Elçin Məmməd: “Toksikoloji analizlərin Türkiyəyə göndəriləcək nəticələri saxtalaşdırıla bilər”
Türkiyə Respublikası Antalya Prokurorluğu Baş Prokrorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin mərhum əməkdaşı Emin Hüseynovun məzarının açılması və meyitin müayinə olunması (ekshumasiya) ilə bağlı vəsatət qaldırıb. Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilən vəsatətdə qeyd edilir ki, Emin Hüseynovun ölümünün səbəbinin yalnız meyitin nümunələri üzərində ekspertiza keçirilərək müəyyən etməyin mümkün olduğunu nəzərə alaraq ekshumasiyanın keçirilməsi zəruridir. İstanbul Hüquq Tibb Təşkilatının Hüquq Tibb İxtisas Şurasının hesabatına əsasən, mərhumun zəhərlənib-zəhərlənmədiyini müəyyənləşdirmək üçün meyitin ekshumasiya olunaraq, nümunələr üzərində toksikoloji analizin aparılması ilə bağlı hüquqi yardım istənilsə də məsələ həllini tapmayıb. Emin Hüseynovun valideynləri də müvafiq ekspert rəyinə əsaslanaraq bildiriblər ki, zəhərlənmə halının meyid üzərində təsiri 6 aydan çox qalmadığı üçün ona görə də ekshumasiyanın keçirilməsi üçün zərurət olmayıb. Lakin istintaqın gedişində ortaya çıxan dəlillər və mərhumun atası Bəybala Hüseynovun hüquq-mühafizə orqanlarına və məhkəməyə etdiyi şikayətlərdən sonra meyitin ekskumasiyanın vacibliyi məsələsi yenidən gündəmə gəlib. Bu səbəbdən Türkiyənin hüquq-mühafizə orqanları Emin Hüseyovun zəhərlənmə əlamətlərinin olub-olmamasını müəyyən etmək üçün meyitdən götürülən yumşaq toxuma və saç nümunələrinin toksikoloji müayinəsini keçirərək rəyin alınmasını və Türkiyə tərəfinə göndərilməsini xahiş edib. Hüquq-müdafiəçisi Elçin Məmmədin “Yukselis.info”-ya verdiyi məlumata görə, Türkiyə tərəfinin vəsatəti ilə əlaqədar sentyabrın 12-də Bəybala Hüseynovu və zərərçəkmiş tərəfin hüquqi nümayəndəsi kimi onu Baş prokurorun birinci müavini Rüstəm Usubov qəbul edib. Qəbulda Baş Prokurorluğun Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Erkin Əlixanov, baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi Toğrul Muxtarov və digər vəzifəli şəxslər də iştirak edib: “Hiss olunur ki, Baş Prokurorluq uzun davam edən şikayətlərdən, tənqidlərdən və Antalya Prokurorluğunun israrlı müraciətlərindən sonra Emin Hüseynovun ölüm işi ilə bağlı əməli addımlar atmağa başlayıb. Amma Rüstəm Usubovun Bəybala Hüseynovu və məni qəbul etməsi hələ cinayət faktının açılması anlamına gəlmir. Erkin Əlixanov və Baş prokurorun köməkçisi Toğrul Muxtarov davamlı olaraq şikayətlərimizlə bağlı mətbuata verdiyimiz açılamalara və sosial şəbəkələrdəki yazılarımıza görə Bəybala Hüseynova və mənə xəbərdarlıq xarakterli təzyiqlər göstərirdi. Rüstəm Usubov Bəybala Hüseynovu Türkiyə tərəfinin göndərdiyi hüquqi yardım haqqında sorğunun icrası ilə bağlı dəvət etdiyi halda, Erkin Əlixanov və Toğrul Muxtarov əsas mövzudan yayınaraq mərhumun atasını mətbuatda tənqidlərə və təhqirlərə yol verməkdə ittiham etməyə çalışdılar. Hesab edirəm ki, bu problemin həllinə yönəlmiş addımdan daha çox cinayət işinin mahiyyəti üzrə gizlədilməsinə yönəlmiş təxribat məqsədi daşıyır. Ona görə də mərhumun valideynləri vəsatət əsasında meyitin ekshumasiya edilməsinə razılıq versə də götürülən nümunələrin toksikoloji analizlərinin nəticələrinin etibarlılığına şübhə edir. Yəni analizlərin Türkiyəyə göndəriləcək nəticələri saxtalaşdırıla bilər. Bu təhlükənin qarşısını almaq üçün mərhum Emin Hüseynovun ailə üzvləri müəyyən şərtlər irəli sürüb. Belə