Binəqədidə yollar və küçələr nədən bərbad vəziyyətdədir?
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İskəndərovun qanunsuz əməlləri ilə bağlı mətbuatda tez-tez müxtəlif yazılar dərc olunur. Hər il dövlət büdcəsindən bu rayona milyon manatlarla vəsait ayrılmasına baxmayaraq, Binəqədidə yollar bərbad vəziyyətdədir. Yəqin ki, bunu sübut etməyə ehtiyac yoxdur. Çünki Binəqədiyə yolu düşən istənilən şəxs bunu təsdiqləyə bilər. Özü də buna əmin olmaq üçün Biləcəriyə, Xocasənə və ya Binəqədi qəsəbəsinə getməyə ehtiyac yoxdur. Yalnız elə Binəqədi rayonu icra başçısının əyləşdiyi binanın ətrafındakı küçələrə baş çəkmək kifayətdir. Gəlin, konkret faktlarla danışaq. Hacıbababəyov küçəsi(Rəsulzadə qəsəbəsi) Binəqədi rayon icra hakimiyyətinin bir addımlığında yerləşir. Belə ki, icra hakimiyyətinin yerləşdiyi Heydər Əliyev parkanın aşağı hissəsi Hacıbababəyov küçəsinə paraleldir. Parkın qurtardığı yerdən bu küçə başlayır. Onu da qeyd edək ki, Binəqədi rayon Prokurorluğu, eləcə də Binəqədi rayon Məhkəməsi bu küçədə yerləşir.
Amma gəlin görək, bu küçədə vəziyyət necədir? Öncə ondan başlayaq ki, Hacıbababəyov küçəsində demək olar ki, asfalt örtüyü yoxdur. Xüsusən də küçənin burada yerləşən beşmərtəbəli binalardan sonrakı hissəsində. Bir neçə il əvvəl oranı qazıb yerin altı ilə su xətti, işıq xətti çəkdilər. Lakin bundan sonra küçənin əksər hissəsində asfalt örtüyü bu günə qədər bərpa edilməyib. Ona görə də qarlı-yağışlı günlərdə palçıqlı küçələrdə gediş-gəliş çox çətin olur. Xüsusən də azyaşlı məktəblilər bu problemdən daha çox əziyyət çəkirlər. Buradakı binalarda kosmetik dəyişikliklər edib fasadları rəngləsələr də bu, yalnız gözdən pərdə asmaq üçündür. Belə ki, yerli sakinlər binaların zirzəmilərinin çirkab sularla dolduğunu bildirirlər. Yay və payız aylarında bu binalarda yaşayanlar nə qədər komik səslənsə də, Xaləddin İskəndərovun sayeyi-mərhəmətindən ağcaqanad və milçəklərin hücumuna məruz qalırlar. Bu hələ harasıdır? Binaların zirzəmiləri illərdir ki təmizlənmədiyindən zirzəmilər siçovullarla doludur. Hətta yerli sakinlər bu siçovulların kanalizasiya xətti ilə evlərə daxil olduğundan da şikayət edirlər.
Amma bütün bunlar problemlərin yalnız cüzi bir hissəsidir. İş burasındadır ki, Hacıbababəyov küçəsində üfunət iyindən də tərpənmək olmur. Azadlıq prospektindəki işıqfordan bu küçəyə doğru hərəkət edəndə payız-qış boyu burada gölməçələrin olduğu müşahidə olunur. Sizə elə gəlməsin ki, bu havaların yağışlı keçməsi ilə bağlıdır. Xeyr! Məsələ burasındadır ki, burada tez-tez ya su xəttində problem yaranır, ya da kanalizasiya tutulub daşdıdığından küçədə üfunət iyindən dayanmaq olmur. Binəqədi bələdiyyəsinin fəaliyyətindən isə danışmağa dəyməz. Qəsəbə əhalisi belə bir qurumun mövcudluğundan demək olar ki, xəbərsizdir. Çünki qəsəbə bələdiyyəsi burada heç bir iş görmür! Burada küçələr günün bütün vaxtlarında zibillə dolu olur. Zibillik isə birbaşa Binəqədi məhkəməsinin qarşısındadır. Məhkəmə rəhbərliyi də bu məsələdən narazı olsa da, illərdir bu barədə tədbir görülmür. Küçənin həyət evləri yerləşən hissəsində isə əhali zibillik uzaq olduğundan gecə ikən zibili küçələ atır ki, bu da ətrafa üfunət iyinin yayılmasına səbəb olur. Bu küçədəki zibilliklərin yeri belə varlı iş adamlarına satılıb və zibilliklərin yerində indi 3 mərtəbəli villalar ucaldılıb.
