“İnanırıq ki, belə bir qanunsuzluqların, çoxsaylı hoqqaların və s. qarşısını almaq üçün, ölkə rəhbərinin bircə dəfə barmaq silkələməsi kifayət edər”
Hər kəsə bəllidir ki, yerli özünüidarəetmə orqanı olan bələdiyyələrin formalaşdığı vaxtdan onbir ildən bir qədər çox vaxt keçib. Ötən illər ərzində elə bələdiyyələr oldu ki, onlar əhatə etdikləri ərazi hüdudlarında sosial əhəmiyyət kəsb edən çoxsaylı məsələ və problemləri həll etməklə, bir növ əhalinin etimadını doğruldan işlək bir quruma çevrildilər. Bəzi bələdiyyələrlə bağlı isə, son illər ictimai fikirdə müəyyən şübhələr baş qaldırdı. Buna səbəb olan amillərdən biri və bəlkə də lap birincisi, bələdiyyə üzvülüyünə seçilən şəxslərdən bəzilərinin daşıdıqları vəzifələrinə saxta yollarla sahib olmaları oldu. Məsələn, bugünlərdə GundemXeber.Az saytının redaksiyasına Gəncə şəhəri, Hacıkənd qəsəbəsində yaşayan çoxsaylı sakinlərin Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə və ölkəmizin digər yüksək çinli vəzifə sahiblərinə yazmış olduqları müraciətin bir surəti daxil olub. Adı çəkilən qəsəbə sakinləri yazırlar ki, “Yaşadığımız qəsəbədə təqribən 260 nəfər olsa da, qış fəslində havaların soyuq keçməsi səbəbindən qəsəbəmizdə orta hesabla 100-150 nəfər yaşayır ki, həmin sakinlər də yerli sakinlər olurlar. Cənab Prezidentə və digər vəzifə sahiblərinə ünvanladığımız müraciətin əsas məğzi ondan ibarətdir ki, ötən ilin dekabr ayında respublikamızın hər yerində olduğu kimi, bizim qəsəbədə də “bələdiyyə seçkiləri keçirildi”. Amma, necə? Faciə o oldu ki, keçirilən seçkidə biz sakinləri bir kimsə saya salmadı. Həmçinin, qəsəbə bələdiyyəsinə keçirilən seçkidə iştirak edən namizədlərdən bir-ikisini tanısaq da, digərlərini heç cür tanıya bilmədik. Buna da səbəb, həmin şəxslərin kənar şəxslər olmaları idi. Elə ki, seçki gününə az vaxt qaldı, o halda tanıdığımız namizəd hansısa səbəb üzündən namizədliyini geri götürməli oldu. Belə olan halda biz sakinlər etiraz əlaməti olaraq seçkidə iştirak etmədik. Yalnız “seçki prosesi”ndə Hacıkənd qəsəbəsi üzrə icra nümayəndəsi Hümbət Hüseynov, ona yaxın olan bir neçə nəfər şəxs, icra nümayəndəsinin qardaşı, hansı ki, Hacıkənd qəsəbə məktəbində direktor vəzifəsini daşıyan Surxay Hüseynov, əlavə bir-iki nəfər müəllim də iştirak edir. Faciəli hal o oldu ki, biz sakinlər qəsəbə bələdiyyəsinə namizədliyini irəli sürmüş şəxsləri tanımasaq da, onları icra nümayəndəsi və 37 saylı dairə seçki komissiyasının sədri Elbar Əhmədov yaxşı tanıyırlar. Hətta, onlar biz sakinlərin xəbəri olmadan hər birimizin əvəzindən səs də verirlər.
Bir sözlə, Hacıkənd qəsəbə bələdiyyəsinə keçirilən seçkidə analoqu olmayan saxtakarlığa qol qoyulur. Məhz, belə bir səbəblər üzündəndir ki, yaşadığımız qəsəbədə neçə illərdir hər cür anarxiya, hər cür total saxtakarlıq davam etməkdədir. Hal-hazırda qəsəbəmizin bir “yiyəsi” var, o da YAP-ın sədr müavini, icra katibi Əli Əhmədovun qohumu olduğunu bildirən və hər kəsə özünü belə bir ad altında “sırıyan” Hümbət Hüseynovdur. Qəsəbəmizin bələdiyyə sədrinin kim olacağını bu şəxs, onun qardaşı Surxay Hüseynov və sabiq bələdiyyə sədri Kərim Hüseynov müəyyən edirlər. Fakt budur ki, hələ bir neçə il də qəsəbəmizdə “it yiyəsini tanımayacaq”. Çünki bizim tanımadığımız, heç bir halda səs vermədiyimiz şəxs, məhz bundan sonra qəsəbəmizdə bələdiyyəyə sədrlik edəcək. Belə bir halın varlığı haqsızlıqdır, bənzəri olmayan cinayətdir. Necə olur ki, Əli Əhmədova qohum olduğunu dilə gətirən, qəsəbəmizdə keçirilən seçkiyə ixtiyarı olmadığı halda davamlı müdaxilələr edən, saxtakarlıqlar etməklə qəsəbə sakinlərinin dövlət-hakimiyyət orqanlarından narazı qalmalarına səbəb olan, hər kəsin seçki prosesinə inam hissinin heçə enməsinə məqsədli şəkildə şərait yaradan və s. kimi qanunsuz addımlarını atan Hüseynov qardaşlarına, bu gün də bir kimsə “qaşın üstə qara var” demir? Axı, bu nə deməkdir, bu nə sayğısızlıqdır? Ona görə də cənab Prezidentdən artıq dərəcədə xahiş edirik ki, Əli Əhmədova qohum olduğunu bildirən bu şəxslərin qanunsuzluğa söykənən əməllərinin qarşısını almaq üçün, aidiyyatı üzrə lazımi tapşırığını versin. İnanırıq ki, belə bir qanunsuzluqların, çoxsaylı hoqqaların və s. qarşısını almaq üçün, ölkə rəhbərinin bircə dəfə barmaq silkələməsi kifayət edər”.
Mövzunu diqqətdə saxlayacağıq, araşdırmamız davam edəcək. Məqalədə adı çəkilən hər kəsn mövqeyini dinləyə bilərik.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?