ki, ekskumasiya məsələsi cinayət prosesual məcəllə ilə tənzimlənsə də bu işin şəri-hüquqi tərəfi də vardır. Ədliyyə sistemi İslami qanunlarla idarə olunmasa da, daim xalqın adət və ənənəsinə, əsrlər boyu etiqad etdiyi əqidəsinə hörmətlə yanaşılır. Bu məsələ İslam qaydalarına uyğun olmaqla mənəvi dəyərlərimizin bir hissəsidir. Ona görə də, ekshumasiya zamanı adət-ənənəmizə hörmətlə yanaşmaqla bərabər mərhumun ailəsinin də tələbləri diqqətə alınmalıdır.” “Hesab edirik ki, məzar necə açılıbsa, eləcə də qapanmalı və mərhumun ruhuna ehtiram yüksək səviyyədə olmalıdır. Bundan əlavə, ekshumasiya işlərini Azərbaycan tərəfi ilə yanaşı, xaricdən dəvət edilmiş məhkəmə tibbi ekspertiza qrupu ilə birgə keçirməlidir. Bunu ona görə qeyd edirik ki, oğlumun ölüm hadisəsi ilə əlaqədar dəfələrlə yerli hüquq-mühafizə orqanlarına etdiyim müraciətlər nəticəsiz qalmış və araşdırılması vacib olan məsələlərə həll edilməmişdir. Ona görə də ailəmizdə bizim prokurorluq orqanlarına inamsızlıq hökm sürür və ekshumasiya işlərinin aparılması üçün başqa ölkədən mütəxəssislərin dəvət edilməsini tələb edirik. Həmçinin, açılmış məzarın bərpa işlərilə əlaqədar xərclərinin prokurorluq orqanları tərəfindən həll edilməsini tələb edirik. Çünki, baş vermiş hadisə ilə əlaqədar şübhələndiyimiz şəxslərin kifayət qədər ziddiyyətli ifadələri, bundan öncə oğlumun zəhərlənməsini təsdiq edən ekspert rəylərinin mövcudluğu ekskumasiya işinin zəruriliyini arxa plana keçirmişdir.” – Bəybala Hüseynovun Baş Prokurorluğa müraciətində belə qeyd edilir. Hüquq müdafiəçisi Elçin Məmmədin sözlərinə görə, rəyin saxtalaşdılması ehtimallarının yüksək olmasına rəğmən Baş Prokurorluq kifayət qədər ehtiyatlı davranır və zəhərlənmə faktının aşkara çıxmasından narahatlıq nümayiş etdirir: “Erkin Əlixanov Baş prokuror Zakir Qaralovun adından belə bir ifadə işlətdi ki, hamımız müsəlmanıq, meyitin ruhunu narahat etməyək. Təəssüf ki, Baş Prokurorluq məsələnin mənəvi tərəflərini ön plana çıxartmaqla sanki cinayətin açılmasına kömək edə biləcək prosesə mane olur. O halda sual oluna bilər – 29 yaşlı günahsız gəncin zəhər verilib öldürülməsi müsəlmançılıq ənənələrinə uyğundurmu? Emin Hüseynovun işə götürülməsi üçün 200 min dollar rüşvət alınması müsəlmançılığa yaraşan hərəkətdirmi? Emin Hüseynovun ölüm işində şübhəli bilinən şəxslərin indiyə qədər istintaqa cəlb edilməməsi müsəlmanlığa uyğundurmu? Bu cinayət işi ilə bağlı Azərbaycan prokurorluq orqanlarının iki ildən artıqdır susması hansı müsəlmançılıq prinsiplərinə uyğun gəlir? Ona görə də biz Baş Prokurorluqdan ilk növbədə səmimi davranmasını və cinayət faktının üstünün açılmasına maraq göstərməsini istəyirik”. Xatırladaq ki, Emin Hüseynov 2017-ci il avqust ayının 18-də Türkiyənin Antalya şəhərində istirahətdə olarkən qəfil halı pisləşib və xəstəxanada vəfat edib. Lakin ekspertiza rəyləri və qan analizləri Emin Hüseynovun kənardan verilən zəhərli maddə qəbul etməsi nəticəsində dünyasını dəyişdiyini müəyyən edib. Baş vermiş sui-qəsd faktı ilə əlaqədar Türkiyə Cümhuriyyəti 5237 saylı Türk Cəza Qanunun (cinayə məcəlləsinin) 81.1-ci “Qəsdən İnsan Öldürmə” maddəsi ilə cinayət işi açılıb. 2017/76555 saylı cinayət işi üzrə istintaq davam edir və Lara Anadolu Xəstəxanasının işçiləri Azime Evci, Kutyar Mısırlıoğlu, Yetkin Çeray və Ağdəniz Xəstəxanasının işçisi Barış Akgül şübhəli şəxs kimi istintaqa cəlb edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?