Özünü icra hakimiyyətinə yaxın şəxs kimi təqdim edən Rzaquliyevi, görəsən hüquq-mühafizə orqanı əməkdaşları lazımınca cəzalandıra biləcəklərmi ki, Türkan camaatının canı rahatlıq tapsın
“Abşeronda bəzi vəzifə sahibləri illərlə yetişdirdiyimiz və ailəmizin yeganə dolanışıq yeri olan üzüm bağlarını əlimizdən alırlar. Bizi mütəmadi təhdid edir, rahat yaşamağa imkan vermirlər. Hətta vəzifə sahiblərinin qəsəbədəki əlaltıları, evimizə maska ilə hücum çəkməkdən belə çəkinmirlər”. Bu barədə Xəzər rayonu Türkan Üzümçülük Savxozunun bir qrup sakini redaksiyamıza məlumat verib. Sakinlər bildirirlər ki, sovxoz tərəfindən vaxtilə onlara verilmiş torpaq sahələrində şəxsi hesablarına üzüm bağları salıblar. Amma Abşeron Rayon İcra Hakimiyyətində vəzifə sahibi olanlar, minbir əzab-əziyyətlə yetişdirdiklərimiz üzüm ağaclarını kəsdirmək istəyirlər. Bu işdə vəzifə sahiblərinin qeyri-rəsmi “işçi”si, Türkanda torpaq dəllalı kimi məşhur olan Cavad Rzaquliyevdir. Cavad vəzifə sahiblərinin pulyığanı kimi tanınır. Bütün torpaqların alqı-satqısı, sənədləşməsi və bir çox işlər Cavadın razılığı ilə baş tutur. Onun bu işdən yaxşıca varlandığı da məlumdu. Sakinlər iddia edirlər ki, təkcə Türkan qəsəbəsində üç evə, iki villaya sahibdir. Ən azı 4, 5 bahalı maşını var. Maşınların hamısı da eyni nömrəlidir. Dəniz kənarında böyük ərazini zəbt edib. Cavad Rzaquliyevin varlanmasına və qəsəbədə hegamonluğuna şərait yaradan və birbaşa həmin vəzifə sahibləridirlər. Sakinlər minlərlə üzüm ağacının məhv olma təhlükəsi ilə üz-üzə qaldığını və çətinliklə qazandıqları çörək pulunun əllərindən alındığını belə izah edirlər: “Makler Cavad Rzaquliyev, bələdiyyənin keçmiş üzvü Əkbər Vəliyev, başqa bir makler Rövşən Mahmudov və Sərhəd Qoşunlarının yüksəkçinli zabiti Oqtay Almuradovun vasitəsilə, bizə məxsus torpaq sahəsini, üzüm bağlarını Sərhəd Qoşunlarına satıb. Bu sahələr II qrup Qarabağ əlili Rafiq Məmmədov, Qarabağ veteranı Qədimalı Hüseynov, Əfqanıstan veteranı Novruz Quliyev və şahid ailələrinə məxsusdur. Cavad Rzaquliyev şəxsən Qarabağ əlili Rafiq Məmmədova deyib ki, sənə aid olan sahənin yarısını və 10000 manat da pul verməlisən. Rafiq Məmmədov əlildir və ailəsini çox çətinliklə saxlayır. Ona görə də Cavadın təklifinə “yox” deyib. Sonra Cavad Oqtay Almuradovla birlikdə yenə ondan 10000 manat istəyiblər ki, Sərhəd Qoşunlarına ayrılan torpaq sahəsinin yerini dəyişsinlər. Biz sakinlər onların istədiyi məbləği ödəsəydik, başqa yerdən torpaq ayrılacaqdı? Təbii ki, nə Cavadın tələb etdiyi məbləğ yoxdur, nə də onlara pul vermək fikrimiz yoxdur. Şikayətçi Novruz Quliyev Cavadın ondan şəxsən pul tələb etdiyini deyir: “Cavad Rzaquliyev şəxsən mənə yaxınlaşıb pul istədi. Dedi ki, heç olmasa yüngül qonaqlıq ver, məsələni