Şahid: “Neman məndən aldığı 30.000 manatdan 10.000 manatı sabiq prokuror Mirələkbər Seyidovun oğlu Tural üçün aldığını dedi”
Səbail İcra Hakimiyyətinin əməkdaşı: “Xidməti otağıma girən MTN əməkdaşı dedi ki, general səni nazirliyə dəvət edir”
Zakir Bədəlovun qızı: “Zakir Mustafayev atamı və anamı öldürəcəyi ilə hədələyib”
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Proses Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilir. Təhlükəsizlik tədbirləri ilə bağlı cinayət işinə hərbi məhkəmənin binasında yox, Sabunçu rayon Məhkəməsinin inzibati binasında baxılır.
Növbəti məhkəmə iclasında zərərçəkmiş Zakir Bədəlovun iddiası əsasında baxılan epizodu üzrə şahidlərin ifadə verməsi ilə başlayıb. Zakir Bədəlov məhkəmədə verdiyi ifadədə 2009-cu ildə Səlim Məmmədovun onun şəxsiyyət vəsiqəsini əlindən aldığılnı, Akif Çovdarovun 200 min manat tələb edərək, Gürcüstana deportasiya ilə hədə-qorxu gəldiyini deyib.
Zərərçəkmişin qızı Tamara Bədəlova şahid qismində ifadə verərkən bildirib ki,Gürcüstanın Marnueli rayon sakini Zakir
Mustafayevi uzun müddət tanıyır, uşaqlıq vaxtlarında sonuncunun evində ailəsi ilə birlikdə bir neçə dəfə qalıb: “Atamın Zakirdən borc alaraq hal-hazırda yaşadığı evin və işlətdiyi kafenin avadanlıqlarını aldığını, Zakir Mustafayevin atama verdiyi pulları faizi ilə tələb edib. Zakir Mustafayev atamı və anamı öldürəcəyi ilə hədələyib”.
“Anam zəng edərək Akif Çovdarovla danışdı”
Şahidin sözlərinə görə, buna görə Zakir Mustafayev onun atasına verdiyi 100.000 ABŞ dolları pulun əvəzində bir dəfə 125.000 ABŞ dolları, bir dəfə isə 150.000 ABŞ dolları artıqlaması ilə alıb: “Bundan sonra Zakir Mustafayevin atamın üstünə tapanca çıxarıb və pulunu tələb edərək hədələdiyini görməsəm də, bu barədə atam ilə anam danışarkən eşitmişəm. Tarixini xatırlamadığım vaxt Zakir Mustafayev anam Nazilə Bədəlovanın mobil telefon nömrəsinə zəng edib. O, anama hədə qorxu gələrək pul tələb edib. Tarixini xatırlamadığım bir gün isə atamın anama Akif Çovdarov adlı şəxsin onu çağırdığını və getməli olduğunu deyərək yaşadığı evdən çıxdı. Daha sonra anam zəng edərək Akif Çovdarovla danışdı, atamın buraxılmasını, əks təqdirdə ölkə prezidentinə şikayət edəcəyini dedi. Bir qədər sonra atam yaşadığı evə qayıtdı”.
“Rəhbərliklə məsələni aydınlaşdırdıq”
Tamara Bədəlova bildirib ki, 2012-2013-cü illərin dekabr ayının son günlərində yaşadığı evin 3-cü mərtəbəsinin pəncərəsindən baxarkən atasının dörd nəfər tanımadığı şəxs tərəfindən maşına mindirilərək aparıldığını görüb: “Həmin gün altı saatdan sonra Dövlət Miqrasiya Xidmətindən yaşadığımız evn telefonuna zəng edilərək, atamın şəxsiyyət vəsiqsənin olmamasını, buna görə də atamın deportasiya olunacağını dedilər. Atama məxsus şəxsiyyət vəsiqəsinin ksero surətini götürərək Miqrasiya Xidmətinə getdik. Orada rəhbərliklə görüşərək məsələni aydınlaşdırdıq”.
