İşçisi generalın əleyhinə danışdı: “Hər şeyi onun əmrinə əsasən etmişik”
Xəbər verdiyimiz kimi, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Akif Çovdarovun törətdiyi cinayətlərin əksəriyyəti hərbi cinayətlər olduğub üçün onun və onunla birlikdə ittiham olunan şəxslərin cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Cinayət işi məhkəmənin sədri Həbib Həsənovun sədrlik etdiyi kollegiyada araşdırılır.
Məlumat üçün bildirək ki, Bakı Hərbi Məhkəməsində təhlükəsizlik tədbirləri güclü olmadığı üçün Akif Çovdarovun işinə Sabunçu rayon Məhkəməsinin inzibati binasında baxılır.
Buna səbəb isə bu məhkəmədə təhlükəsizlik tədbirlərinin güclü olmasıdır. Amma prosesə jurnalistlər buraxılmır. Bunu da belə əsaslandırırlar ki, Akif Çovdarovun cinayət işində dövlət əhəmiyyətli sirlər var.
Bu sirlərdən əsası birdə ondan ibarətdir ki, MTN-nin agentura şəbəkəsinə ayrılan pullar və şəbəkənin üzvlərinin ictimayyətə açıqlanmaması üçün nəzərdə tutulur. Mətbuat prosesə
buraxılmasa da, qapalı məhkəmə iclasından bəzi materiallar üzə çıxır.
Dünən keçirilən prosesə jurnalistlər yenə də buraxılmayıb. Saat 11:00-a təyin olunan məhkəmə prosesi mətbuata qapalı davam edib. Əldə etdiyimiz məlumata görə, Akif Çovdarov ötən prosesdə vəkillərindən imtina ilə bağlı məhkəməyə təqdim etdiyi imtina ərizəsini geri götürüb.
Akif Çovdarovun müdafiəsinə vəkil Şahin Rəfiyev də qoşulub. Çovdarov 3 vəkillə müdafiə olunur. Ötən prosesdə işin uzadılmasına Çovdarovla birlikdə təqsirləndirilən 3 MTN əməkdaşının vəkilləri etiraz etmişdilər. Sonra prokuror ittiham akıtının elan etməyə başlayıb.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səlim Məmmədov özünü ona elan olunmuş ittihamlar üzrə təqsirli bilməyib. O, törətdiyi əməllərin faktiki tərəfini və xidməti səlahiyyətlərinə aid olmayan fəaliyyətlə məşğul olmasını etiraf edib.
“Həyatıma sui-qəsd edilib”
Səlim Məmmədiv deyib ki, 1992-ci ildən 2015-ci ilin noyabr ayının 2-nə kimi milli təhlükəsizlik orqanlarında xidmət edib, sonuncu göstərilən tarixdə polkovnik rütbəsində ehtiyata buraxılıb, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyində sonuncu iş yeri Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin 1-ci İdarəsinin rəisi vəzifəsi olub: “2011-ci ilin aprel ayının 7-də xidməti vəzifəmi icra edərkən, aktiv əməliyyat tədbirini yerinə yetirərkən həyatıma sui-qəsd edilib. Sərraf Xubayev, Namiq Şamilov və digərlərindən ibarət
9 nəfərlik cinayətkar dəstəni zərərsizləşdirərkən mənim və Vüqar Muxtarovun üzərinə avtomobil sürülüb. İki dəfə ard-arda avtomobillə vurulmuşam. Bu hadisə nəticəsində adı çəkdiyim cinayətkar qrup məsuliyyətə cəlb olunub və məhkəmənin 30 aprel 2013-cü il tarixli hökmü ilə ağır cəzalara məhkum ediliblər. Əməliyyat tədbirinin gedişatında aldığı xəsarətlə bağlı məhkəmə-tibbi ekspertizasının 30 iyun 2011-ci il tarixli rəyi ilə burnumun yumşaq toxumalarının əziyi, sol burun pərinin cırılmış yarası, baş beyin silkələnməsi halında kəllə-beyin travması, sol budun və bel nahiyəsinin yumşaq toxumalarının geniş sahədə dərialtı hematoması və sıyrığı aşkar edilib və dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan az ağır zərərvurmaya aid edildiyi təsbit olunub”.
