Dövlət büdcəsindən qəzetlərə ayrılan maddi köməklik kimlərə verildi? Səhv düşəndə yerimiz… Qəribədir, son zamanlar başımıza gələn fəlakətlərin mənbəyi, bəlkə də əsas səbəbi məhz elə bir çoxlarının yerinin səhv düşməsidir. Maşinist köməkçisi nazirə, fəhləsi səlahiyyət sahibinə , içki içərək qapılarda yatanı millət vəkilinə çevriləndə, yeri səhv düşmüşlərin əhatəsində bizlər kim oluruq, heç özümüz də bilmirik. Susuruq… Çünki danışsaq susdurulacayıq. Susuduqca da gündən- günə ölkənin məhz yeri səhv düşmüşlərin sayəsində bataqlığa sürükləndiyini görürük. Bəlkə də bütün bunları gördüyü üçün Qabil qələminə sarılaraq içindəki səssiz üsyanla: “ Səhv düşəndə yerimiz”- deyə yeri səhv düşənlərin yerini göstərmək istəmişdi. Əslində kök də bir çox məqamlardan xəbər verir. Köksüz ağac….. Əlqərəz, o da qaldı köksüz insanlara. Məqam çatanda belələri amansızcasına hamını tapdayıb öz istəyinə nail olmaq üçün hər bir qanunsuzluğa, hətta ölkə rəhbərinə xəyanətə belə gedirlər. Atalar sözlərinə çevrilən: “ Vay o günə ki, çörəkçi çəkmə tikə, çəkməçi çörək yapa”- ifadəsi sanki məmləkətimizin bəzi məmurlarının, vəzifə sahiblərinin boyuna-posuna biçilib. Əslində mənim bu mövzuya müraciət etməyim heç də təsadüfi deyil. O gün saytlarda 2017-ci ildə dövlət tərəfindən maliyyələşəcək qəzetlərin siyahısına nəzər saldım. Hətta sarı mətbuatın belə yer aldığı siyahıda nədənsə mən bir çox tanınmış qəzetlərin adlarına rast gələ bilmədim. Siyahıya yuxarıdan üzü açağıya, sonra aşağıdan üzü yuxarı bir də nəzər yetirdim. Fikirləşdim ki, düşündüyüm qəzet adları bəlkə nəzərimdən qaçıb. Sonra gördüm ki, problem mənim gözlərimdə yox, kimlərinsə təfəkküründə , dünyagörüşündə və savadındadır. . Orada Türkiyədə priton sahibi olanın da qəzetinə maddi yardım ayrılmışdı, ölkənin qızılını mənimsəyənin də qəzetinə. Qabil insanların cəmiyyətdəki yerinin dəyişdirilməsini təbiətdəki zaman və məkan dəyişikliklərindən doğan fəlakətlərlə uzlaşdırır : “ Müsibət oluruq biz, səhv düşəndə yerimiz”. Həmin şeirdə sanki bizim cəmiyyətdə milyonlarla insanların taleyini həll edən böyük səlahiyyət sahiblərinə “ kadr siyasəti”nin səhv olduğunu bildirir. Bildiyimiz kimi, bir çox qəzet və jurnallar müəyyən təşkilat və ya orqanlar tərəfindən maliyyələşirlər. Bu səbəbdən də həmin qəzetlər həftədə, ayda bir, ya da iki-üç aydan bir işıq üzü görür. Bəziləri isə imkansızlıqdan tamam dayandırılıb. Görəsən nədən dövlət tərəfindən maliyyələşən qəzet və jurnallar arasında onların adlarına rast gəlinmir? Nədən vaxtilə öz möhrünü vuraraq böyük məktəb yaratmış həmin qəzet və jurnallar o siyahını öz zövqünə uyğun tərtib edərək ölkə prezidentinə təqdim edənlərin nəzərindən yayınıb? Yəqin ki, orta və yaşlı nəslin nümayəndələri adlarını sadalayacağım qəzet və jurnalların adlarını yaxşı xatırlayırlar: “Bakı” və “Baku” axşam qəzetləri, “Vışka”, “Bakinskiy