“Azərsun” Holdinq zay məhsulları “hədiyyə” adı altında müştərilərə sırıyır
Son bir ildə insanların əksər hissəsinin sosial vəziyyəti pisləşib, onlar güzəranlarından olduqca narazıdırlar. Çünki doğrudan da Azərbaycanda yaşam şərtləri ağırlaşıb, xərclər artıb, insanların gəlirləri azalıb, məsrəfləri qarşılamaq imkanları məhdudlaşıb. Ancaq cəmiyyət elə təbəqələr də var ki, onların sosial vəziyyətində dəyişiklik yoxdur, yenə də əvvəlki israfçılıqlarına davam edirlər, istirahətlərini təşkil etmək üçün yüksək məbləğdə pul xərcləyirlər. Bir tərəfdə kəskin yoxsullaşma gedir, digər tərəfdə isə biq qism insanlar dəbdəbə içərisində yaşatırlar. Bu artıq Azərbaycan cəmiyyətində qanunauyğunluğa çevrilib. Azərbaycanda iqtisadiyyatın böyüməsindən faydalanan zümrə indi iqtisadiyyatın kiçilməsi zamanı daha da rahat yaşayır. Onların yığımları da dollarladır və onu manata çevirməklə məhsul və xidmətlərə daha ucuz çıxış imkanı əldə edirlər. Daha böyük bir zümrə üçün isə sosial vəziyyət ağırlaşıb, güzəran pisləşib. Bu proses insanların elektrik enerjisindən, istilikdən və digər xidmətlərdən də məhrum olması ilə nəticələnəndə onlar daha da aqressivləşirlər. İnsanlar çətin də olsa ərzaq və kommunal tələbatlarını ödəyirlər. Lakin ailənin xərclərində ciddi dəyişikliklər baş verir ki, bu da narahatlıq doğurur. İnsanlar övladlarının təhsilinə, səhiyyə xidmətlərinə vəsait xərcləyirdilər, bu da onların gələcəyinə qoyulan sərmayə idi. İndi həmin vəsaiti gündəlik tələbatlarına xərcləyirlər. İnsanlar artıq 10-15 il öncəki yaşayış tərzinə qayıdırlar. O zaman da vəsait daha çox ərzağa xərclənirdi. Ancaq insanın sosial tələbatının ödənilməsi də zəruridir. İndiki dövrdə daha çox sosial inkişafı təmin edən sahələrə- təhsilə, elmə, səhiyyəyə vəsait qoymalıdır. Söhbət vətəndaşların övladlarına xərclədiyi vəsaitlərindən gedir. Onsuz da Azərbaycan hökuməti elmi tərəqqinin, səhiyyənin, təhsilin qayğısını çəkmir. Bunun ən ağır yükü vətəndaşların üzərinə düşüb.
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 12.1 faiz artıb. Ərzaq məhsullarının 14.1, qeyri-ərzaq məhsullarının 16.8, əhaliyə göstərilən ödənişli xidmətlərin də 5.6 faiz bahalaşdığı bildirilir. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2016-ci ilin noyabrında oktyabra nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 1.7 faiz artıb. Artım ərzaq məhsullarında 2.6, qeyri-ərzaq məhsullarında 1.9, əhaliyə göstərilən ödənişli xidmətlərdə də 0.3 faiz olub. Ay ərzində düyü, un, qarabaşaq yarması, paxlava, makaron məmulatları, mal, qoyun və toyuq ətinin bahalaşdığı bildirilir. Habelə, balıq məhsulları, kolbasa məmulatları, süd məhsulları, pendir və yumurtanın bahalaşdığı qeyd edilir. Bundan başqa, kərə, bitki yağları, şəkər, şəkər tozu, qəhvə, çay, kakao, spirtli içkilər, armud, nar, heyva, pomidor və xiyarın qiymətlərində artım müşahidə edilib.
Ötən ilin noyabr ayında oktyabr ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçalar, geyimlər, ayaqqabılar, inşaat materialları, dərmanlar, mebel və ev əşyaları bahalaşıb. Üstəlik, zərgərlik məmulatlarının, xalçaların, örtüklərin, şüşə məmulatların, yemək qablarının, əşyaların, məişət cihazlarının, dəftərxana ləvazimatlarının, kitabların və minik avtomobillərinin ehtiyat hissələrinin qiymətlərində artım olub.