Daha sonra Zakir Bədəlovun başına açılan oyunlar üzrə ittihamlarla bağlı şahid qismində Elxan Əliyev ifadə verib. O, bildirib ki, O, həmin illərdə Zakir Bədəlova məxsus tikilidə yer icarəyə götürdüyünü və ev alqı-satqısı ilə məşğul olduğunu deyib. Şahid heç bir hadisənin bilavasitə iştirakçısı olmadığını və ümumiyyətlə, baş verənlərdən xəbərsiz olduğunu məhkəmənin diqqətinə çatdırıb.
Bundan sonra zərərçəkmmiş Neman Kərimovun iddiası əsasında baxılan epizod üzrə şahidlər ifadə verməyə başlayıb. Keçmiş polis işçisi Neman Kərimov ötən iclasda MTN-ə aparılaraq, Sevinc Rüstəmovaya qalan 20 min manatlıq borcunun ödənilməsi bəhanəsi ilə daha 60 min manat “soyulduğunu” bildirib.
“Pulu 8-9 aya qaytaracağına söz verdi”
Şahid qismində ifadə verən Sevinc Rüstəmovanın sözlərinə görə, Neman Kərimovu təxminən 7-8 il əvvəl rəfiqəsi Gülnar vasitəsilə tanıyıb: “Gülnar Nemanı iş adamı kimi təqdim edib. Nemana iş qurmağı üçün 2008-ci ilin əvvəllərində, qış ayında bir neçə dəfəyə 30.000 manat pul vermişəm. Neman vasitəsilə MTN əməkdaşı Elçin Çıraqovu tanımışam. Həmin vaxtdan sonra Elçinlə münasibətim yaranıb. Neman məndən 30.000 manat pul alarkən həmin pulu 8-9 aya qaytaracağına söz verib. Lakin söz verdiyi müddətin başa çatmasına baxmayaraq pulu qaytarmayıb, pulu istəyəndə isə pulu olmadığını və verə bilməyəcəyini bildirib”.
“Mirələkbər Seyidov mənə 10.000 manat verdi”
Şahidin sözlərinə görə, Binəqədi rayonunun sabiq prokuroru Mirələkbər Seyidovu 2007-ci ildən tanıyıb, münasibəti normal olub: “Neman məndən aldığı 30.000 manatdan 10.000 manatı Mirələkbər Seyidovun oğlu Tural üçün aldığını deyib. Ona görə də, 2008-ci ilin yanvar-fevral aylarında Mirələkbər Seyidova
müraciət etdim. Mirələkbər Seyidov Neman Kərimovun yanında mənə 10.000 manat verdi. Neman orada qalan 20.000 manat pulu qısa müddət ərzində qaytaracağını söz verdi, lakin nə qədər istəsəm də, Neman Kərimov 20.000 manatı qaytarmadı. Hətta Neman Kərimovun mənə borclu olduğu pulu qaytarmaması barədə Elçinə dedim. Elçin isə Nemanın dayısı Zakirin mobil nömrəsini verdi. Zakirə zəng edərək Nemanın borclu olduğu 20.000 manatı qaytarmasına köməklik göstərməsini xahiş etdim. Sonuncu bir həftə müddətinə pulu qaytaracağına söz versə də, pulu qaytarmadı”.
“Məni MTN-dən yola saldı”
Sevinc Rüstəmova qeyd edib ki, 2009-cu ilin payız aylarında Elçin ona zəng edərək, Nemanın borclu olduğu 20.000 manatı qaytarmaq üçün MTN-ə ərizə verməsini təklif edib: “1 həftə sonra Elçinlə görüşərək Nemanın məni aldadaraq 20.000 manat pulumu ələ keçirməsi barədə şikayət ərizəsi verdim. Ərizəni Elçin Çıraqova verdikdən bir həftə sonra, Elçin zəng edərək mənimlə “Moskva Univermağı”nın yanında yerləşən kafedə görüşdü və orada Elçin izahatımı aldı. Bundan 1 həftə sonra, saat 10 radələrində Elçin mobil telefonuma zəng edərək Nemanı tutaraq gətirdiklərini və naziliyə gəlməyimi tapşırdı. Təxminən saat 11 radələrində MTN-in giriş hissəsində yerləşən nəzarət-buraxılış məntəqəsinə getdim və məntəqənin ikinci mərtəbəsinə pilləkənlə qalxdım. Məntəqənin ikinci mərtəbəsində sol tərəfdə yerləşən otaqda Neman Kərimov oturmuşdu. Orada isə Səlim Məmmədovu, Elçin Çıraqovu və bir neçə MTN əməkdaşlarını gördüm”.
