Azərbaycan müasir silahları İsrail, yoxsa Rusiyadan alacaq?
Son günlər bir sıra xarici ölkə rəhbərləri və yüksək çinli diplomatların Azərbaycana səfəri bu həftənin yaddaqalan hadisələrindən oldu. Bu sırada xüsusən də İsrailin baş naziri Benyamin Netanyahunun səfəri diqqəti çəkdi. Bundan dərhal sonra Rusiya baş nazirinin müavini Dmitriy Roqozinin Bakıya səfər etməsi də xeyli düşündürücüdür. Əvvəlcə, Netanyahunun səfəri haqqında.
Əlbəttə, hər hansı bir dövlət başçısı Azərbaycana gəlirsə, deməli mühüm məsələlərlə bağlı müzakirələr üçün gəlir. Azərbaycan və İsrailin hansı sahədə əməkdaşlıq etməsi prinsipcə aydındır. Bu dövlətlər energetika və hərbi-sənaye kompleksi istiqamətində əməkdaşlıq edir. Hər iki sahə Azərbaycan və İsrail üçün mühüm sahədir.
Onu da qeyd edək ki, İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir. 1990-ci illərdə iki dövlət arasında əlaqələr yeni qurulmağa başlasa da, müsəlman Azərbaycanla yəhudi dövləti olan İsrail arasında qarşılıqlı anlaşma yarandı.
İsrailin baş naziri Benyamin Netanyahu Azərbaycana ilk dəfə 1997-ci ildə səfər edib. Bu qısa səfər bir saat çəkib, İsrail baş nazirinin təyyarəsi Cənubi Koreyadan İsrailə geri dönərkən Bakı hava limanına enib. Ancaq bir neçə saatlıq səfər kifayət edib ki, Benyamin Netanyahu ilə Azərbaycanın o zamankı prezidenti Heydər Əliyev arasında sıx dialoq qurulsun. Üstündən 12 il keçdikdən sonra, 2009-cu ildə Azərbaycana İsrailin o zamankı prezidenti Şimon Peres səfər etdi. Bir il sonra isə Azərbaycana İsrailin xarici işlər naziri Aviqdor Liberman gəldi.
Bu görüşlər və iki ölkə arasında qurulan sıx münasibətlər isə İranı çox narahat edir. Tehran keçmiş illərdə də Azərbaycan-İsrail münasibətlərinin əleyhinə çıxır, iranlı rəsmilər buna qarşı sərt açıqlamalar verirdilər. Bu dəfə də belə oldu. Benyamin Netanyahunun Bakıya səfərindən bir neçə gün öncə İrandan Azərbaycanın ünvanına sərt açıqlamaların sayı artdı.
İlk sərt açıqlama İranın dini liderinin Qərbi Azərbaycan əyalətindəki nümayəndəsi, Urmiyanın cümə namazının rəhbəri axund Seyid Mehdi Qüreyşidən gəldi. O dedi ki, Azərbaycan Respublikası müsəlmanları gərək Bakıya səfəri gözlənilən İsrailin baş naziri Benyamin Netanyahuya qarşı çıxsınlar. Öz çıxışında İsrailin baş nazirini “cinayətkar” adlandıran və açıq-aşkar anti-semitizm təbliğatı aparan axund Qüreyşi bildirdi ki, Netanyahu kimi şəxsləri qarşılamaq, Allah qarşısında durmaq deməkdir.
İranlı axund bu müraciəti ilə Azərbaycanın daxili işlərinə qarışır və Azərbaycan Respublikasının vətəndaşlarını faktiki qiyama çağırırdı. Rəsmi Bakı və Azərbaycanın din sahəsində mövqe tutan insanlar heç zaman İranın daxili işlərinə qarışmırlar, “niyə İran müsəlman azərbaycanlıları qətlə yetirən, müsəlman torpaqları işğal edən və məscidləri dağıdan Ermənistan hakimiyyəti ilə sıx münasibətlər qurur” sualını Tehrana ünvanlamırlar. Çünki, bu rəsmi səviyyədə İranın daxili işlərinə qarışmaq mənasına gəlir. Bunun qarşlığında İran rəsmiləri və din xadimləri Azərbaycan-İsrail münasibətlərinə eyni tolerantlığı, dözümlülüyü nümayiş etdirmirlər.