Bundan başqa, mənzillərin icarə haqlarında, avtomobillərin təmiri xidmətlərində, dəmiryol, hava və dəniz nəqliyyatı ilə beynəlxalq sərnişindaşımada qiymətlər qalxıb. Dövlət Statistika Komitəsinin inflyasiyaya dair məlumatları mövcud gerçəkliyi tam əks etdirməsə də, tendensiyaları düzgün müəyyənləşdirməyə imkan verir. Tendensiyalar, qiymətlər üzərində statistik müşahidələr, alternativ hesablamalar göstərir ki, yaxın dövrdə daha çox bahalaşma ərzaq malları və xidmətlər səbətində baş verəcək. Eyni zamanda Tarif Şurasının son qərarını təhlil edən iqtisadçılar hesab edirlər ki, 2017-ci cari yekun inflyasiya 12 faizi aşacaq. Ekspertlərin fikrincə, yeni ildə alıcılıq qabiliyyətinin daha da azalması səbəbindən xüsusilə qeyri-ərzaq məhsullarının qiymətinin artım tempi aşağı düşəcək. Bu amil ilin birinci rübündə inflyasiyanın ümumi səviyyəsinin azalmasına xidmət edəcək. Ancaq iqtisadçıların fikirncə, bir qədər sonra inhisarçı şirkətlərin müraciətləri əsasında inzibati yolla tənzimlənən bir sıra tariflər qaldırılacaq. İnflyasiyanın bu ildə də ikirəqəmli olacağını indidən proqnozlaşdırmağa ciddi əsaslar var.
Bahalaşma hələ yeni il bayramına bir neçə gün qalmış özünü göstərdi. Belə ki, Bakı bazarlarında kənd təsərrüfatı məhsullarının qiyməti kəskin bahalaşdı. Məsələn, “Təzə bazar”da kənd təsərrüfat məhsullarının çeşidləri göz oxşasa da, b azara nəzər salanda alıcıdan çox satıcının olduğu aydın görünür. Bayram ərəfəsindən başlayaraq burada qiymətlər artıb. Bazar od tutub-yanır, girmək belə mümkün deyil. Hər gün qiymətlərdə artım müşahidə olunur. 100 manatla bazara girirsən, demək olar ki, heç nə ala bilmirsən. Məhsul bol olanda qiyməti ucuz olsa da, bizim bazarlarda əksinədir.
Satıcılar isə qiymət artımını məhsulun bol olması ilə deyil, onu rayonlardan baha almaları ilə izah edirlər. Onlar deyir ki, məhsulları rayonlardan alırlar. Elə məhsul var ki,hətta onu aldıqları qiymətə satırlar. Amma elə məhsul da var ki, üstünə bir manat qoyurlar. Satıcıları da qınamalı deyil, axı onların da icarə haqqı da var. Hələ bazarda satışda olan kənd təsərrüfatı məhsullarının 90%-i yerli məhsullardır. Hazırda azacıq fərqlə Bakıdakı bazarlarda kənd təsərrüfatı məhsullarının qiymətləri təqribən belədir: Soğan - 1 manat, kartof -1 manat 50 qəpik, yerkökü - 1 manat -1:50 qəpik, çuğundur - 70 qəpik, göyərti - bir dəstəsi 20 qəpik, balıq - 1 kq-ı 7-55 manat, mal əti- 10-12 manat, qoyun əti- 11-13 manat, toyuq- 4-8 manat, hind quşu - 1 kq-ı 12 manat, qaşqaldaq - 5 manat, ördək - 5-7 manat, yumurta - 30-40 qəpik, xiyar -7 manat, pomidor - 3-5 manat, badımcan - 4-5 manat, bibər - 1 ədədi 40-50 qəpik, şoraba 1 kq-ı 2 manat, alma- 1-7 manat, heyva- 4-9 manat, mandarin- 2-4 manat, nar - 3-15 manat, armud- 4-5 manat, qoz ləpəsi- 16-25 manat, findıq ləpəsi- 15-20 manat, badam- 25-28 manat, şabalıd- 10 manat, kişmiş - 8-10 manat, turşu - 10 manat, xurma 5-8 manat, zəfəran - 1 stəkanı 5 manat, düyü 1kq-ı 2 manat 80 qəpik, Lənkəran çayı 1 kq-ı 35 manat.