Görəsən, Xaləddin İskəndərov özü bu küçələrdən gələn üfunət iyini hiss etmirmi? Axi o özü bu küçənin 1 addımlığındakı icra hakimiyyətinin binasında oturur. O, bu antisanitariya şəraitinə necə dözür? Onun vəzifəsi təkcə elə kabinetinin yaxınlığındakı parkı abadlaşdırmaqdırmı? İcra başçısı nədən dağlar yaratmaq şakərindən qurtulub rayon sakinlərinin əziyyət çəkdiyi real problemlərin həlli ilə məşğul olmur?
Biz bu yazıda bir küçədəki vəziyyətdən danışdıq. Amma Rəsulzadə qəsəbəbəsində, Biləcəridə, eləcə də Binəqədi rayonuna daxil olan digət qəsəbə və küçələrdə də eyni vəziyyət hökm sürür. Binəqədi isra hakimiyyətinin 5 addımlığındakı Koroğlu küçəsində də eyni vəziyyətdir.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İskəndərovun başı isə görünür, mühüm “işlər”ə qarışıb. Bir müddət bunca öncə həmkarımız, Qarabağ Qazisi, tanınmış jurnalist Rey Kərimoğlu sosial şəbəkədə onu yaxşı ifşa etmişdi. Rey Kərimoğlu bildirmişdi ki, Xaləddin İskəndərov ev tikmək üçün Qarabağ qazisindən ondan 15 min manat rüşvət tələb edir: "Binəqədi icra hakimiyyətinin dəmxoş başçısı uçmuş evini tikmək istəyən şəhid ailəsindən 15 min manat istəyir! Heç istəməyənin görmədim bu əvvəli dəmirsatan, arvad satan başçıların! Düz 20 ildir şəhidin anası balasının qanpulun ala bilmir! Amma bunların gülməşəkər balaları dənizdə milyonluq yaxta batırılar. Qudurğanlıq edirlər! Belə olmaz! Vallah belə olmaz! Billah belə olmaz!"
Bəli, Xaləddin İskəndərov vəzifə borcunu və səlahiyyətlərini çoxdan unudub. Onu işi-gücü sərvət toplamaq, torpaq satmaq, ev tikməyə icazə vermək və bütün bunların qarşılığında rüşvət tələb etməkdir. O, Binəqədi rayonu ərazisində aparılan tikinti işlərinədən qanunsuz olaraq külli miqdarda rüşvət yığır.
Binəqədi rayon bələdiyyəsində çalşan mənbənin, rayonda tikinti işi aparmaq istəyən sakinlər mütləq icra başçısını “görməlidirlər: “Bələdiyyənin bu işdə heç bir rolu yoxdur. Bütün işlər icra hakimiyyətinin nın nəzarətindədir. X.İsgəndərovun icazəsi olmadan heç kim həmin ərazilərdə torpağa bir mismar belə vura bilməz. Qoçuları dərhal o adamın başının üstünü kəsir”.