İranın dini liderinin Qərbi Azərbaycan əyalətindəki nümayəndəsindən sonra İran parlamentinin sədri Əli Laricaninin köməkçisi Hüseyn Əmir Abdullahiyan və İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin də İsrail baş nazirinin Azərbaycana səfərini tənqid etdilər. İranlı rəsmilərin, diplomatların və din xadimlərinin açıqlamalarından bu qənaətə gəlmək olardı ki, guya Netahyahu Azərbaycana səfərini rəsmi Bakıya zorla qəbul etdirib və guya Netanyahunun bu səfərinin əsas məqsədi Tehran-Bakı münasibətlərinin müsbət prosesinə xələl gətirməyə cəhd göstərməkdir.
İranlı rəsmilər və din xadimlərinin Netanyahunun Azərbaycana səfərinə sərt etirazının başqa səbəbi də var. Tehran ehtimal edə bilərdi ki, Benyamin Netanyahunun Bakıya səfəri Azərbaycanın İsraildə səfirlik açılması prosesini sürətləndirə bilər. Tehran bunu istəmir və bilir ki, rəsmi Bakı İsraildə səfirliyin açılması məsələsində İranın sərt mövqeyini nəzərə alır. Halbuki, rəsmi Bakının gözləmə mövqeyində dayanması İranın Azərbaycana qarşı siyasətini sərtləşdirir. Benyamin Netanyahu İlham Əliyevi İsrailə səfərə dəvət edib. Azərbaycan prezidentlərindən heç biri bu günə qədər İsrailə səfər etməyib. Səfərin reallaşması üçün isə Azərbaycanın İsraildə səfirliyi açılmalıdır.
İranlı rəsmilər və din xadimləri anlamaq istəmirlər ki, Azərbaycan İsraildən müasir silahlar alır və bu bizə torpaqlarımızı işğaldan azad etmək üçün vacibdir. Aprel döyüşlərində İsrailin müasir silahlarının işğalçıya necə böyük zərbələr vurduğunu hamı gördü. Üstəgəl İsrail Ceyhan limandan Azərbaycan neftinin əsas alıcılarındandır. Ən maraqlısı odur ki, iranlı rəsmilər, diplomatlar və din xadimləri Azərbaycan-İsrail münasibətləri və Netanyahunun Bakıya gəlişi əleyhinə açıqlamalar verən gün Tehranda Amerikanın təyyarə istehsal edən ən böyük aerokosmik şirkəti “Boeing”in amerikalı rəhbərliyi ilə böyük müqavilə imzalandı. Bu müqaviləyə görə, İran Amerika şirkətindən 80 ədəd təyyarə alacaq və bunun müqabilində 17 milyard dollara yaxın pul ödəyəcək.
Bu ikili standartların ən bariz nümunəsidir. İran rəsmiləri və din xadimləri Amerikanı bu gün də “böyük şeytan” və İsrailin əsas dəstəkçisi adlandırırlar. Buna baxmayaraq, “böyük şeytan” adlandırdıqları ölkənin ən böyük şirkətinə 17 milyard dollar pul ödəyəcəklərinə dair müqavilə imzalayırlar.
Tehranın sərt reaksiyaları uğursuz oldu. Benyamin Netanyahunun 20 ildən sonra Azərbaycana ikinci səfəri də uğurlu keçdi. Netanyahunun özü də səfər etdiyi Azərbaycanla Qazaxıstanı müsəlman dünyasının iki böyük və vacib ölkəsi adlandırdı. Səfər zamanı iki ölkə arasındakı əməkdaşlığa dair bir neçə sənəd imzalandı.
B.Netanyahunun Azərbaycana səfəri iki mühüm amillə yadda qaldı. Birincisi, Azərbaycan prezidenti İlham Əliyev dedi ki, Azərbaycan bu günə qədər İsraildən 4 milyard 850 milyon dollar civarında hərbi texnika alıb. İmzalanmış müqavilələrin ümumi dəyəri isə 5 milyard dollardır. İlham Əliyev ilk dəfə idi iki dövlət arasındakı hərbi əməkdaşlığın miqyasını göstərən rəqəmi açıqladı. Əslində bu açıqlama həm Ermənistana, həm də Rusiyaya mesaj idi. İlham Əliyev bu açıqlama ilə göstərdi ki, Rusiyanın Ermənistana yerləşdirdiyi “İsgəndər” raketləri əleyhinə Azərbaycanın da İsraildən eyni tipli və qoruyucu raketlər almaq imkanı var.
