Milli Məclisin Aparat rəhbəri ilə bağlı ilginc faktlar
İstiqlalçı deputatların pensiya hüququnun pozulması ilə bağlı davam edən məhkəmə baxışı haqqında hazırlanmış aşağıdakı məlumatın mühüm ictimai-siyasi və hüquqi dəyəri olduğunu nəzərə alaraq “Gündəm xəbər”ə daxil olan məlumatlarda ilginc faktlar yer alıb. İstiqlalçı deputatların yaydığı açıqlamaya əsasən, 1991-1995-ci illərdə fəaliyət göstərən Milli Məclisin üzvləri olmuş şəxslərin, o cümlədən istiqlalçı deputatlar Hacıbaba Əzimov, Firudin Cəlilov, Məryəm Həsənovanın sabiq deputatlar üçün müəyyən olunmuş pensiya hüquqları heç bir əsas olmadan, tamamilə qanunsuz olaraq pozulmuşdur. Bu isə sadə bir məsələ deyil, şəxsiyyətə, cəmiyyətə və dövlətə zərər yetirən və təhlükə yaradan əməl (hərəkət və ya hərəkətsizlik), sosial sahədə dövlət siyasətinə ikili standartlardan yanaşaraq, sabiq deputatlarının bir hissəsinə qarşı diskriminasiya tətbiq etmək cəhdi olduğuna görə kütləvi informasiya vasitələrinin və ictimaiyyətin diqqət mərkəzində saxlanılmaqdadır. İstiqlalçı Deputatlar Məclisinin (İDM) mətbuat xidməti istiqlalçı deputatların pensiya hüququnun pozulması ilə bağlı Apellyasiya məhkəməsinin gedişi haqqında yeni məlumat yaymışdır. Redaksiyamıza daxil olan həmin məlumatda göstərilir ki, istiqlalçı deputatlar Hacıbaba Əzimov, Firudin Cəlilov və Məryəm Həsənovanın cəmi 51 nəfərdən ibarət ilk Milli Məclisin üzvləri seçilməsinə və 1991-1995-ci illərdə orada qanunverici səs hüquqlu deputat statusunda fəaliyyət göstərməsinə baxmayaraq, Dövlət Sosial Müdafiə Fondu həmin sabiq deputatların pensiya ilə bağlı müraciətlərinə cavab məktubunda hüquq normalarını deyil, Milli Məclisin Aparatının rəhbəri S.Mirzəyevin vaxtilə səlahiyyətlərini aşaraq qanuna verdiyi antikonstitusion şərhini əsas tutaraq və onun absurd cümlə və ifadələrini eynilə təkrar edərək onlara sabiq deputatlar üçün müəyyən olunmuş pensiya verməkdən imtina etmişdir. Buna görə də sabiq deputatlar aidiyyəti üzrə məhkəmələrə müraciət etmişlər. Lakin pensiya hüququqlarının pozulması ilə bağlı H.Əzimovun şikayətini 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, F.Cəlilov və M.Həsənovanın iddialarını isə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi təmin etməmiş, qanunvericiliyə tamamilə zidd, ədalətsiz qərarlar qəbul etmişlər. Hazırda prof. H.Əzimovun şikayətinə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasında, F.Cəlilov və M.Həsənovanın şikayətlərinə isə Sumqayıt Apellyasiya Məhkəməsində baxılır. Apellyasiya şikayətlərinə məhkəmə baxışı zamanı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun və üçüncü şəxs qismində məhkəməyə cəlb edilmiş Səfa Mirzəyevin günahı tam aydınlığı ilə üzə çıxmışdır. Cavabdeh DSMF-in və onun rayon şöbələrinin nümayəndələri tərəflərin çəkişmə prosesində çox aciz duruma düşmüşlər. Məsələn, iddiaçı prof. H.Əzimovun öz pensiya hüququnun pozulmasının sübutu olaraq istinad etdiyi hüquq normalarına və təqdim etdiyi dəlillərinə qarşı cavabdeh tərəf hər hansı əks-arqument və əsas göstərməmiş, iddiaçının pensiya ilə bağlı qanunvericiliyin tətbiq edilməsinə dair verdiyi çoxsaylı suallardan heç birinə hüquq normaları əsasında dürüst cavab verə bilməmişdir. Məlumatda bildirilir ki, istiqlalçı deputatlar məhkəmələrə və aidiyyəti üzrə digər hakimiyyət orqanlarına müraciətlərində Milli Məclisin Aparatının rəhbəri S.Mirzəyevin səlahiyyətlərini aşaraq və vəzifə cinayətinə yol verərək ilk Milli Məclisin üzvlərinə qarşı qərəzli mövqedən çıxış etdiyini, onların halal deputat pensiyalarını almasına maneçilik törətdiyini, hətta məhkəmələrin işinə qanunsuz müdaxilələr etdiyini dəlillər əsasında göstərmiş və onun bu əməllərinə görə məsuliyyətə cəlb olunmasını xahiş və tələb etmişlər. Onlar xüsusən ərizə və şikayətlərində vurğulamışlar ki, S.Mirzəyev qəsdən hakimlərdə belə bir fikir yaratmışdır ki, güya ilk Milli Məclisin deputatlarına qanunsuz olaraq deputat pensiyası verilməməsi dövlət başçısı İ.