Mənbə onu da əlavə edib ki, alınan rüşvət tikintinin həcmindən asılıdır: “ Yəni kimsə, birmərtəbəli ev inşa etdirmək istəyirsə 7 min, 2 mərtəbəli ev üçün isə 15 min “haqq” ödəməlidir. Üstəgəl, bu “haqq”ı X. İsgəndərova vermək üçün ara adamı da tapmaq lazım gəlir ki, onlara da müəyyən miqdarda “şirinlik” verməli olursan. Bunların olmayacağı halda heç kim orada tikinti apara bilməz. İcranın balansında iri tonnajlı dağıdıcı gücə malik texnikalar var. Kim “haqq” ödəmirsə həmin texnikalar gecəylə gəlib tikilini dağıdıb, xarabaya döndərir. Əlbəttə, bütün bunlar özbaşınalıq və başıpozuqluqdan başqa bir şey deyil”.
Bildirək ki, Binəqədi rayon ərazisində ev tikintisi üçün icazəyə rüşvət tələb edilməsi ilə bağlı mediada vətəndaşlar adından konkret ittihamlar səslənmiş, adlar çəkilmiş, rəqəmlər deyilmişdir. Mediada yer alan və rəsmən təkzib olunmayan həmin faktlardan bəzilərini yenidən diqqətinizə çatdırırıq. Məsələn, Bakı şəhəri, Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani küçəsi, ev 95-də kirayədə yaşayan Əliyev Səfər Nəsib oğlu tərəfindən mediaya ünvanlanan məktubda ev tikintisinə icazə üçün ondan rüşvət tələb olunduğunu bildirirdi: “Binəqədi rayon İcra hakimiyyətinin Mirpaşa adlı işçisi və Xocasən bələdiyyəsinin sədri Anar Abbasov qanunu qaydada aldığımız torpağın üzərində ev tikmək üçün bizdən 4000 manat rüşvət istəyir. İmkanımız olmadığı üçün onun istədiyi pulu verə bilmədik, buna görə də ev tikməyimizə qanunsuz olaraq icazə vermir və utanmadan polisə bu barədə şikayət edib”.
Onu da qeyd edək ki, Binəqədi rayonunda torpaqların vətəndaşlara satılması, yeni ev və ya obyekt tikməyə başlayanlardan xərac toplanması üçün bütöv bir dəstə fəaliyyət göstərir. Bununla bağlı media üzərindən apardığımız araşdırmalardan belə aydın olur ki, Binəqədi rayon ərazisində istənilən tikinti işini görmək üçün konkret “məzənnə” müəyyənləşib: “Təkcə hasarın çəkilməsi üçün 2000 manat pul tələb olunur. Evlərin tikilməsi üçün isə qiymətlər əraziyə uyğun olaraq dəyişir”.
Bu məlumatlar arasında icra başçısının “xərac” yığanlarının adları da yer alıb: “Xocahəsən, Sulutəpə ərazisində Mirpaşa, Rövşən və Çingiz, Biləcəridə Nicat, Rəsulzadə qəsəbəsində isə Rəfael adlı şəxslər ”xərac” toplamaqla məşğuldur. Nicatın X.İsgəndərovun xalası oğlu olduğu bildirilir və bu şəxsin özbaşınalıqları artıq hədd tanımır. Adları çəkilən şəxslər X.İsgəndərovun adından açıq-aşkar “bazarlıq” edirlər. Vətəndaşların obyektlərini və evlərini sökən bu şəxslər açıq şəkildə bildirirlər ki, onlara bu tapşırıqları kimsə yox, birbaşa olaraq icra başçısı Xaləddin İsgəndərov özü verir. Açıq şəkildə onlardan pul tələb edən icra hakimiyyətinin nümayəndələri onların qarşısına şərt qoyur. Ya inşaat yarımçıq qalacaq, ya da tikilən evlər söküləcək”.
Beləliklə, vaxtaşırı mətbuatda bu cür faktlar açıqlanır. Ancaq təəssüf ki, hüquq-mühafizə orqanları susur. Lakin əlbəttə, bir çoxları kimi Xallədin İskəndərov da bu qanunsuzluqlara görə bir gün cavab verəcəkdir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?