İçkilərin qiymətinə gəlincə, yerli istehsal olunan şampan məhsullarının satışı çoxalıb. Bakı əhalisi ancaq yerli şampan məhsularına üstünlük verir. Çeşidlər çoxdur. Qiymətlər də onların çeşidlərinə görə təyin edilib. Amma xarici ölkə istehsalı olan şampan məhsullarına üstünlük verənlər var. Müəyyən bir təbəqə var ki, onlar xarici ölkə istehsalı olan viskilərə üstünlük verir. Yəni, kimin ürəyi hansı içkini istəyir, onu da alırlar. İmkanlı alıcılar isə 5-10 min manat arasında viskilərə üstünlük verir. Şərab mağazalarında spirtli içkilərin qiymətləri belədir: Yerli şampan növləri 5-20 manat, Xarici ölkə istehsalı olan şampanların qiyməti 20-4 min manat, viskilər 20-10 min manat, yerli konyak məhsulları 15-150 manat, xarici ölkə istehsalı olan konyak məhsulları 15-20 min manat, yerli şərab məhsulları 2 manat 50 qəpik - 50 manat , xarici ölkə istehsalı olan şərab məhsulları 4-15 min manat, yerli araq məhsulları 2 manat-50 manat, xarici ölkə istehsalı olan araq məhsulları 10- 1500 manat, likör 10-100 manat, rom 20-200 manat, gin 20-300 manat arasında satılır.
Dövlət Statistika Komitəsinin pərakəndə qiymət statistikası ilə bağlı ötən ilin sonunda qiymətləri ən çox bahalaşan 10 qida məhsulunun siyahısını da təqdim edirik:
Sarımsaq – 94%
Quru noxud – 41%
Qarabaşaq yarması – 35%
Balıq konsrervləri – 30%
Şəkər tozu – 24%
Pasterizə olunmamış üzlü süd – 23%
Mal əti – 20%
Qoyun əti – 20%
Quru süd – 20%
Pendir - 20% Beləliklə, ötən ilin sonunda başlayan növbəti bahalaşma hazırda da davam edir. Qeyd edək ki, bahalaşan məhsullar gündəlik insan təlabatı üçün vacib ərzaqlardır.
“Azərsun holdinq” ərzaq məhsullarının qiymətini yenidən qaldırıb. Yanvarın 5- dən etibarən bu holdinqin məhsullarında 8 faiz bahalaşma qeydə alınıb. Belə ki, çay, qənd, yağ, şəkər tozu və digər günədlik tələbat mallarının qiyməti qalxıb.
Yanvar başlar-başlamaz xalqa növbəti zərbəni vuran holdinq bahalaşmanı idxal mallarının qiymətinin qalxmasına bağlayır. “Azərsun holdinq” bahalaşmaya getdiyini gizlədir və mətbuatda ört-basdır etməyə çalışır.
Amma faktiki olaraq ərzaq məhsullarında 8 faiz yenə də artım müşahidə olunur. Əhalinin gündəlik tələbatı olan məhsulların get-gedə qiymətinin qalxması vətəndaşların istehlak səbətinə ciddi şəkildə təsir edir.
Redaksiyamıza yazan vətəndaşlar bildirirlər ki, prezident İlham Əliyev süni qiymət artımının yolverilməz olduğunu vurğulayıb. Amma ölkənin aparıcı istehsalat müəssisəsi olan “Azərsun” yeni il girər-girməz bahalaşmaya gedib.
Son günlərdə satış mərkəzlərində və iri marketlərdə də ərzaq məhsullarının qiyməti bahalaşıb.
Satışla məşğul olan şəxslər bunu Azərbaycanda dolların manata nisbətən məzənnəsinin artması ilə izah edirlər. Müşahidələr isə göstərir ki, qiymət artımı təkcə xaricdən gətirilən mallarda deyil, yerli istehsal olan məhsullarda da baş verib.
Bu siyahıda “Azərsun Holdinq”in istehsal etdiyi məhsullar da var. Qiymətlərin artımı ilə yanaşı, mağazalara mal buraxılması da məhdudlaşdırılıb. Bəzi topdansatış mərkəzləri son günlər marketlərə mal vermirlər.
Topdansatıçılar mağazalara ancaq əvvəl satdıqları malların pulunu almaq üçün gəlirlər. Mağazalarda bunu qiymət artımının gözlənilməsi ilə izah edirlər.
Topdansatış şirkətlərində isə bildirirlər ki, belə hallar varsa, bu marketlərin indiyədək aldıqları malı satıb pulunu verməməsi ilə bağlıdır. “Azərsun Holdinq” yenə hamıdan qabağa düşdü.
