Fantastik qiymətlərə görə müalicə ala bilməməsi səbəbindən ölənlər var…
Azərbaycanda fəaliyyət göstərən özəl tibbi klinikalarda əhaliyə göstərilən tibbi xidmətin qiymət tariflərinin çox yüksək olması barədə mövzuya mətbuatda mütəmadi olaraq məlumatlar dərc olunur. Amma təəssüflə qeyd edirik ki, özəl klinikalarda olan sözügedən problemlər hələ də istənilən səviyyədə həllini tapmayıb, əksinə, vətəndaşlardan bu sahədən gələn şikayətlər artmaqda davam edir.
Təbii ki, bu problemlərdən söz açılanda ilk olaraq gündəmə olaylara təsir edəcək və nəzarət etməli olan səlahiyyətli hökumət strukturları gəlir. Təbii ki, özəl klinikalardakı nöqsanlardan söhbət gedirsə, Səhiyyə Nazirliyinin bu məsələlər müdaxiləsi qaçılmazdır.
Keçək mətləbə.
Ölkədə əhalinin ən sıx məskunlaşdığı paytaxt Bakıda, demək olar ki, hər il bir neçə özəl klinika fəaliyyətə başlayır. Türkiyə kimi böyük dövlətdə özəl xəstəxanaların sayı 400-dən çox olduğu halda, Azərbaycanda bu rəqəm 500-ü keçib. Gəlirli sahə olduğu üçün "yağışdan sonra çıxan göbələklər"də qiymətlər od tutub yanır. Burada məqsəd keyfiyyətli tibbi xidmət göstərmək olsa da əsas hədəf daha çox gəlir əldə etməkdir. Ölkədə tibbi fəaliyyətə başlamaq üçün lisenziyanın qiyməti 5500 manatdır. Hər halda, milyonlar qazanmaq üçün bu məbləği ödəmək imkanlı şəxslər üçün elə də böyük pul deyil. Dövlət xəstəxanalarında əhalinin sosial vəziyyəti müəyyən mənada düşünülsə də özəl klinikalarda buna əhəmiyyət verilmir. İş prinsipi belə qurulub: əvvəl pul, sonra tibbi yardım. Keyfiyyətli xidmətə və xəstənin sağalmasına isə heç kim zəmanət vermir. Bu vəziyyətə nəzarət isə dövlətin üzərinə düşür.
Özəl klinikalarda həddən artıq bahaçılıq və eyni analizin qiymətinin bəzi klinikalarda fərqli olması müxtəlif səbəblərlə izah olunur. Burada xidmət göstərən həkimlərin peşəkar olması, texniki avadanlığın yeni və bahalı olması, həmçinin bu aparatlarla işləyən mütəxəssislərin öz peşələrini xaricdə daha dərindən öyrənmələri üçün kurs keçmə xərclərinin bu qiymətlərə təsir etməsi bəhanədir. Çox hallarda bir neçə özəl xəstəxanada verilən müayinənin fərqli cavabları olur. Buna səbəb bəzən bu müəssisələrdə adı təzə, ancaq reallıqda köhnə avadanlıqlardan istifadə, laboratoriyada peşəkar mütəxəssis çatışmazlığıdır.
Azərbaycanda hər il xəstələrin sayı artır. Dövlət Statistika Komitəsinin əhalinin xəstələnməsi ilə bağlı yaydığı son məlumatlara əsasən, vətəndaşlar 2012-ci ildə tibb müəssisələrinə ən çox bu xəstəliklərdən müraciət ediblər: tənəffüs orqanları - 724 min 329 nəfər, həzm sistemi - 131 min 534, infeksion və parazit - 118 min
39, qan dövranı sistemi xəstəlikləri - 121 min 988, travmalar, zəhərlənmələr və digər səbəblərdən - 114 min 707 nəfər.
2011-ci ilin statistikasına görə isə, əhali ən çox tənəffüs orqanları xəstəliklərindən (694 min 738 nəfər), həzm sistemi (118 min 278 nəfər), qan dövranı sistemi (113 min 702 nəfər), travmalar, zəhərlənmələr (107 min 6 nəfər), sinir sistemi (54 min 667 nəfər), hamiləlik, doğuş və zahılıq dövrünün xəstəliklərindən (46 min 97 nəfər) müalicə alıb.
Bu xəstəliklərin müalicəsi dövlət xəstəxanaları ilə yanaşı, özəl klinikalarda da təklif olunur.
Göründüyü kimi, ildən-ilə artan xəstəliklər vətəndaşların dövlət tibb ocaqları ilə yanaşı, özəl klinikalara müraciətinin sayında da artım müşahidə olunur. Özəl klinikalar bu artımdan məharətlə istifadə edirlər. Klinikaların həkimlərinin tez-tez müxtəlif telekanallara çıxaraq reklamla məşğul olması buna sübutdur.