raboçiy”, “Xalq”, “İki sahil”. “Ayna”, “Zerkalo”, “Respublika” və s. Bu siyahını bir qədər də artıra bilərik. Adlarını sadaladıqlarımız bu qəzetlərin çoxu Azərbaycan mətbuatında böyük məktəb yaratmışlar. Nəsir İmanquliyevin yaratdığı məktəbi niyə unutdular? Bir vaxtlar böyük oxucu auditoriyasına malik olan “Bakı” və “Baku” axşam qəzetləri Azərbaycan mətbuatında öz silinməz möhürlərini vurmuş qəzetlərdir. Tanınmış jurnalist Nəsir İmanquliyevin gərgin əməyi ilə fəaliyyət göstərib, böyük bir nüfuza malik olan bu qəzetlərin şinelindən yüzlərlə tanınmış jurnalistlər çıxmış, bu məktəbin ənənələrini davam etdirmişlər. Çoxları adları çəkilən bu qəzetləri Nəsir İmanquliyevin yaratdığı məktəb də adlandırırdılar. Bu qəzetlər tanınmış yazarların bir vizit kartı idi. Böyük tirajla nəşr olunan bu qəzetləri almaq üçün qəzet köşklərində daima növbə olurdu. Bəs nədən Nəsir İmanquliyevin yaratdığı, öz doğma balası kimi sevdiyi bu qəzetdən səs-səda gəlmir? Hətta bu qəzetin yaşlı işçiləri belə bekarçılıqdan şikayətlənirlər? Bildiyimiz kimi “Bakı”, “Baku” axşam qəzetləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən maliyyələşir. Qəzetin necə “yüksək” səviyyədə maliyyələşməsi göz qarşısındadır. Qəzetin nəşr ardıcıllığına nəzər saldıqda, şəhər merimizin necə kasıb olduğunu görüb söz deyə bilmirik, Elə məhz bu səbəbdəndir ki, vaxtilə gündəlik nəşr olunan bu qəzet, indi üç aydan bir işıq üzü görür. Yaxşı, şəhər merinin əli aşağıdır, qəzetə maliyyə köməyini çox aşağı səviyyədə edir. Bəs 2017-ci il üçün qəzetlərə maddi yardımın siyahısını tutan zaman, bu qəzetin də adını ora qeyd edə bilməzdilərmi? Bu qərəzdir, yoxsa unutqanlıq? “Qəzeti maliyyələşdirən var”- deməklə bu məsuliyyəti heç kim üzərindən ata bilməz. Adı siyahıda olan qəzetlərin böyük qismi sözsüz ki, haralardansa, kimlərdənsə maliyyələşir. Amma nədənsə onların nəşrinə maddi yardım ayrılır. Lakin Azərbaycan jurnalistikasında böyük məktəb yaradan bir qəzetə kimlərsə barmaqarası baxır. Unudulan “Xalq” və “ Respublika”… Bu başlığı oxuyanlar da dodaq büzəcək ki, adları çəkilən bu qəzetlər də maliyyələşir. Sarı mətbuata, maliyyələşən bəzi müxalifət qəzetlərinə yardım verənlər dövlət qəzetlərinə belə laqeyidliklə yanaşırlar. Bu yaxınlarda yolum “ Xalq” qəzetinin redaksiyasına düşmüşdü. Doğrusu, çox professional jurnalist ordusu olan bu qəzetin yazarlarının belə bir şəraitsiz şəraitində neçə işləmələrinə təəccüb etdim. Xalqın qəzetinin vəziyyəti elə xalqın günündə idi. Köhnə stol, stullar, təmirsiz və soyuq otaqlar, əlqərəz, Kərəmi burada ağlamaq tuturdu. 