İkincisi, Benyamin Netanyahu dedi ki, İsrail öz qazını Azərbaycanla Türkiyə arasında inşa edilən boru xətləri ilə Avropaya nəql etmək istəyir. İsrailin bu istəyi haqqında əvvəllər müxtəlif versiyalar səslənirdi. Ancaq ilk dəfə idi ki, İsrail baş nazir səviyyəsində öz qazını Azərbaycanın inşa etdiyi boru xətti ilə Avropaya nəql etməkdə maraqlı olduğunu açıqladı. Bu açıqlama iki ölkə arasındakı enerji əməkdaşlığını daha üst səviyyəyə qaldıracaq.
“İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri İranın siyasi və dini dairələrində açıq-aşkar narahatlıq yaratdı. İrandan başqa Rusiya da İsrail baş nazirinin Azərbaycana səfərini diqqətlə izlədi. Doğrudur, İrandan fərqli olaraq Rusiyanın İsraillə tərəfdaşlıq münasibətləri var və Netanyahu Bakıya gəldiyi kimi Moskvaya da səfərlər edib rusiyalı həmkarı ilə geniş dialoq aparır. Buna baxmayaraq, Netanyahunun Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə etdiyi iki mövzu Kremli narahat etməyə bilməzdi”.
Bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin hazırladığı analitik materialda öz əksini tapıb.
Bildirilir ki, birinci mövzu İsraillə Azərbaycan arasında artan hərbi əməkdaşlıqdır.
Rusiya Ermənistanda “İsgəndər” raketlərini yerləşdirdikdən sonra rəsmi Bakı tərəfdaş ölkələr olan Pakistan və İsraillə hərbi əməkdaşlığı genişləndirmək üçün danışıqları intensivləşdirib. Azərbaycanın “İsgəndər” raketlərini neytrallaşdırmağa imkan verən qoruyucu müdafiə sistemlərinə ehtiyacı yaranıb və rəsmi Bakı bu tip silahları ya Pakistandan, ya da İsraildən ala bilər. Hər iki dövlət Azərbaycana yeni növ hərbi texnika satmaqda maraqlıdır.
Hadisələrin bu istiqamətdə inkişafı isə Moskvanı narahat etməyə bilməz.
Birincisi, Rusiya Azərbaycanın silah bazarını özü üçün itirə bilər. Məsələ burasındadır ki, Azərbaycan təxminən 5 milyard dollarlıq silah və hərbi texnikanı da Rusiyadan alıb. Ancaq “İsgəndər” raketlərinin Ermənistanda yerləşdirilməsi rəsmi Bakını Rusiyadan narazı salıb və mümkündür ki, Azərbaycan Rusiyadan ala biləcəyi hərbi texnikanı başqa ölkələrdən alsın.
İkincisi, Rusiya Azərbaycan bazarını itirmək istəmir. Ona görə də Azərbaycanın İsraildən ala biləcəyi yeni modern hərbi texnika Kremli narahat etməyə bilməz. Məsələn, Azərbaycan İsraildən “İsgəndər” raketlərini üstələyən müdafiə kompleksi alsa, bu, Rusiyanın hərbi-sənaye kompleksinin nüfuzuna xələl gətirəcək. Çünki, “İsgəndər” raketlərinin İsrailin üstün müdafiə kompleksindən geri qaldığı və Azərbaycana təhlükə yaratmayacağı aşkarlanacaq. Halbuki, Rusiya “İsgəndər” raketlərini Ermənistana məhz ona görə verdi ki, bölgədə hərbi balansın Azərbaycanın xeyrinə pozulmasının qarşısını alsın. İndi isə bəlli olacaq ki, əslində Moskva bu addımı ilə əks-nəticə ilə üzləşəcək. Ermənistana “İsgəndər” raketlərinin verilməsinin Moskvanın strateji səhvi olduğu aşkarlanacaq.