Apardığımız araşdırma nəticəsində məlum oldu ki, Bakıda fəaliyyət göstərən bir neçə özəl xəstəxananın qiymətləri heç də hamının cibinə uyğun deyil. Belə ki, son zamanlar reklam sayəsində xeyli müştəri toplayan özəl klinikaların birində həkim qəbulu 40 manatdır, qan analizi 8 manatdan başlayır. Kompüter tomoqrafiyası 15-150 manat arasında dəyişir. Cərrahi müdaxilə vacib olduğu təqdirdə, bütün analizlər daxil olmaqla ödün çıxarılması 850-900 manat, daxili orqanlarda əməliyyat isə 1000-1300 manat təşkil edir. Kiçik əməliyyat sayılan sünnət isə 50-100 manata başa gəlir.
"Loğman" klinikasında qiymətlər nisbətən aşağıdır. Pasientlər qan analizindən keçmək üçün minimum 5 manat, sidiyin ümumi analizi üçün isə 4 manat ödəməlidirlər. Tomoqrafiya 80-100 manat arasında dəyişir.
Dövlət Neft Şirkətindən alınaraq Səhiyyə Nazirliyinin balansına verilən və paytaxtda ən tanınmış tibb ocaqlarından olan Mərkəzi Neftçilər Xəstaxanasında da "özəl" qiymətlər mövcuddur. Ən çox ürək-damar sistemi, qaraciyər və böyrək xəstəliklərinin əməliyyatında ad çıxaran xəstəxanada ürək əməliyyatlarının qiyməti 5000 min manatdan yuxarıdır. Əməliyyatın növündən asılı olaraq bu qiymət bəzən 8500-10000 manata qədər yüksələ bilər. Bu hələ son deyil, ölkədə ən bahalı əməliyyat sayılan qaraciyərin transplantasiyasıdır ki, bunun qiyməti həmin xəstəxanada nə az-nə çox, 55 min manatdır. Əgər donor yaxın qohum deyilsə, bu məbləğ daha da artır. Digər klinikalarla müqayisədə burada normal doğuş analiz də daxil olmaqla 650 manata başa gəlir. Qeysəriyyə əməliyyatı isə ananın vəziyyətinə görə dəyişir və 800 manatdan başlayır.
Qonşuluqda yerləşən Leyla Şıxlinskaya Klinikasında da xidmətlərə bazar iqtisadiyyatına uyğun olaraq qiymət qoyulur. Burada doğuşun qiyməti 1200 manata təklif olunur. Qeysəriyyə əməliyyatı üçün isə daha 300
manat ödəmək lazımdır. Qanın ümumi analizi 8 manat, mədənin zondla müayinəsi 60 manat, rentgen müayinə isə 15-30 manat arasındadır.
Adının çəkilməsini istəməyən Bakı sakinin bildirdiyinə görə, o, “Baku Medical Plaza”da tomoqrafiya üçün 94 manat ödəyib: “Belimdə 11 millimetrlik yırtıqla əməliyyat olundum. 750 manat əməliyyatın xərci oldu. Xəstəxanadan çıxandan 1 həftə sonra tikiş sökülməsinə getdik, ona da 5 manat verdik”.
Bir müddət özəl klinikada laboratoriya həkimi kimi çalışan bir tanışımız isə bildirdi ki, təkcə laboratoriyanın gündəlik 1000 manat qazancı olurdu. Onun sözlərinə görə, həmin klinika 3 məşhur həkimə görə açılmışdı və dar çərçivədə işləyirdi: “Klinikada müayinələr 20 manata aparılırdı, amma məşhur həkimlər 50 manata pasienti yoxlayırdı”.
Qərara gəldik ki, Dövlət Statistika Komitəsinin açıqladığı ən çox tutulan xəstəliklərə görə özəl klinikalarda müayinə qiymətlərinə nəzər salaq. Onu da yaddan çıxarmaq olmaz ki, bu ölkədə minimum əmək haqqı 93,5 manat, muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 397,1 manatdır.