33 lazımlı və lazımsız qəzetə 1.223.000 pul ayıranlar, sonra da bunu ölkə prezidentinə imzaladanlar görəsən bu acı mənzərəyə baxanda az da olsa utanırlarmı? Gəlin dövlət tərəfindən maliyyələşəcək, yəni adları siyahıda olan qəzetlərin böyük qisminin baş redaktorlarının oturduqları konfortlu otaqlara, sürdükləri 100 minlik maşınlara, yaşadıqları bahalı villalara baxın, bir də “ Xalq”, “Respublika” və sonralar adlarını çəkəcəyim bir çox qəzet redaktorlarının otaqlarına və redaksiya əməkdaşlarının oturduqları şəraitsiz otaqlara. Rus dilli oxucular üçün nəzərdə tutulmuş “ Vışka”, “Bakinskiy raboçiy” qəzetləri də sanki siyahı tutanların gözündə kiçik nöqtə kimi görünüblər. Əslində isə vaxtilə böyük oxucu auditoriyası olan bu qəzetlərin nəşrinə daha çox qayğı ilə yanaşmaq lazımdır. “Ayna” və “Zerkalo” qəzetlərinin oxcularının hələ də gözü yoldadır Unudulmaz yazıçımız İsmayıl Şıxlının yadigarı, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı 2001-ci ilin yanvarından “Ayna” və “Zerkalo” qəzetlərinin nəşrinə başladı. Adları çəkilən qəzetlərin təsisçisi və baş redaktoru olan Eıçin Şıxlı yüksək jurnalistik qabiliyyətinə malik insanları öz ətrafına yığdı. Qısa müddət ərzində araşdırma yazıları ilə ətrafına öz ziyalı oxucu auditoriyasını topladı. Bu qəzetlərin bir özəlliyi də vardı. Belə ki, başqa qəzetlərdə nəşr olunan və təkrarlanan hadisələrə burada yer verilmirdi. Oxucu maraqlı və yeni yazılarla tanış olurdu. Qəzet heç kim tərəfindən maliyyələşdirilmir, heç kimə satılmır, heç bir məmurun əlində oyuncağa çevrilmirdi. Əfsuslar olsun ki, maddi imkansızlıq nəticəsində adları çəkilən qəzetlərin nəşri dayandı. Onda maraqlı bir sual ortaya çıxır; Sarı mətbuata, futbola dair iki bənzər qəzetə, eyni mövzuda yazan bir neçə lazımsız “müxalifət” qəzetlərinə 40 min manatlarla pul ayrıldığı halda, ziyalı auditoriyanın rəğbətini qazanan bu qəzetlərin nəşrinə nədən dövlət maddi köməklik göstərmir? Bu qərəzçilik deyil, bəs nədir? Uşaqlar da unuduldu, gənclər də… Dövlət tərəfindən pul ayrılan qəzetlərin siyahısına baxanda diqqətimi daha bir məqam da çəkdi. Bu məqam bizlərin ən ağrılı yeridir desəm zənnimcə yanılmaram. Belə ki, lazımlı-lazımsız qəzetlərə maliyyə yardımı paylayanlar deyəsən Azərbaycanda uşaq mətbuatının da olduğunu unudublar. “Uşaqlar gələcəyimizdir”- deyə pafoslu danışmağa nə var ki… Bizim dövrümüzdə “Göyərçin” jurnalı vardı. Əslində indi də var. Məktəbdə oxuyanda bu jurnalı həvəslə oxuyar, məktəbdəki tədbirlər haqqında uşaq təxəyyülümüzlə ora məktublar yazar, redaksiya həmin yazıları “Məktublar” rublikasında nəşr edərdi. O vaxtlar həmin jurnalın baş redaktoru Tofiq Mahmud idi. Həmin jurnalda tanınmış uşaq şairlərindən Əməkdar İncəsənət Xadimi Tofiq Mütəllibovun, Xalq şairi Nəriman Həsənzadənin, İlyas Tapdığın, Xanımana Əlibəylinin, Hikmət Ziyanın şeirləri nəşr olunar, onlarla məktəblilərin görüşü keçirilərdi. İllər keçdi. Bir vaxtlar dövlətin qayğısı ilə nəşr olunan bu uşaq jurnalı maddi çətinliyə görə tirajını azaltdı, sonra böyük fasilələrlə nəşr olundu, ən acınacaqlısı isə budur ki, jurnalın satılması üçün