Səlim Məmmədovun sözlərinə görə, həmin hadisədən sonra aldığı xəsarətlə əlaqədar yaddaşında problemlər yaranıb: “Mütəmadi baş ağrılarından əziyyət çəkirəm. Sağlamlığım ilə əlaqədar Baş İdarə rəisi Akif Çovdarova dəfələrlə raport yazaraq xəstəliyim ilə bağlı təqaüdə çıxarılmağımı xahiş etsəm də, Akif Çovdarov raportları rəsmiyyətə almayıb, cırıb atıb”.
“Akif Çovdarovun haqsız tənqidinə məruz qalmışam”
Təqsirləndirilən şəxs qeyd edib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ölkələrarası əməliyyat tədbirlərini təşkili və rəhbərliyini həyata keçirib: “Həmçinin ABŞ-da, Ekvadorun paytaxtı Kito şəhərində və Rusiya Federasiyasında əməliyyat tədbirləri nəticəsində ümumilikdə tonlarla narkotik vasitələrin dövriyyədən çıxarılmasına nail olmuşuq, əməliyyat tədbirlərində fəal iştirak etmişəm. MTN
rəhbərliyi dəyişildikdən sonra, 2004-cü ilin dekabr ayında Ağstafa rayon bölməsinin rəisi vəzifəsindən azad edilərək bir ay yarım sərəncamda qaldım. 2005-ci ilin yanvar ayında Anti-Terror Mərkəzinə baş əməliyyat müvəkkil vəzifəsinə təyin olundum. Fəaliyyətim müddəti ərzində Akif Çovdarovun haqsız tənqidinə məruz qalmışam, yalnız xidməti fəaliyyətim nəticəsində əldə etdiyim nəticələrə görə pillə-pillə vəzifədə irəli çəkilmişəm. 2009-cu ilin may ayında idarə rəisi vəzifəsinə təyin olunmuşam”.
Səlim Məmmədov bildirib ki, ona qarşı irəli sürülmüş ittihamda qeyd olunan hadisələrdə sırf şahid qismində iştirakı olub: “Bütün davranışım, yəni hər hansı bir şəxsin MTN-ə dəvət edilməsi, söhbətlərin aparılması bilavasitə üzərində rəhbərliyi həyata keçirən Akif Çovdarovun əmri ilə olub, bu danışıqlar zamanı pul tələbi edilməmişəm, hədə-qorxu gəlinməmişəm. İttihamda adları çəkilən zərərçəkmiş şəxslər bilavasitə Akif Çovdarov tərəfindən qəbul edilib. Akif Çovdarovun qanunsuz danışıqlarının şahidi olmamışam və bu səbəbdən şəxslərin MTN-ə çağırılmasının qeyri-qanuni olmasını bilməmişəm”.
“Akif Çovdarovun baş işarəsi ilə otağı tərk etdim”
Səlim Məmmədov bildirib ki, bütün davranışı Akif Çovdarovun əmri ilə həyata keçirilib, sonuncu tərəfindən ona verilmiş göstərişləri mübahisələndirmək səlahiyyətinə və vəzifəyə malik olmayıb: “Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Zakir Bədəlov mənimlə qonşuluqda yaşayır. Zakir Bədəlovun işlətdiyi “Tamara-Borçalı” kafesində yubiley mərasimində iştirak edərkən dostum Tofiq Əliyev həmin vaxt
mənə Zakir Bədəlovla tanış edib, Zakir Bədəlovun həmin restoranın sahibi olduğunu bildirib, mənim xəbərim olmadan Tofiq Əliyev mobil telefon nömrəmi Zakir Bədəlova verib. Tofiq Əliyev dəfələrlə mənə müraciət edərək, Zakir Bədəlovun qohumu Akif Çovdarovla görüşmək istədiyini deyib. Hər dəfə bu barədə Akif Çovdarova demişəm. Akif Çovdarov isə vaxtı olanda Zakir Bədəlovla görüşəcəyini söyləyib. Bir müddət sonra Akif Çovdarov Zakir Bədəlovun görüş təklifini qəbul etdiyini və onunla görüşəcəyini dedi. Zakir Bədəlovun qonşum olduğunu bildikdə, Akif Çovdarov mənə Zakir Bədəlovu tez qəbul edib, tez də yola salacağını söylədi. Bir neçə gün sonra