Əliyevin siyasi iradəsi ilə bağlıdır, güya o, ilk Milli Məclisin deputatlarına pensiya verilməsinin əleyhinədir. Lakin 2013-cü il oktyabrın 2-də sabiq deputatlar H.Əzimovla F.Cəlilov birlikdə Ədliyyə Nazirinin qəbulunda olarkən nazir F.Məmmədov ilk Milli Məclisin üzvlərinə deputat pensiyası verilməməsinin Prezident İ.Əliyevin siyasi iradəsi ilə bağlı olması haqqında yayılan fikirlərin yalan və şayiə olduğunu bildirmiş və “belə bir rəy olmayıb və yoxdur, əgər olsa idi, bunu birinci mən bilərdim” – demişdir. Bu yaxınlarda istiqlalçı deputatların əldə etdiyi mühüm bir sənəd də Ədliyyə naziri cənab F.Məmmədovun yuxarıdakı sözlərinin tam həqiqəti əks etdirdiyini və eyni zamanda S.Mirzəyevin qanunsuz əməlləri haqqında onların iddialarının dürüst və doğru olduğunu bariz şıkildə təsdiq edir. Həmin sənəddən aydın şəkildə görünür ki, sən demə, S.Mirzəyev əvəllər Ali Arbitraj Məhkəməsinin, son illərdə isə Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətlərinə aid funksiyaları mənimsəmək əlamətlərinə yol verərək təkcə ilk Milli Məclisin deputatlarının deyil, həm də sabiq dövlət qulluqçularının pensiya təminatı məsələlərinin həllində əsas söz sahibi, hökmverici qurum rolunda çıxış etməkdədir. Belə ki, S.Mirzəyevin Dövlət Sosial Müdafiə Fondunun sədri S.Müslümova ünvanladığı 14 noyabr 2005-ci il tarixli, 02-1-249 saylı məktubundan aydın olur ki, qarşılıqlı sövdələşmə nəticəsində S.Müslümov S.Mirzəyevi Konstitusiya Məhkəməsi qismində tanıyaraq və 27 oktyabr 2005-ci il tarixli 02/04-401 saylı məktubla ona müraciət edərək “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Qanunun 2.1.3-cü maddəsinə rəsmi təfsir verməsini xahiş etmişdir. S.Mirzəyev isə S.Müslümova ünvanladığı 14 noyabr 2005-ci il tarixli, 02-1-249 saylı məktubunda Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə müdaxilə edərək “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Qanunun 2.1.3-cü maddəsinə antikonstitusion təfsir (şərh) vermiş, DSMF isə bu təfsirə istinad edərək vəfat etmiş minlərlə sabiq dövlət qulluqçularının dul arvadlarını (ərlərini), analarını (atalarını) və 22 yaşına çatmamış uşaqlarını pensiya hüququndan məhrum etmişdir. Lakin aldığımız dürüst məlumata görə, bu məsələ ilə bağlı iddiaçıların şikayətlərinə baxan məhkəmələr S.Mirzəyevin təfsirinin və ona istinad edən Dövlət Sosial Müdafiə Fondunun hərəkətlərinin qanunvericiliyə zidd olduğunu təsbit etmiş və yuxarıda göstərilən kateqoriyadan olan vətəndaşların pensiya hüquqlarını təmin etmişlər. Məhkəmə çəkişmələrində aydın olmuşdur ki, Milli Məclisin Aparatının rəhbəri S.Mirzəyevin, Dövlət Sosial Müdafiə Fondunun və birinci instansiya məhkəmələrinin ilk Milli Məclisin üzvlərinin deputat pensiyası almaq hüququnu inkar etməsi faktiki olaraq Milli Məclisin sabiq deputatlarının bir hissəsinə qarşı diskriminasiya tətbiq edilməsi deməkdir ki, bu da onların cinayət məsuliyyətinə cəlb edilməsinə imkan verir. S.Mirzəyevin Konstitusiya Məhkəsinin qanunlara təfsir (şərh) verməklə bağlı müstəsna səlahiyyətlərini mənimsəmək cəhdləri isə daha ciddi cinayət tərkibi yaradan haldır və buna görə də iddiaçılar məhkəmədən onun haqqında xüsusi qərar da qəbul edilməsi barəsində vəsatət vermişlər. Lakin S.Mirzəyevin dəfələrlə vəzifə cinayətinə yol verərək Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə müdaxilə etməsinə, daha doğrusu, onun səlahiyyətlərinin mənimsənilməsi əlamətlərinə yol verməsinə baxmayaraq, sabiq deputatların S.Mirzəyevin məhkəməyə çağırılaraq etdiyi qanunsuz hərəkətlərə görə ondan izahat alınması ilə bağlı verdikləri vəsatət və tələblərinə indiyədək məhkəmələr tərəfindən baxılmamışdır. RÜFƏT
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?