Generalın ailəsini ölkədən çıxardanların məhkəməsi başladı
Mütəşəkkil dəstənin üzvləri məhkəmədə özlərini təqsirli bilmədilər
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Pənah Dadaşov, Namiq Camalov, Raqub İsbəndiyarov, Zeynəb Cəfərova, Şəfiqə Bağırova, Saçlı Həsənova, Pərvin Dadaşov, Rəvanə Dadaşova, Tahir Hüseynov, Günel Hüseynova, Adəm İsgəndərov və Ənnab İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, Namiq Camalov Gülnarə Şəkinskayanın, eləcə də sonuncunun övladları - Nadiya, Həmidə, Məryəm və Cəvahir Şəkinskayaların dövlət sərhədini qanunsuz keçmələrindən ötrü rəsmi sənədlərin qanunsuz hazırlanması üçün Pənah Dadaşov, Zeynəb Cəfərova, Saçlı Həsənova, Əlövsət Əliyev və qeyriləri ilə özgənin külli miqdarda əmlakını talama barədə razılığa gələrək cinayət əlaqəsinə giriblər.
Bu məqsədlə Gülnarə Şəkinskaya 2014-cü ilin əvvəllərində keçmiş həyat yoldaşı Emin Şəkinskinin Səbayel rayonu, M.Hüseynov küçəsi, 14 ünvanında yerləşən evindəki dəmir seyfdən 60 min manat pulu oğurlayaraq zərərçəkmişə külli miqdarda ziyan vurub.
Gülnarə Şəkinskaya həmin pulun 31 min manatını özünə və övladlarına saxta sənədlərin hazırlanması və onların Azərbaycan Respublikasının dövlət sərhədindən qanunla müəyyən edilmiş sənədlər olmadan qanunsuz keçirilməsi üçün Əlövsət Əliyev və Namiq Camalov vasitəsilə cinayətkar qrupun digər üzvlərinə verib.
Aralarında olan sövdələşməyə görə, Saçlı Həsənova 17 mart, 2014-cü ildə Bərdə Rayon İcra Hakimiyyəti nümayəndəliyinə gedib və Gülnarə Şəkinskayanı öz övladı kimi təqdim edib. Onun guya Əliyeva Aysel Müzəffər qızı olduğunu bildirərək aldatmaqla G.Şəkinskayanın adına Bərdə şəhəri, Koroğlu küçəsi, ev 10/1-də yaşamasına dair saxta arayış hazırlatdırıb. Saçlı Həsənova Bərdə Rayon Polis Şöbəsində saxta arayışla real həyatda mövcud olmayan Aysel Əliyevanın adına şəxsiyyət vəsiqəsi alıb. Gülnarə Şəkinskayanın övladlarına da eyni üsulla saxta sənədlər hazırlanıb.
Bundan sonra müəyyən edilib ki, Gülnarə Şəkinskaya həmin seyfdə olan 60 min manatı ələ keçirib və 14 aprel, 2014-cü ildə saxta şəxsiyyət vəsiqəsi əsasında, saxta ümumvətəndaş pasportu ilə Balakən Sərhəd-Nəzarət Məntəqəsindən keçməklə ölkəni tərk edib. Eyni zamanda övladlarının adına hazırlanmış saxta ümumvətəndaş pasportları ilə onları da qanunsuz olaraq ölkədən çıxarıb.
İstintaq zamanı məlum olub ki, Gülnarə Şəkinskaya qeyd olunan cinayətlərin törədilməsində Əlövsət Əliyev, Namiq Camalov, Şəfiqə Bağırova və digərləri ilə yanaşı həm də doğma qardaşı Fərid Yusubla əlbir olub.
Belə ki, Fərid Yusub ölkə xaricində olmasına baxmayaraq bacısı ilə internet vasitəsilə mütəmadi olaraq əlaqə saxlayıb, ona müvafiq məsləhətlər verib. G.Şəkinskaya məhz onun tövsiyəsi əsasında 60 min manatı talayaraq saxta pasportlar əldə edib və övladları ilə birgə Gürcüstan ərazisinə keçib.
Fərid Yaqub 15 aprel, 2014-cü ildə Minsk-Tiflis aviareysi ilə Gürcüstana gələrək bacısı ilə görüşüb, ona Gürcüstandan üçüncü ölkəyə keçmək üçün məsləhətlər verərək sonradan yaşadığı ölkəyə - Belarusa qayıdıb.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.3.2 (oğurluq), 320.1 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma və ya saxta sənədlərdən istifadə etmə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunurlar.
Prosesdə təqsirləndirilən şəxslər ifadə veriblər. Onlar özlərini oğurluq ittihamı üzrə təqsirli bilmədiklərini, saxta sənəd hazırlamaqla bağlı isə təqsirli bildiklərini deyiblər.
Proses iyulun 10-da davam etdiriləcək.
Cinayət işində adı hallanan hüquq müdafiəçisi Əlövsət Əliyev isə hazırda Almaniyada mühacirətdədir. Hüquq müdafiəçisinin ölkədən qaçmasınının səbəbinin barəsində qaldırılmış cinayət işi ilə bağlı olması istisna edilmir. Ə.Əliyev VHP sədri, deputat, xalq şairi Sabir Rüstəmxanlının qardaşıdır.
Sorğu
Yeni dizaynımız necədir?