Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Proses Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilir. Təhlükəsizlik tədbirləri ilə bağlı cinayət işinə hərbi məhkəmənin binasında yox, Sabunçu rayon Məhkəməsinin inzibati binasında baxılır.
Təqsirləndirilən şəxs qismində ifadə verən Orxan Osmanov ona elan olunmuş Cinayət Məcəlləsinin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2, 341.2.3-cü maddələri ilə özünü təqsirli bilməyib.
Orxan Osmanov bildirib ki, 2003-cü ildən etibarən milli təhlükəsizlik orqanlarında xidmət edir, 2003-cü ilin iyun ayından təxminən 2010-cu ilin sonlarına qədər Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat sahələrində təhlükəsizlik Baş idarəsinin 3-cü idarənin 1-ci şöbəsində əməliyyat müvəkkili və baş əməliyyat müvəkkili, 2011-ci ildən 24 oktyabr 2015-ci il tarixədək həmin idarənin 1-ci şöbəsinin rəis müavini vəzifəsində işləyib: “24 oktyabr 2015-ci il tarixdə isə vəzifədən azad edilərək sərəncama götürülmüşəm. 2013-cü ildə 6-cı baş idarənin 3-cü idarəsinin rəisi Rəsul Rəsulov və
onun müavini Akif Əliyevin tapşırığı əsasında Bakı şəhərində Nizami kinoteatrının yaxınlığında qiymətli zinət və ya antik əşyanın dövriyyəsi ilə məşğul olmaqda şübhələnilən şəxslərin müəyyən olunaraq MTN-ə gətirilməsi ilə bağlı əməliyyat tədbiri keçirmişəm. Həmin tədbirlə bağlı 1-ci şöbənin mühüm işlər üzrə baş əməliyyat müvəkkili Elçin Mustafayevin icraatında material olub”.
“Üç nəfər şəxsi MTN-ə dəvət etdik”
Təqsirləndirilən şəxsin sözləriə görə, günorta saatlarında rəhbərliyi altında 1-ci şöbənin əməkdaşları – Xəzər Ağayev, Anar Qəniyev, Fuad Əliyev, Pərvin Məlikov, 2-ci şöbənin mühüm işlər üzrə əməliyyat müvəkkili Tofiq Əliyev və digər əməkdaşlardan ibarət qrup təşkil edilməklə avtomaşınlarla tədbirin keçirildiyi Nizami kinoteatrının yaxınlığına gəlib: “Orada obyekti müəyyənləşdirdikdən sonra həmin şəxslərə yaxınlaşıb və özümüzü təqdim edərək həmin üç nəfər şəxsi MTN-ə dəvət etdik. Həmin şəxslərdən birinin adı Elçin, digərinin adı isə Tofiq olub. Bundan sonra həmin şəxsləri MTN-ə gətirdik və komendaturanın ikinci mərtəbəsinə qaldırdıq. Komendaturada yalnız Tofiq adlı şəxslə söhbət etdim və Tofiqdən onların nə üçün bir yerdə yığışdıqlarını, onlarda hansı qiymətli əşyanın olduğunu soruşdum. Tofiq aqresiyalı şəkildə cavab verərək heç nədən məlumatının olmadığını söylədi”.
“Göstəriş mənə verilməyib”
Orxan Osmanov qeyd edib ki, MTN-ə gətirilən digər vətəndaşlarla isə başqaları söhbət aparıb: “Həmin şəxslərlə kim tərəfindən və hansı mövzuda söhbət aparılmasını bilməmişəm. Eləcə də 3-cü idarənin rəis müavini Akif Əliyev də həmin vətəndaşlarla aparılan söhbətlərdə iştirak edib. Mən isə yalnız Tofiqlə apardığım söhbəti Akif Əliyevə, həmçinin daxili dörd rəqəmli telefon vasitəsilə 3-cü idarənin rəisi Rəsul Rəsulova məruzə etmişəm. Bir neçə saatdan sonra idarənin rəhbərliyindən
verilmiş göstərişə əsasən həmin 3 nəfər şəxs evlərinə buraxılıb. Həmin şəxslərin buraxılması barədə göstəriş mənə verilməyib. Yəqin ki, həmin göstərişi 3-cü idarənin rəisi Rəsul Rəsulov və onun müavini Akif Əliyev verib”.
Orxan Osmanov həmçinin Elçin Hacıyev və digər şəxslərin MTN-ə gətirilməsi və onlarla MTN-də söhbət aparılması prosesində Azər, Rəşad və İsmayıl adlı şəxslərin iştirak edib-etmədiyini bilməyib, 6-cı Baş idarəsinin 3-cü idarəsinin 1-ci şöbəsi neft-qaz infrastrukturunun təhlükəsizliyinin təmin olunması istiqamətində fəaliyyət göstərdiyi halda həmin şöbə tərəfindən qiymətli zinət əşyasının dövriyyəsi ilə əlaqədar olan tədbirin həmin şöbə tərəfindən keçirilməsinin səbəbini bilmədiyini göstərib.