Sevinc Rüstəmova bildirib ki, Səlim Məmmədov Nemana borclu olduğu pulu nə üçün qaytarmadığını soruşub: “Lakin Neman heç nə deməyib. Bundan sonra şifahi olaraq məni Nemanla üzləşdirdilər. Təxminən nəzarət-buraxılış məntəqəsində 30-40
dəqiqə oludum. Nazirlikdən məni Elçin Çıraqov yola saldı. Nəzarət-buraxılış məntəqəsindən pilləkənlə aşağı enəndə Nemanın dayısı Zakirin qışqıraraq, Nemanın ünvanına nalayiq söyüşlər işlətdiyini və qızını hamilə qoyduğunu dediyini eşitdim”.
“Bildirdi ki, sənin pulunu MTN-də məndən artıqlaması ilə alıblar”
Sevinc Rüstəmovanın sözlərinə görə, təxminən 2-3 gün sonra, saat 13 radələrində Elçin Çıraqov mobil telefonuna zəng edib, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən “Şəki” restoranına gəlməyini tapşırıb. Onun bildirdiyinə görə, “Şəki” restoranına gedib və orada olan otaqda Səlim Məmmədovla Elçin Çıraqovun nahar etdiklərini görüb: “İçəri daxil olaraq masanın kənarında əyləşdim. Səlim və Elçin masa üzərində olan kağıza bükülü vəziyyətdə pulu götürməyimi, orada 14.000 manat pul olduğunu, 6000 manatı isə 7-10 günə verəcəklərini bildirdilər”.
Sevinc Rüstəmova qeyd edib ki, 2010-cu ilin yaz-yaylarına kimi dəfələrlə Nemana, Elçinə və Səlimə zəng edərək ona veriləcək 6000 manat pulu tələb edib: “Lakin heç biri pulu vermədilər. Məcbur olaraq Daxili İşlər Nazirliyinin Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət etdim. Hazırda xatırlamadığım müstəntiqin icraatında araşdırma aparıldı. Ərizə verdikdən 1-2 gün sonra məni Nemanla üzləşdirdilər. Neman üzləşmə zamanı bildirdi ki, sənin pulunu MTN-də məndən artıqlaması ilə alıblar”.
“Nemandan MTN-də hansı məbləğdə pul alınmasını bilmirəm”
Sevinc Rüstəmovanın sözlərinə görə, Nemana MTN-dən pulunun qalan hissəsini alaraq qaytarmağını tələb edib: “Səhəri gün müstəntiq məni çağıraraq 6000 manatı verdi. Həmin 6000 manatı müstəntiqə Nemanın, Elçinin və ya Səlimin verdiyini bilməmişəm.
DİN-nə ərizə ilə müraciət etdiyim vaxt Elçin mənə zəng edərək ərizəmi geri götürməyimi, pulumun qısa müddətdə qaytarılacağını dedi. Lakin Elçinə rədd cavabı verdim və telefonlarını götürmədim. Neman Kərimovu nazirlikdə görərkən Səlimin yanındakı adı Vüqar olan hündür boylu oğlan Nemana “pulu niyə qaytarmırsan?” demişdi. Neman mənə faizə pul verdiyini dedikdə, Vüqar sol əli ilə Nemanın boynundan aşağı sıxaraq pulu qaytarmalı olduğunu dedi. Nemandan MTN-də hansı məbləğdə pul alınmasını bilmirəm”.