Mərkəzi Klinikada mədə-bağırsaq sisteminin müayinələri 21-168 manat aralığında dəyişir. Normal və keysəriyyə əməliyyatı ilə doğuş 1046 manatdan 1806 manata qədərdir. Mədə əməliyyatlarına isə 982 manatdan 2844 manata qədər pul lazımdır. Əməliyyatdan sonra reanimasiyada yatan xəstəyə həkim və tibb bacısının baxması üçün əlavə ödəmələr həyata keçirilir. Bu qiymət də 12-216 manat aralığında dəyişir. Xəstə stasionara köçürüldükdən sonra həkim və tibb bacısının xidmətlərinə görə 25-65 manat civarında pul verilməlidir. Klinikada tənəffüz orqanları xəstəliklərinin müayinəsi 127 manatdan 205 manata qədərdir. Burada USM-ə görə 17-81 manat pulunuz çıxacaq. Siz Mərkəzi Klinikadan Təcili Yardım maşınını iş günləri saat 9:00-dan-17:00-a qədər çağırmısınızsa, 43 manat, iş günü olsa da, gecə gəliblərsə, 53 manat, çağırış tətil və istirahət günlərinə təsadüf edirsə, gündüz 65 manat, gecə 85 manat ödəyəcəksiniz. Klinika xəstələrin başqa ölkələrə evakuasiyasını da təşkil edir. Türkiyə və Irana həkim müşahidəsi ilə getmək istəyirsinizsə, 1298 manatınızdan keçməlisiniz. Rusiyaya evakuasiya üçün 1622, Avropa ölkələrinə 2163, ABŞ-a 9450 manat ödəmələr tələb olunur.
AVA - Skandinaviya Klinikasında ana olmaq istəyənlər müayinə və müalicə olunur. Klinikada ultra-səs müayinələri 15 manatdan 100 manata qədərdir. Diaqnostik müayinələr 35-100 manat aralığında dəyişir. Qadınlara 10 manat qarşılığında Ana südü haqda təlim keçirilir.
“Xəzər” Klinikasında stamatologiya və terapiya üzrə müayinələr təklif edirlər. Qiymətlər isə aparatlara və həkimə görə təyin olunur.
Respublikada özəl klinikaların sayı çoxdur, amma əksəriyyətində peşəkar həkimlər yoxdur. Bu gün televiziyada özəl klinikaların reklamları gedir. Verilişlərə gələn həkimlər ağıllarına gələnləri danışırlar. O həkimlər özləri mütəxəssis deyillər.
Qiymətlərin müəyyən olunmasına səbəb kimi göstərilən avadanlıqlar əslində, köhnəlmiş halda alınıb təzə adı ilə pasientlərə təqdim olunan alətlərdir. Bu cihazlardan təşkil olunan laboratoriyaların düzgün analiz etməsinə şübhə var.
Hər bir özəl klinikanın əsasnaməsi olmalıdır. Orada konkret qeyd olunmalıdır ki, hansı xidmətləri göstərəcəklər.
Səhiyyə Nazirliyindən isə bildiriRlər ki, onlar özəl klinikaların qiymət siyasətinə qarışa bilməzlər. Amma Nazirlik daxilində olan komissiya özəl klinikalarda monitorinqlər aparır. Onlar avadanlıqların lisenziyası və pasientlərə göstərilən xidmətləri təftiş edirlər.
Bir müddət öncə “Baku Medical Plaza” Tibbi Klinikada vətəndaşlara göstərilən tibbi xidmətin qiymətlərinin kəllə-çarxa çıxması ilə bağlı daxil olan şikayətlər barədə də mətbuatda məlumat dərc olundu. Məlumatda qeyd olunur ki, klinikada xanım pasiyentlərin həyat yoldaşının doğuşda iştirakına və film, foto çəkilişlərinə gğrə, 200 manat qarşılığında icazə verilməsi, kənardan fotoqraf gətirilməsinin qadağan olunması və paketdən xaric yatış gününün 100 manatdır.
“Baku Medical Plaza”nın internet səhifəsində əhaliyə təqdim edilən tibbi xidmətlərin tarif qaydaları, tibbi xidmətin qiymətləri barədə hər hansı məlumat yoxdur.
Səhiyyə Nazirliyindən verilən açıqlamada bazar iqtisadiyyatı şəraitində qiymətlərə nəzarətin onların əlində olmadığını bildirirlər və vurğulayılar ki, bu prosesə nəzarət nazirliyin səlahiyyətinə aid deyil. Bununla İqtisadi İnkişaf Nazirliyi və digər maliyyə qurumları məşğul olur. Səhiyyə Nazirliyi isə həmin klinikaların dövlət standartlarına uyğun tibbi xidmət göstərib-göstərmədiyinə nəzarət edir. Bu sahədə hər hansı bir problem olarsa və bu problem həmin klinikanın fəaliyyətindən qaynaqlanarsa, müvafiq tədbirlər görülür. Burada həm cəza, həm də cərimə tətbiq oluna bilər.
Amma hər halda özəl klinikaların öz qiymət siyasətlərinə diqqət yetirməsinə ciddi ehtiyac var. Çünki doğrudan da fantastic qiymətlər bir çox hallarda imkansız insanların tibbi xidmət ala bilməməsinə, hansısa əməliyyatdan imtina etmək məcburiyyətində qalmasına səbəb olur ki, bu da bəzən ölümlə nəticələnir. İnsaf da yaxşı şeydir…
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?