“RusEnergy” şirkətinin analitiki Mixail Krutixin: ““Nabukko” digər formada dirilə bilər”
Azərbaycan Avropanın energi təhlükəsizliyi sistemində əvvəlki kimi aparıcı yeri tutmaqda davam edir. Amma bəzi ekspertlərin fikrincə, geopolitik kolliziyalar, Qərblə münasibətlərin pisləşməsi və Ptun Rusiyası ilə yaxınlaşma Azərbaycanın bu sistemdəki mövqelərinə təsir göstərə bilər.
Azərbaycanın mövqelərinin zəifləməsində heç də az əhəmiyyətli olmayan amillərdən biri də dünyanın enerji nəhəngləri olan ABŞ və İranın münasibətlərinin nəzərəçarpacaq dərəcədə istiləşməsidir.
Bəs tanınmış rusiyalı ekspertlər bununla bağlı nə düşünürlər?
Rusiyanın “RusEnergy” konsaltinq agentliyinin analitiki, “The Russian Energy” həftəliyinin baş redaktoru Mixail Krutixin virtualaz.org saytının enerji sahəsində yaranmış son durumla bağlı suallarını cavablandırıb.
- Avropalılar “Nabukko”nu dəfn etdimi?
- “Nabukko” digər formada dirilə bilər. Avropa ölkələri bu barədə artıq razılaşmağa başlayırlar. Əgər hasilatçılarda kifayət qədər qaz olsa, bu ölkələr təbii yanacağın Avstriya hüdudlarına qədər çatdırılmasını təmin edə bilərlər.
- Qərbdə əksər ekspertlər hesab edirlər ki, ABŞ-İran münasibətlərinin yumşalıb yaxşılaşması Azərbaycanın dünya enerji bazarındakı rolunun azalmasına gətirib çıxaracaq. Bu, onun geopolitik əhəmiyyətini azaltmayacaq ki?
- Mən belə hesab eləmirəm ki, Azərbaycanın maraqları Qərblə İranın münasibətlərinin normallaşmasından ciddi şəkildə ziyan çəkəcək. Azərbaycan qazının Avropada “cənib dəhlizi”ndəki rəqibi İraq Kürdüstanından Türkiyə vasitəsilə nəql ediləcək qaz olacaq. Bu da ildə 30 milyard kubmetr qaz deməkdir. Azərbaycanın daha bir rəqibi isə Kipr və İsraildən nəql edləcək qaz - bu da ildə daha 20 milyard kubmetr azdır - ola bilər.
- Putin “Cənub axını”nın işə düşəcəyini hələ ötən ilin sonunda böyük həvəslə elan eləmişdi. Üstündən bir il keçsə də bu layihədən səs-səmir yoxdur. Bunu nə ilə izah edərdiniz?
- “Cənub axını” layihəsi Rusiya ərazisində fəal şəkildə gerçəkləşir. Sahilboyu kompressor stansiyasına çıxış üçün yeni yollar salınır. Xaricdən borular alınır. Dənizdə işlərin başlanması isə yollardakı axtarış-qiymətləndirmə prosesinin başa çatmamasına görə ləngiyir. Türkiyə buna lap bu yaxınlarda icazə verdi. Problem ayrı-ayrı ölkələrdəki hissələri vahid sistem halında necə birləşdirmək məsələsindədir. Avropa İttifaqı buna icazə verməyib. Buna görə də üçüncü paketin şərt və müddəaları “Qazprom”un bütün nəqliyyat zəncirinə inhisarçı kimi nəzarət etməsinə mane olur.
- Rusiya bəyan edib ki, bu kəmərin sualtı hissəsinin çəkilməsini maliyyələşdirməyi öz üzərinə götürür. Bəs kəmərin yerüstü hissəsinin aqibəti necə olacaq?
- Rusiya kəmərin həm öz payına, həm də Avropa ölkələrinin payına düşən demək olar ki, bütün hissələrinin çəkilişini maliyyələşdirəcək. Sualtı hissənin maliyyələşdirilməsini isə beynəlxalq konsorsium öz üzərinə götürür. “Qazprom”un burada 51 faiz payı var. Bu layihəyə qoyulan sərmayə özünü doğruldacaq. Amma bu variant yalnız xarici tərəfdaşlara sərfəlidir. Rusiya tərəfi isə bundan itirəcək. Burada yeganə müsbət cəhət layihənin Rusiyaya iqtisadi yox, siyasi üstünlük vəd etməsidir. Söhbət Ukraynanı cəzalandırmaqdan, onu qaz tranzitindən məhrum etməkdən gedir.
- Prezident seçkilərindən sonra rəsmi Bakının Qərblə münasibətlərinin gərginləşməsi fonunda Azərbaycanın öz enerji siyasətinə korrektələr etməsini mümkün sayırsınızmı?
- Mən buna xüsusi səbəb görmürəm. Bazarlar da bəllidir, marşrutlar da.
- Rusiyanın xarici işlər naziri Sergey Lavrov lap elə bu günlərdə bəyan elədi ki, Avropa İttifaqı “Transxəzər” qaz kəməri layihəsinin gerçəkləşməsi məqsədi ilə Türkmənistan və Azərbaycana təzyiq göstərir. Bu layihənin gerçəkləşməsi nə qədər realdır?
- Mən belə təzyiqlərin olduğunu müşahidə etmirəm. Avropalılar əslində tənbəllik edirlər. Sərmayəçiləri bu az kəmərinin çəkilməsinə cəlb etmək olardı. Lakin bu işə qoşulmağı arzu edən investorlar hələ görünmür. Yeri gəlmişkən, bəzi ekspertlər belə hesab edirlər ki, Azərbaycan da “Transxəzər” layihəsini dəstəkləmək barədəki bəyanatlarına baxmayaraq Türkmənistanla münasibətlərin normallaşmasını əngəlləyir. Məqsəd Azərbaycanın qaz ehtiyatları tükənənə qədər “Cənub dəhlizi”nə rəqib buraxmamaqdır.
- Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki rolu nədən ibarətdir?
- “Şahdəniz” layihəsinin ikinci fazasının istismara başlamasından sonra Azərbaycanın Avropa İttifaqı ölkələrinə ixrac edə biləcəyi, buna qadir olduğu qaz ehtiyatlarının həcmi Avropanın ümumi balansı fonunda elə də çox və böyük deyil. Bu, ildə haradasa 16-18 milyard kubmetr təşkil edir. “Abşeron” layihəsinin taleyi isə hələlik sual altındadır. Bu yataqdan qaz hasilatı həddən artıq baha başa gələ bilər. Amma əgər Azərbaycan Türkmənistan qazını öz ərazisində qəbul etməyi təşkil edə bilsə, onun regional tranzit məntəqə kimi rolu daha da arta bilərdi. Qaz tranziti məsələsində Türkiyə ilə yarışa girmək çətin ki, mümkün olsun. Amma bu oyunda öz rolunu və əhəmiyyətini artırmaq imkanları hələ ki, qalır.
- Azərbaycan qazının Ukraynaya ixrac və nəql edilməsi mümkündürmü?
- Mən “Ağ axın” və s. bu kimi layihələrlə bağlı o qədər də yüksək fikirdə deyiləm. Çünki bu layihələrin kommersiya baxımından əhəmiyyəti hələlik nəzərə çarpmır.
Sorğu
Yeni dizaynımız necədir?