“Pulun verilməsindən məlumatım olmayıb”
Daha sonra zərərçəkmiş qismində dindirilən Hafiz Abekarov bildirib ki, 2014-cü ilin sentyabr ayında Mübarizlə görüşmək barədə razılığa gəlib: “Saat 12 radələrində Mübarizin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qarşısında yerləşən ofisinə gələrək otağa daxil oldum. Orada sonradan adının Rafiq Tağıyev olduğunu bildiyim şəxsi gördüm. Mübarizlə Rafiq alqı-satqı ilə bağlı söhbət etdilər. Bir neçə dəqiqədən sonra Rafiq kiməsə zəng vurdu. Təxminən bir qədər sonra sürücüsü əlində böyük sellofanı otağa gətirdi. Rafiq sellofanı açdı və oradan paketlərə bükülmüş manatı Mübarizinin qarşısına yığmağa başladı. Bunu görüb ofisin digər hissəsinə getdim. Təxminən yarım saat keçdikdən sonra Rafiq otaqdan getdi. Rafiq gedərkən sellofan paketi və pulu orada qoydu. Mübariz pulu maşınına yığıb “Mega City”də yerləşən evinə apardı və evinə qoyaraq restorana getdi. Həmin pulu sonuncuya nə üçün verildiyindən məlumatım olmayıb”.
“Məni MTN-ə apardılar”
Zərərçəkmişin sözlərinə görə, 4 noyabr 2014-cü il tarixdə, saat 17 radələrində Səbail Rayon İcra Hakimiyyətində yerləşən xidməti otağına 30-35 yaşlarında, alçaq boylu, keçəlləşmiş saça malik bir şəxs gəlib və özünü MTN əməkdaşı kimi təqdim edib: “Sonra
həmin şəxs dedi ki, general səni nazirliyə dəvət edir. İdarə etdikləri “CİP” markalı, qara rəngli maşına əyləşdim və məni MTN-ə apardılar. MTN-in “Mərkəzi Kliniki Xəstəxana” istiqamətində olan qapısında sənəd təqdim etmədən daxil oldum, nazirliyin həyətindən iki şəxs məni qarşıladı və qollarıma girərək inzibati binada olan liftlə hazırda xatırlamadığım mərtəbəyə qaldırdılar. Bir otağa girişin qəbul otağına apardılar. Orada Mübariz Məmmədovu gördüm”.
“Akif Çovdarov Mübarizə yumruqla bir dəfə vurdu”
Hafiz Abekarov qeyd edib ki, təxminən 15 dəqiqə sonra onu və Mübarizi otağa apardılar: “Otaqda sonradan MTN-in generalı olduğunu bildiyim Akif Çovdarov və onun yanında Rafiq Tağıyevi gördüm. Akif Çovdarov mənim üzərimə qışqıraraq Rafiq Tağıyevin Mübariz Məmmədova verdiyi 300.000 manat pulu apardığımı və həmin pulu qaytarmağımı tələb etdi. Mübarizin mənə pul vermədiyini, həmin gün təsədüfən oraya gəldiyimi və hadisənin şahidi olduğumu dedim. Akif Çovdarov əsəbləşərək Mübarizə yumruqla bir dəfə vurdu. Mübariz isə yerə yıxılaraq huşunu itirdi. Ona ürək dərmanı verdilər, sonra Marizə aparmağımı tapşırdılar. Taksi ilə Mübarizi “Mərkəzi Gömrük Hospitalı”na apardım, orada Mbarizi 2-3 saat saxlayaraq müayinə etdilər. Sonradan Mübarizdən Akif Çovdarovun mənə hədə-qorxusundan sonra həmin torpağı məcbur olaraq Rafiq Tağıyevə satdığını eşitdim. MTN-ə aparıldıqdan 2 həftə sonra Mübariz məni zəng edərək yanına çağırdı və 100.000 ABŞ dolları pulu Rafiq Tağıyevə vermək üçün getməyimi xahiş etdi. Mübarizlə Nərimanov heykəlinin yaxınlığında yerləşən Rafiq Tağıyevin ofisinə gedərək pulu orada olan şəxsə verdik”.
Sorğu
Yeni dizaynımız necədir?