Təsadüfi deyil ki, Benyamin Netanyahudan dərhal sonra Kreml öz emissarını Bakıya göndərir. Rusiya baş nazirinin müavini Dmitri Roqozin Bakıya gəlir. Dmitri Roqozin Rusiya hökumətində hərbi-sənaye kompleksinə məsuldur. Roqozin bu vəzifədə olduğu dövrdə ölkəsinə çox xeyir verib, məhz onun səyləri sayəsində Rusiya müxtəlif ölkələrə on milyardlarla dolar dəyərində hərbi texnika satıb. Azərbaycanın Rusiyadan milyardlarla dollar dəyərində silah almasında da Roqozinin xidməti var. Roqozin az qala il boyu bir neçə dəfə Bakıya gəlir və iki ölkə arasındakı hərbi əməkdaşlığın inkişafını müzakirə edir. Ancaq Roqozinin Bakıya budəfəki səfəri fərqlidir. Onun Bakıda əsasən, iki sual ətrafında müzakirələr aparacağı şəksizdir.
Birinci sual: Rusiya Ermənistanda yerləşdirdiyi “İsgəndər” raketlərini Azərbaycana satmağa hazırdırmı?
İkinci sual: Rəsmi Bakı İsraildən hansı silahlar almaq istəyir ki, onu Rusiya Azərbaycana sata bilər? Əgər birinci suala Roqozin cavab verməlidirsə, ikinci sual rəsmi Bakıya ünvanlanacaq.
Dmitri Roqozin ölkəsinin Azərbaycana daha çox silah satmasını istəyir və bu zaman onu rəsmi İrəvanın mövqeyi maraqlandırmır. Rəsmi İrəvan Rusiya-Azərbaycan hərbi əməkdaşlığından narahat olanda Roqozinin buna “Tvitter” səhifəsindən cavabı qısa olmuşdu: “Demaqogiya ilə məşğul olmayın!” Ancaq “İsgəndər” raketlərinin Azərbaycana satılması yalnız Roqozindən asılı olan məsələ deyil. Bununla bağlı Rusiya hakimiyyətinin kollektiv qərarına ehtiyac var. Rusiyanın iki variantı var. Birinci variantda Rusiya Azərbaycana “İsgəndər” raketlərini satmır və rəsmi Bakı bu tip raketləri başqa ölkələrdən alır və gəlir də həmin ölkərə çatır. İkinci variantda Rusiya “İsgəndər” raketlərini Azərbaycana satır və Azərbaycanın hərbi bazarında mövqelərini yenidən möhkəmləndirir. Məntiqlə Moskva ikinci varianta üstünlük verməlidir. Ancaq bu halda Rusiya hərbi-strateji müttəfiqi Ermənistanı narazı salmalıdır. Rusiya buna hazırdırmı? Bu sualın cavabı yaxın günlərdə bəlli olacaq. Çünki, rəsmi Bakı Rusiyanın Azərbaycana “İsgəndər” raketlərini satıb-satmaması ilə bağlı cavabını çox gözləməyəcək.
Kremli Netanyahunun Bakıda müzakirə etdiyi ikinci mövzu da narahat etməmiş deyil. “Atlas” analitiklərinin fikrincə, İsrail öz qazını Azərbaycanla Türkiyə arasında tikilən boru xətləri üzərindən Avropaya daşımaq istəyir. Əgər bu reallaşarsa TAP və TANAP boru xətləri Rusiyanın inşasına başlamağa hazırlaşdığı “Türk axını”na ciddi alternativ olacaq. Onsuz da Qərb ölkələri Rusiyanın qaz asılılığını azaltmaq üçün Azərbaycan qazına üstünlük verirlər. Ancaq Azərbaycanın qaz rezervləri azdır, Rusiya qazına real alternativ deyil. Buna baxmayaraq, əgər İsrail zəngin qaz yataqlarını da TAP və TANAP-a istiqamətləndirərsə, Azərbaycanla Türkiyənin birgə inşa etdikləri boru xətləri kifayət qədər qazla doldurulacaq.
Kreml Xəzərin dibi ilə boru xəttinin inşasına və Türkmənistan qazının bu boru xətti ilə Azərbaycan və Türkiyə üzərindən Avropaya nəqlinə mane oldu. Ancaq İsrail qazının Azərbaycan və Türkiyə üzərindən Avropa bazarına çatdırılmasına mane olmaq Rusiyanın imkanı xaricindədir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?