“Şövüq Əhmədovun döyülməsini görməmişəm”
Tağı Əhmədov və onun qohumlarına qarşı qanunsuzluqlar epizodu üzrə danışan Orxan Osmanov bildirib ki, Bakı metropolitenin sabiq rəisi Tağı Əhmədovun qardaşı oğlu Şövqü Əhmədovu tanıyır, Elşən Tağıyevi tanımır: “Şövqü Əhmədovu bir dəfə MTN-nin komendaturasında görmüşəm. MTN-nin 6-cı Baş idarənin 2-ci idarənin rəisi polkovnik Rəsul Rəsulovun tapşırığı ilə həmin şəxslə keçirilən araşdırmada əməkdaşlara kömək məqsədi ilə iştirak etmişəm. Onlar barəsində MTN-də hər hansı araşdırma materialının olub-olmamasını bilmirəm. Həmin apraşdırmada idarə rəisi Akif Əliyevi, Tural Rzayevi və yadımda qalmayan digər əməkdaşları görüb. Araşdırmanın mahiyyəti yadında qalmayıb. Həmin şəxslərin MTN-nə dəvət edilmə səbəblərini bilməmişəm”.
Orxan Osmanov həmiçinin göstərib ki, Tağı Əhmədovun qardaşı oğlu Şövqü Əhmədovun və qohumu Elşən Tağıyevin MTN-nin komendaturasında döyülməsini görməyib, özü də həmin şəxsləri döyməyib.
“Nurçu ilə hər hansı əlaqəsinin olmadığını dedi”
“Süleyman Transport” MMC-nin sahibi Fikrət İbrahimovun külli miqdarda pulunun ələ keçirilməsi epizodu üzrə ifadə verən Orxan Osmanov qeyd edib ki, 2014-cü ilin yayında Fikrət İbrahimovu ya Rəsul Rəsulovun, ya da Akif Əliyevin göstərişi ilə nurçularla əlaqədar nazirliyə çağırıb və komendaturada onunla söhbət aparıb: “Söhbət zamanı Fikrət İbrahimovun təsisçisi olduğu “Süleyman Transport” MMC-nin Türkiyə Respublikası ilə, o cümlədən nurçularla əlaqələrinin olub-olmamasını soruşaraq müəssisənin təsis sənədlərini gətirməsini tapşırdım. Fikrət İbrahimov heç bir nurçu ilə hər hansı əlaqəsinin olmadığını dedi. Mən də bu barədə rəhbərliyə məruzə etdim”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, bundan sonra Akif Əliyev də komendaturaya gələrək Fikrət İbrahimova “Süleyman Transport” MMC-nin fəaliyyəti ilə əlaqədar suallar verib: “Fikrət İbrahimov yenə də heç bir nurçu ilə əlaqəsinin olmadığını dediyinə görə, onu nazirlikdən buraxdıq. Bir neçə gündən sonra MTN-nin maddi-texniki təminat idarəsinin Azər adlı əməkdaşı Fikrət İbrahimovun ona yaxın adam olduğunu və bu məsələ ilə bağlı onunla söhbət etmək istədiyini dedi. Mən də bu barədə rəhbərliyə məruzə etdikdən sonra Azərlə Fikrət İbrahimov və sonuncunun Bəhrəm adlı dostunun iştirakı ilə nazirliyin poliklinikasının qarşısında görüşdük. Görüş zamanı Azər yenə də Fikrətin onun yaxın adamı olmasını nəzərə almasını məndən xahiş etdi və görüş barədə rəhbərliyə məruzə etdim. Təxminən 1 aydan sonra Fikrət İbrahimov mənə zəng edərək görüşmək istədiyini söylədi. Bakı şəhərində Hüseyn Cavid parkında Fikrətlə görüşdüm. O, mühüm bir siyasi məsələ ilə əlaqədar onda məlumat olduğunu və məlumatı tam realizə etdikdən sonra mənə əlavə məlumat verəcəyini söylədi. Lakin sonradan Fikrət mənə heç bir məlumat vermədi”.
Orxan Osmanov həmçinin Fikrət İbrahimovdan heç vaxt pul almadığını və istəmədiyini, sonuncu ilə əlaqədar nazirlikdə heç bir araşdırma materialının və ya məlumatın olmamasına baxmayaraq onunla Akif Əliyevin göstərişi əsasında nazirlikdə söhbət etdiyini və özünü də Mübariz kimi təqdim etmədiyini göstərib.
“Pul götürməmişəm”
Orxan Osmanov digər epizodlar üzrə bildirib ki, işlədiyi dövrdə maddi-məsul şəxs olmayıb, əməliyyat-axtarış fəaliyyətinin təminatı üçün MTN Maliyyə idarəsinin kassasından pul götürməyib, maliyyə məsələləri səlahiyyətinə aid olmayıb. O, əməliyyat-axtarış fəaliyyətinin təminatı üçün Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsi tərəfindən əməliyyat zəruriliyi və məqsədəuyğunluğu olmayan tədbirlərə, faktiki mövcud olmayan müvəqqəti cəlb olunmuş vətəndaşlara, etibarlı şəxslərə mükafat kimi verilməsi adı ilə 920.00 manat, 455.000 ABŞ dolları və 790.000 avro məbləğində pul vəsaitləri təyinatı üzrə xərclənməyərək ələ keçirildiyindən məlumatı olmadığnı göstərib.
Orxan Osmanov qeyd edib ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Aqil Cəfərov, İlqar Budaqov, Elşad Abdullayev, Vüqar Əliyev, Emil İbrahimov, Ramin Babayev, Zakir Bədəlov, Qurban Əzizov, Şövqü Əhmədov, Elşən Tağıyev, həmçinin Tağı Əhmədov, ad-soyadlı şəxslərdən yalnız Şövqü Əhmədovu tanıyıb: “Şövqü Əhmədovun telefonunun dinlənilməsindən məlumatım olmayıb. Ad və soyadlarını qeyd etdiyim digər şəxsləri tanımıram, həmçinin onların da telefon danışıqlarının dinlənilməsindən məlumatım olmayıb”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?