Zakir Bədəlovu çağırtdırdım və Akif Çovdarovun onunla görüşməyə razılıq verdiyini bildirdim. Bundan sonra dövlət nömrə nişanını və markasını xatırlamadığım avtomaşınım ilə Zakir Bədəlovla birlikdə MTN-nə getdik. Orada Zakir Bədəlovu Akif Çovdarovun xidməti otağına qədər müşayiət etdim, otağa daxil olduqdan sonra Akif Çovdarovun baş işarəsi ilə otağı tərk etdim. Buna görə də Akif Çovdarovla Zakir Bədəlov arasında olan söhbətlərdən, Zakir Bədəlovun Akif Çovdarovun xidməti otağından nə vaxt və kimin vasitəsi ilə çıxmağından hər hansı məlumatım olmayıb. Bir müddət sonra Akif Çovdarov mənə Zakir Bədəlovun şəxsiyyət vəsiqəsini yoxlamaq lazım olduğunu bildirdi. Buna görə də MTN-in 4-cü baş idarəsinin əməkdaşlarından biri Akif Çovdarovun adından Dövlət Miqrasiya Xidmətinə Zakir Bədəlovun şəxsiyyət vəsiqəsi ilə bağlı sorğu göndərdi. Həmin sorğuya cavab olaraq Zakir Bədəlovun Azərbaycan vətəndaşı olmadığı müəyyən edildi”.
“Akif Çovdarova müraciət etməsini məsləhət bildim”
Səlim Məmmədovun sözlərinə görə, bir müddət sonra Tofiq Əliyev Zakir Bədəlovun onunla görüşmək istədiyini bildirsə də, onun görüşə vaxtı olmadığı üçün sonuncu ilə görüşə bilməyib: “Tofiq Əliyev bir daha zəng edərək Zakir Bədəlovun vəziyyətinin pis olduğunu, restoranının girovda olduğunu dedi, ona köməklik göstərməyimi xahiş etdi. Zakir Bədəlova yazığım gəldiyindən və dostum Tofiq Əliyevin xahişini yerə salmaq istəmədim. Zakir Bədəlovla Tofiq Əliyevin yaşadığı evin yaxınlığındakı hamamın yanında görüşdük. Ayaqüstü söhbət edərkən Zakir Bədəlov mənə şəxsiyyət vəsiqəsinin fəaliyyətsizləşdirildiyini bildirdi. Lakin hansı səbəbdən fəaliyyətsizləşdirildiyini demədi. Buna görə Zakir Bədəlov məndən kömək istədi. Bununla bağlı ona hər hansı köməklik göstərə bilməyəcəyimi dedim, Akif Çovdarova müraciət etməsini məsləhət bildim. Bu söhbətdə Tofiq Əliyev də iştirak edib. Bundan sonra Zakir Bədəlovla bir neçə dəfə yolda rastlaşaraq görüşdük. Zakir Bədəlovla aramızda başqa hər hansı söhbət olmayıb. Həmin söhbətdən 1-2 il sonra Tofiq Əliyev mənə Zakir Bədəlovun yeni şəxsiyyət vəsiqəsi aldığını bildirdi. Zakir Bədəlovun şəxsiyyət vəsiqəsinin hansı orqan tərəfindən və nə səbəbə fəaliyyətsizləşdirilməsi barədə hər hansı məlumata malik deyiləm”.
Səlim Məmmədov daha sonra qeyd edib ki, maddi məsul şəxs olmayıb: “MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsində maddi-məsul şəxs baş idarə rəisi Akif Çovdarov olub. Bu nəticəyə gəlməyinə səbəb Akif Çovdarovun vəkalətnamə vermə səlahiyyətinin olması olub. Akif Çovdarov MTN-in Maliyyə İdarəsindən kimə vəkalətnamə veribsə, həmin şəxs də pulu götürə bilib. 2 mart
2015-ci il tarixli vəkalətnaməni mənə Akif Çovdarov verib. Məhz Akif Çovdarovun göstərişi əsasında vəkalətnaməyə imza etmişəm və eyni səbəbdən MTN-in Maliyyə İdarəsinin kassasından 1 aprel 2015-ci il tarixli kassa məxaric orderi ilə 50.000 ABŞ dolları məbləğində pul əsginaslarını götürmüşım, həmin pulu da xidməti otağında Akif Çovdarova vermişəm”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?