Təhqiqat və istintaq orqanlarının yarıtmaz və fərsiz fəaliyyəti nəticəsində açılmamış ölüm faktları DİN-in statistikasında öncül yerləri tutur. Cəzadan yayına bilən cinayətkar etdiyindən də qatı cinayət törədir. Manyaklaşan qatil və ya killer peşəkarlaşandan sonra, öz çevrəsində cinayətkar şəbəkə yaradır. Bu minvalla da qrup şəklində törədilən cinayətin sayı artır. Peşəkarlaşan cinayətkar tərəfindən törədilən cinayətlərin, ələlxüsus da qətllərin açılma %-i 0-a bərabər olur. Cinayətlərinin açılmasında ipucu qoymayan, kobud səhvə yol verməyən cinayətkarların bəzən hüquq mühafizə orqanları heç izinə belə düşə bilmirlər. İsti izləri qaçıran və fürsəti fövtə verən istintaqçılar sonrakı etapda nə qədər çabalasalar da cinayətkar artıq çayı basıb keçmiş olur. İndi xatırlayacağımız tükürpədici qətl hadisəsi 19 il bundan öncə qəddarlıqla törədilən qətl hadisəsidir. Bizə müraciət edən Ağstafa rayon (həmin ərəfədə Qazax rayonunun inzibati ərazisi sayılan) Köhnəqışlaq kənd sakini Əsgərov Mahmudəli İmamverdi oğludur. Onu kənddə hamı Mamed kimi tanıyır. 70 yaşlı ata bildirir ki, “12 sentyabr 1995-ci il Ağstafa rayon Polis Şöbəsinidə çalışan oğlu Əsgərov Mehdi Mahmudəli oğlu amansızcasına qətlə yetirilmişdir. Mamed kişi bildirir ki, oğlu Astarxanda hərbi xidmətini başa vurub ölkəmizə dönəndə torpaqlarımız uğrunda döyüşlər gedirdi. O da bütün vətənpərvər oğlanlarımız kimi silaha sarılıb vətənimizin bütövlüyü uğrunda döyüşə qatıldı. Öz kəndimiz düşmənlə yaxın sərhəd olduğuna baxmayaraq o, 1992-93-cü illərdə Tərtər rayonunda gedən döyüşlərdə iştirak etdi. Sonradan o, Ağstafa rayon polis şöbəsinə işə düzəldi. Polis olmağına baxmayaraq rayonun bütün şəxsi heyyəti kimi o da kəndimizin müdafiəsində iştirak edirdi”. 12 sentyabr 1995-ci il günorta saatlarında oğlum Mehdinin rayon ərazisində öldürüldüyü xəbərini alıb, rayon mərkəzinə getdim. Sonradan qətl hadisəsinin üzüm bağlarında baş verdiyini eşidib həmin əraziyə qaçdım. Həmin gün saat 10-11 radələrində həmin ərazidə heyvan otaranlar oğlum Mehdinin cəsədini görmüş və polisə xəbər vermişlər. Mən hadisə yerinə gələndə əməliyyatçılar həmin ərazidə idilər. İlkin əməliyyat zamanı məlum oldu ki, oğlum Mehdinin atıldığı yerə qanı axmamışdır. Məlum oldu ki, Mehdini başqa yerdə öldürüb, gətirib bura atıblar. Müəyyən istintaq hərəkətləri aparıldıqdan sonra oğlumun meydini yaşadığım Köhnəqışlaq kəndinə apardıq. Yenidən meyidi müayinə etmək üçün kəndə Qazax rayon Məhkəmə Tibbi Ekispertiza və Potoloji Anatomiya Birliyinin qrupu dəvət edildi. Mərhumun atasının dediyinə görə, onların yaşadığı evin həyətində yaxınlarının və kənd camaatının gözləri qarşısında ekspert qrupu meyidə baxış keçirərkən 28 kəsilmiş-deşilmiş bıçaq yarası və boğaz nahiyyəsinin kəsilmiş vəziyyətini aşkarlayıb. Hamının şahidliyi ilə meyid yarılaraq daxili orqanlardan analizlər götürülmüşdür. Bütün bu baş verənləri soyuqqanlılıqla qarşılayan ata elə zənn edirmiş ki