jurnal əməkdaşları əllərində jurnallar məktəblərə gələrək onun satışını həyata keçirməyə başladılar. Maraqlıdır, əcəba siyahı tutulanda, uşaqlar və onların mətbuatı nədən unuduldu? O siyahıya Azərbaycan jurnalistikasının “biliciləri” bu məşhur uşaq jurnalının da adını yaza bilməzdilərmi?! “Maşa ilə ayı”nın təsiri altında böyüyən, “Pepee”nin macəralarından gözünü çəkə bilməyən, istər rus, istərsə də türk nağıl qəhrəmanlarının sayəsində lüğət fondu həftəbecərə dönən övladlarımızın, nəvələrimizin sizcə “Göyərçin” kimi jurnala ehtiyacı yoxdurmu? Əlbəttə ki var. “Azərbaycan gəncləri” və “ Molodyojnı Azerbaydjan” qəzetlərini xatırlayırsınızmı? Bu gün əsərlərini, şeirlərini sevə-sevə oxuduğumuz bir çox yazarların ilk uğurlu yolu məhz bu qəzetlərdən keçib. Yadımdadır, bu qəzetlərin redaksiyası elə böyük idi ki, “Azərbaycan” Nəşriyyatının 8-ci mərtəbənin sağ tərəfi onlara verilmişdi. Təkcə “ Ədəbiyyat” şöbəsinin ona yaxın işçisi vardı. Gənc yazarların ilk şeir və hekayələri burada nəşr olunar,onlara ilk uğurlu yolu da tanınmış simalar yazardılar. Sonralar əldən-ələ keçən bu qəzetin nəşri birdəfəlik dayandı. Səriştəsizlərin əlində olan bu qəzetin hətta arxivi belə utanılmadan yandırıldı, məhv edildi. Özü kimi adı da unuduldu. Sizcə belə qəzetlərin nəşrinə maliyyə ayıraraq, yenidən nəşr etdirmək olmazmı? Əlbəttə ki, olar. Sadəcə… Bir vaxtlar Azərbaycan nəşriyyatına daxil olanda başda Nəsir İmanquliyev olmaqla ən tanınmış Azərbaycan yazarları ilə rastlaşırdıq. Onlardan şəxsi imzaları ilə kitablarını almaq, danışıqlarına qulaq asmaq başqa bir dünya idi. Bu gün mən maliyyə yardımı almış bəzi qəzetlərin adına rast gələndə düşündüm ki, mətbuatımızda vəziyyət bir az alayı cürdür. Şahlar piyadaya, piyadalar şaha dönüb. Çobanı da qəzetə başçılıq edir, oğrusu da, doğrusu da. Beləcə, yaxşılarını itirən Azərbaycan mətbuatı öz faciəsini yaşayır. Yenə də yadıma Qabilin “Səhv düşəndə yerimiz” şeiri düşür. Öz sənəti ilə məşğul olmaq əvəzinə bilmədikləri işə baş qoşan bəzi vəzifəlilər ümumiyyətlə cəmiyyətin inkişafı qanunlarına zidd gedir. Beləcə milli müsibətlərimiz başlayır. Bu müsibətin içindən isə Qabilin elə o dünyadan səssiz üsyanı eşidilir: “ Gərəksiz oluruq biz, qeyrətsiz oluruq biz, səhv düşəndə yerimiz” P,S . Məqaləmi yenicə bitirmişdim ki, internet saytlarının birində gedən yazı nəzərimi cəlb etdi. MTN ilə iş birliyində olan sayt və qəzet rəhbərlərinin adı arasında Mətbuat Şurasının əsas fiqurlarının birinin, həmçinin dövlət tərəfindən maliyyə yardımı alacaq qəzetlərin birinin baş redaktorunun adı da hallanır və onların hər ikisinin yaxın vaxtlarda dindiriləcəyi deyilirdi. Bunu mən demirəm, saytlar yazır. Zənnimcə bunun özü elə bir çox düyünləri açmaqda bizlərə yardımçı olur. Sizcə görünən kəndə bələdçi gərəkdirmi?!
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?