Əmisinin evindən oğurluq edən gəncin cəzası yüngülləşdirildi
O, əmisinin pulunu oğurladığını etiraf etdi və əmisini günahkar bildi
Oğurluqda təqsirli bilinən 1987-ci il təvəllüdlü Ümid Ramazanovun cinayət işi üzrə məhkəmə başa çatıb. İttihama görə, 2013-cü ilin avqustun 19-da Abşeron rayonu, Saray qəsəbəsində yaşayan Qabil Ramazanovun evindən 200 min manat oğurlanıb.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində oğrunun Qabil Ramazanovun qohumu olduğu üzə çıxıb. Ev sahibi Qabil Ramazanovun əmisi oğlu Ümid Ramazanov avqustun 19-da ailənin evdə olmamasından istifadə edərək, evə girib və 200 min manat pulu götürüb. Ümidin əvvəlcədən ailəyə gediş-gəlişi olduğu və bu səbəbdən də pulun harada saxlanıldığını bildiyi üçün oğurluq ona heç bir çətinlik yaratmayıb. Ev sahibi Qabil Ramazanov Saray qəsəbəsində “Pəhləvanlar” adlı kafe
işlədir. Onlar 7 qardaşdırlar və qardaşların hamısı tanınmış pəhləvanlardır.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ümid Ramazanov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Ümid Ramazanov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Onun şikayəti baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib.
Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə Ümid Ramazanovun vəkili Oqtay Əliyev bildirib ki, birinci instansiya məhkəməsi təqsirləndirilən Ümid Ramazanova cəza təyin edərkən toplanmış sübutlara düzgün hüquqi qiymət verməyib: “Məhkəmə təqsirləndirilən şəxs barəsində kifayət qədər yüngülləşdirici halların məcmusunu müstəsna hal hesab etməyib və ədalətsiz hökm çıxarıb”.
Vəkilin fikrincə Ümid Ramazanovun cinayətin açılmasına, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi, cinayət nəticəsində dəymiş maddi və mənəvi zərəri könüllü olaraq ödəməsi, zərərçəkmiş şəxslə razılıq əldə etməsi də yüngülləşdirici hal kimi qiymətləndirilməyib. Onun sözlərinə görə, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar nəzərə alınmayıb. Vəkil bildirib ki, Ümid Ramazanovun barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməklə təqsirli bilindiyi maddədə müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər.
Ümid Ramazanov ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərib ki, zərərçəkmiş Qabil Ramazanov onun əmisidir:
“7-8 ildir ki, əmimin kafesində nəzarətçi işləmişəm. Kafedə işlədiyi müddət ərzində Qabil mənə əməkhaqqı verməyib. Əmim həmin aylıq maaşları yığaraq mənə toy edəcəyini deyib. Cinayət törətməmişdən əvvəl əmimdən məni evləndirməsini xahiş etdim. Lakin əmimin pul olmadığına görə, məni evləndirməcəyini bildirdi. Bundan sonra, əmimin evində pul olduğunu bildiyim üçün oğurluq etmək qərarına gəldim”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, oğurluq zamanı seyfdən selofan torbasında olan pulları saymadan götürüb: “Həmin vaxt seyfdə olan digər pul və qızıl-zinət əşyalarını götürməmişəm. Oğurluq əməlini törətdikdən sonra pulları sayaraq 120000 manat olduğunu bilmişəm. Həmin pullardan yalnız 3000 manat götürmüşəm, qalan pulları əmimə məxsus 90-DK-167 dövlət qeydiyyat nömrə nişanlı VAZ-21015 markalı avtomaşına qoyaraq, avtomaşını Bakı şəhəri avtovağzalının avtodayanacağında saxlamışam. Özüm isə Türkiyəyə getmişəm. İki gündən sonra öz mobil telefonumdan qardaşım Zamiqin istifadəsində olan telefona mesaj yazaraq, oğurlanmış pulların olduğu yeri haqqında məlumat vermişəm, qardaşımdan xahiş etmişəm ki, əmimə bu barədə desin”.
Şahid qismində dindirilən Zamiq Ramazanov qardaşının dediklərini təsdiqləyib. O, bildirib ki, avqsutun 20-də Ümid ona zəng edib: “Ümid xarici ölkənin telefonundan mesaj yazaraq qeyd edib ki, qaqaş maşını avtovağzalda padvala qoymuşam, pulda onun içində Qabilə denən, getsin götürsün. Bundan sonra polis işçiləri ilə birlikdə avtovağzala getdik. Orada Ümidin idarə etdiyi
avtomaşına müstəntiq baxış keçirdi. Avtomaşının salonunda 116700 manat pul aşkar edilərək götürüldü”.
Başqa bir şahid Elmin Məmmədov deyib ki, avqustun 19-da, saat 01:30 radələrində Ümid Ramazanov onu evindən çağırıb və ondan pulu saxlamağını xahiş edib: “Ümid dedi ki, əmisi Qabilin ona borcu var idi, lakin Qabil ona pul vermirdi, o da həmin pulları Qabilin evindən götürüb. Ümid daha sonra bildirdi ki, pulun bir hissəsini özünə götürəcək, qalan pulu maşına qoyacaq və telefonla məlumat verəcək ki, Qabil həmin pulları götürsün”.
Zərərçəkmiş Qabil Ramazanov məhkəməyə ərizə ilə müraciət edərək bildirib ki, qardaşı oğlu Ümid Ramazanov tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənilib. Onun qeyd etdiyinə görə, Ümid Ramazanovu bağışlayıb: “Mənim təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və iddiam yoxdur. Məhkəmədən Ümid Ramazanova qanun çərçivəsində ən yüngül cəza təyin edilməsini xahiş edirəm”.
Prosesdə çıxış edən prokuror Teymur Əsədov bildirib ki, birinci instansiyası məhkəməsi təqsirləndirilən şəxsin barəsində yüngülləşdirici halları nəzərə alıb. Bu səbəbdən də prokuror apelyasiya şikayətinin təmin edilməməsini xahiş edib. Daha sonra qərar qəbul edən hakimlər Ümid Ramazanovun apelyasiya şikayətini qismən təmin ediblər və onun cəzasını 6 ilə endiriblər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?