xuraman həkimin və nəslinin imkanlı, arxalı olması əsl həqiqətlərin üzə çıxarılmasına imkan vermir. Son anda bildirilir ki, guya uşaq doğularkən və evə buraxılarkən səhhətində heç bir problemi olmayıb. Əgər uşağın vəziyyəti həqiqətən də yaxşı olubsa, o halda səbəb nə idi ki, Xuraman həkim yeni doğulmuş körpəni gecə saatlarında iki həkimin yanına göndərirdi? Sonra yazır ki, uşağa evdə yaxşı baxmayıblar və ona görə də vəziyyəti pisləsib. Bərdə rayon Uşaq Xəstəxanasının storoboleznisində (xəstəlik vərəqəsində) uşagın xəstəxanaya daxil olması, Xuraman həkimi müdafiə etmək məqsədilə 08 yanvar 2013-cü il tarixə göstərilsə də, xəstəxananın gündəlik qeydiyyat kitabında və sonra xəstəxananın
verdiyi 23 dekabr 2013-cü il tarixli arayışında, uşağın 07 yanvar 2013-cü il saat 2030 radələrində daxil olması qeyd olunmuşdur. Qeyd olunan faktlar ilk istintaqdan sonra aşkara çıxarılmışdır. Odur ki, tibbi ekspertizanın da yenidən araşdırmasına ehtiyac var. Əslində uşaq xəstəxanaya 07 yanvar 2013-cu il saat 2030-21 radələrində daxil olmuşdur.
Bütün bunlara baxmayaraq, baş verən problemlə bağlı işi araşdıran şəxslər heç nəyi nəzərə almadan, bir uşağın taleyini və mənim hüquqlarımı tapdaq altına ataraq, yalnız öz şəxsi maraqlarını güddülər. Baş verənlərlə bağlı Bərdə rayon Prokurorluğunda araşdırma işi aparılsa da, son anda işə obyektiv qiymət verilmədi. Bunun da bir səbəbi oldu, o da Xuraman həkimin pullu, arxalı və əliuzun bir nəsilin numayəndəsi olmasıdır. Prokurorluq araşdırma işləri apararkən birtərəfli mövqe tutdu və şəxsi maraqlarını təmin etmək üçün, Xuraman həkimin guya təqsirsiz olduğunu aşkara çıxardı. Yalnız, Xuraman həkimə və həmin gün gecə nöbəsində olan tibbi heyyətə (cəmi 8 nəfərə ) 03№-li protokola əsasən, növbədən kənar tibbi şuranın qərarı ilə 20 fevral 2013-cu il tarixdə töhmət elan olunmuşdu.
Nəzərinizə onu da çadırım ki, həmin gecə Xuraman həkim iş növbəsində olmayıb. Ancaq öz xeyri ucun gəlib doguş kecirib. Bütün bu kimi faktların araşdırılması üçün lazımi tədbir görülməlidir. Əgər prokurorluq əməkdaşlarının göstərdiyi kimi, uşağın beyinə qansızmasında həkimin gunahı yoxdursa, o halda nə üçün tibbi şuranın qərarı ilə, gecə nöbəsində olan tibbi heyyətə töhmət elan olunurdu? Bundan əlavə başqa bir həkim də işdən azad olunur?
Bu gün tibbi ekspertizanın yenidən keçirilməsini və imkan daxilində istintaqın Baş Prokurorluqda aparılmasına köməklik etməsini istəyən İntiqam Türbəndəyev onu da bildirir ki, 23 oktyabr 2014–cü il tarixdə Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə yeddi ədəd rəsmi sənəd təqdim etsəm də, həmin sənədlərdən yalnız üçünü Bərdə rayon Prokurorluğu tibbi ekspertizaya göndərmişdir. Bu da Bərdə rayon Prokurorluğunun qeyri obyektivliyindən xəbər verir.
Bərdə rayonunun sabiq prokuroru Rəhim müəllimin, rayondakı qohumlarının adına çoxlu sayda obyektləri var kı, onlardan bir necəsi də bacısının adınadır. “Ballı Qaya” şirniyyat sexlərindən birinin fəaliyyət göstərdiyi məkan, Xuraman həkimin qardaşı Ramizə məxsusdur. Bu da həmin ailələrin yaxınlıgını və şəxsi münasibətlərinin sıx olduğunu sübut edən faktlardan biridir. Onlar həmin obyekti müştərək işlədirlər.
Nəzərinizə onu da çatdırım ki, bununla bağlı səhiyyə naziri cənab O.Şirəliyevin iki dəfə qəbulunda olmuşam. Birinci qəbul zamanı Xuraman həkimin dərhal işdən azad olunması barədə, Bərdə rayon Səhiyyə İdarəsinin sabiq rəhbərinə göstəriş verilsə də, bir neçə aydan sonra verilən göstəriş icra olunmadı. İkinci dəfə təkrar nazirin qəbulunda olduqda və baş verənləri ona bildirdikdə O.Şirəliyev vurğuladı ki, “oğlum sən haqlısan, ancaq gücüm çatmır”. Buna səbəb də, yuxarıda qeyd etdiyim kimi, Xuraman həkimin yüksək vəzifədə Taryel Ağayev kimi yaxın qohumunun olmasıdır”.
P.S. Məqalədə səslənən iradlar, adı çəkilən şəxslərlə bağlı səslənən ittihamlar İntiqam Türbəndəyevə məxsusdur. Odur ki, bütün bunlarla bağlı adı çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?