Ölkənin əsas qida istehsalçısı olan şirkət gömrük rüsumları qalxar-qalxmaz məhsullarını bahalaşdırmağa başladı. Artıq böhranın üçüncü dalğası yaşanır və şirkət tələm-tələsik zərər etməsin deyə əhalinin cibinə girir.
Şirkət satış mərkəzlərinə öz məhsullarını yeni qiymətlə təqdim etməkdədir. Qiymət məhsuldan asıllı olaraq 5-20 qəpik artıb. Əsasən, un, kərə yağı, düyü, şəkər və süd məhsullarının qiymətində bahalaşma qeydə alınıb. Əhalinin keyfiyyətli məhsula və xidmətə üstünlük verməsi satış və xidmətlə məşğul olan şirkətlərin yeni yollara əl atmasına da səbəb olub.
Məsələn, alıcının keyfiyyətli məhsul və yüksək xidmət tələbinə tam cavab verə bilməyən bəzi supermarketlər cəlbedici və stimullaşdırıcı kampaniyalardan istifadə edirlər. Hansısa məhsulların qiymətində yüksək faizli yalançı endirimlər və hədiyyə əlavələri təqdim etməklə alıcı toplamağa çalışırlar. Lakin görünən budur ki, bunu da lazımınca icra edə bilmirlər.
Ötən həftə yeni il münasibətilə kampaniya keçirən “Rahat market”lər şəbəkəsi alıcılara 100 faizli hədiyyə qazancı olan stimullaşdırıcı lotereya təqdim edirdi. Hər 30 manatlıq alış-verişə 1 lotoreya ilk baxışdan cəlbedici olsa da, nəticə etibarilə müştərilərin hüquqlarının pozulması ilə müşahidə edilən bir kampaniya oldu. Belə ki, “Rahat market”lərə müraciət edən kifayət qədər müştərinin əksəriyyəti bayram bazarlığı etdiyindən çoxunun alış-veriş məbləği uduşlu kupona düşürdü. Lakin 4-5 kassadan keçən müştərinin hədiyyəsini almaq üçün yenidən 1 məntəqədə daha uzun bir növbəyə dayanması heç əziyyətə dəymirdi. Çünki kuponlardakı uduşlar yalnız çay, qənd, şəkər, xama, makaron və s. bu cür kiçik məbləğli (1,2-1,7 manatlıq) ərzaq məhsullarından ibarət idi. Lakin alıcıların “buna da şükür” deyib uzun növbələrdə dayanmasını normal qəbul etmək olardı. Sadəcə problem tək növbə deyildi. Sən demə “Rahat market”də hədiyyə kimi alıcılara təqdim edilən məhsulların xeyli hissəsi satılmayan və hər hansı formada keyfiyyətində problem olan məhsullar olub.
Konkret fakt da var. Belə ki, modern.az-ın əməkdaşı “Rahat market”lər şəbəkəsinin Nərimanov rayonundakı “Metropark” filialında alış-veriş edərək 4 uduş kuponu əldə edib. Əksər müştərilərdə olduğu kimi, ona da makaron uduşu düşüb. Təqdim edilən makaron məhsulu tanınmış markadan olmadığı üçün çox müştəri hədiyyəyə narazılıq etdiyindən mağaza əməkdaşları “humanistlik” edib onları digər məhsullarla dəyişirmişlər. Nəticədə həmkarımız da digər məhsul kimi “Azərsun Holdinq”in istehsalı olan “Richmond” şəkərini götürüb. Lakin evdə şəkərdən istifadə edərkən məlum olub ki, məhsul başqa bir tərkibə malikdir və şirin əvəzinə acılıq dadır. Hətta şirin çay içən azyaşlının zəhərlənməsi narahatlığı yaşanıb.
Bu barədə mağaza rəhbərliyinə bildirdikdə isə üzr istəsələr də, məhsulun keyfiyyətinə cavabdehlik daşımadıqlarını, sadəcə bu barədə “Azərsun” şirkətinə məlumat verə biləcəklərini bildiriblər.
Lakin sonradan problemlə bağlı nə market rəhbərliyi, nə də şirkət nümayəndələrindən heç bir xəbər cıxmayıb. Bu isə müştəriyə göstərilən laqeyd münasibətin göstəricisidir.
Yəni hər hansı şirkətin nüfuzu, peşakarlığı, müştəri məmnuniyyəti onun adı ilə deyil, məhz fəaliyyəti ilə bağlı olduğunu nə “Rahat market”lər şəbəkəsi, nə də “Azərsun Holdinq”in məsul şəxsləri dərk edə bilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?