oğlunun qatilləri tezliklə tapılacaq. Qəsddən adam öldürmə maddələri ilə cinayət işi qaldırılsa da maraqlı tərəflərin təyziqi nəticəsində axtarış işləri sönük aparılıb. Həmin vaxt Ağstafa rayon Polis Şöbəsinə Nizami Göyüşov rəhbərlik edirmiş. Mamed kişi dəfələrlə N. Göyüşovun qəbulunda olmuş, oğlunun qatilinin tezliklə tapılmasını tələb etmişdir. İstintaqın ləng aparıldığına görə etiraz etmiş, müstəntiqin dəyişdirilməsini təkid etsə də buna müvəffəq olmamışdır. Qazax rayon Prokurorluğuna dəfələrlə şikayət edilsə də qətlin açılmasında dönüş yaranmamışdır. Mamed kişi müstəntiqdən iş haqqında soruşarkən: “axtarırıq, tapılacaq” deyirmiş. Mamed kişinin şahidlərə istinadən verdiyi məlumata görə, 12 sentyabr 1995-ci il səhər saatlarında Mehdini kirayə qaldığı evdən çağıraraq naməlum istiqamətə aparıblar. Çox keçməyib ki, qətl hadisəsi Ağstafa polis idarəsini ayağa qaldırıb. Təəssüf ki, hansısa sehirli əl cinayət axtarış əməliyyatını ləngidib. İsti izlərlə tapılması qaçınılmaz olan qatilin yaxalanmasına kim mane olub? Qətlin açılmasında bir çox müəmmalı suallar yaranır. Bu müəmmalardan sonra Mamed kişidə müəyyən şübhələr oyanır. O, özlüyündə düşünür ki, bəlkə də qatili Mehdinin xidmət etdiyi polis şöbəsində axtarmaq lazımdır. Bəzən onda belə bir yəqinlik də yaranır kı, qatil tapılıb, pulu alınıb və sərbəst buraxılıb. Beləliklə də bu cinayət işi ört-basdır edilib. Valideyinlərinin dediyinə görə Mehdi şöbə rəisi Nizami Göyüşovla həmişə münaqişədə olub. Artıq bu hadisədən 19 il ötmüşdür. Çox güman ki, bu qətlin açılmasında maraqlı olmayanlar iş başında deyil. O vaxt qılınclarının dalı-qabağı kəsənlərin indi təsir imkanları məhduddur. Yetər ki cinayət işi yenidən qaldırılaraq, qatil tapılsın. Söhbətin sonunda Mamed kişi 70 yaşım var deyir. “19 ildir oğlumun qatilinin tapılaraq cəzalandırılması həsrəti ilə yaşayıram. Qatil isə azadlıqda sərbəst gəzir. Heç kimlə düşmənçiliyimiz, ədavətimiz olmayıb. “Mən bütün bunlardan sonra bir ehtimal haqqında düşünürəm: oğlum Mehdinin sağlığında özünün dediyinə görə, çalışdığı şöbədə bir çox qanunsuzluqların, silah ambarının talanının, Gürcüstan vətəndaşlarının maşınlarının əlindən alınaraq idarədə sökülməsinin şahidi olub. Bu versiyalar da onun aradan götürülməsinə səbəb ola bilər”. Ağstafa rayon polis şöbəsinin əməkdaşları həmişə oğlum haqqında fəxrlə danışırlar. Mehdi 1992-93 cü illədərdə Qarabağda, Tərtərdə qızğın döyüşlərdə iştirak edib, fəxri fərmanlarla təltif edilib. Mehdi yadigarı Orxan (nəvəsi) bu il hərbi xidməti döyüş bölgəsində başa vuraraq evə dönüb. O, atasını belə xatırlamır. Mamed kişi mətbuat vasitəsilə ölkə başçısı İ. Əliyevdən bu cinayət işinin nəzarətə götürülməsini, baş prokuror Z. Qaralovdan, daxili işlər naziri R. Usubovdan Ağstafa rayon Polis Şöbəsinin sabiq əməkdaşı Əsgərov Mehdi Mahmudəli oğlunun qatilinin tapılaraq cəzalandırılmasını tələb edir. KƏNAN
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?