sənin xeyrinə həll edim. Onsuz da sərəncam icra hakimiyyətindən veriləcək. Hörmət eləsən sənin yerini layihəyə salmaram”. Sakinlər bilirir ki, Sərhəd Qoşunları adı ilə alınan torpaq sahələri, bir müddətdən sonra hissələrə bölünüb satılacaq. Çünki bir neçə il əvvəl də, belə bir hadisə baş verdi. Hərbçilər böyük bir ərazini çəpərlədir, bir müddətdən sonra elə Cavadın vasitəsilə də satdırır. Türkanda vəzifə sahiblərinin əlaltısı kimi tanınan Cavad Rzaquliyev, bu gün bahalı maşınlara, iki villaya, sayı bilinməyən evlərə, obyektlərə necə sahiblənib? İlk əmək fəaliyyətinə üzümçülük savxozundan başlayan Cavad Rzaquliyev, az müddətdə milyonlara sahib olub. Şikayətçilər iddia edirlər ki, onun şəhərin müxtəlif yerlərində və Türkanda evləri, villaları, eyni dövlət nömrə nişanı ilə ən azından 4 bahalı maşını var: “Qəsəbənin bütün torpaq alqı-satqısı Cavadın vasitəsilə baş tutur. Onun razılığı olmadan Türkanda və ətraf qəsəbələrdə bir metr torpaq satıla bilməz. Bütün sənədləşmə işlərini də, məhz Cavadın özü həyata keçirir. Türkanda yüz hektarlarla yeri hərraca çıxarıb və təbii ki, bu da milyonlar deməkdir. Cavad özü üçün də, hektarlarla torpaq sahələrini zəbt edib. Hətta, sakinlər arasında danışılan söz-söhbətlərdən biri də, Cavadın qudasına torpaq bağışlamasıdır. Onlar bildirirlər ki, heç bir rəsmi vəzifə daşımayan Cavad Rzaquliyev, özünü qəsəbənin əsl sahibi kimi aparır. Onu “şahlıq” iddiasına salan, qeyri-qanuni yolla əldə etdiyi milyonlar, vəzifə sahiblərinin hesabına əldə olunub. Xəzər rayonu Türkan Üzümçülük Sovxozunda ailəsi ilə birlikdə yaşayan Qarabağ veteranı Hüseynov Qədimalı İman oğlu, ölkə başçısı İlham Əliyevə, Daxili işlər Naziri Ramil Usubova, Milli Təhlükəsizlik Naziri Eldar Mahmudova, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya müraciət edərək, ailəsinin
təhlükəsizliyinin təmin edilməsini istəyib. Müraciətdə deyilir: “Qarabağ müharibəsi veteranı tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyeva, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, Daxili İşlər Naziri cənab Ramil Usubova, Milli Təhlükəsizlik Naziri cənab Eldar Mahmudova! Mən ailəlikcə Xəzər rayonu Türkan Üzümçülük Sovxozunda yaşayıram. Qarabağ müharibəsi veteranıyam. Buna baxmayaraq, regionun ən demokratik, hüquqi ölkəsinin vətəndaşı olduğuma inanmıram. Daha doğrusu, inanmağa imkan vermirlər. Çünki, Azərbaycan demokratik və hüquqi dövlət olsaydı, o halda Cavad Rzaquliyev günün gunorta çağı evimə maskalılar göndərməzdi. Cavadın Türkan qəsəbəsində kəsdiyi başa sorğu-sual edən yoxdur. İstədiyi kimi davranır, istədiyi atı istədiyi yerə çapır. Qarşısına çıxanı əzib keçir. Ona bir kiminsə “dur” deməyə cəsarəti çatmır. Təbii ki, Cavad Rzaquliyevin güc mənbəyi, Abşeron rayon İcra Hakimiyyətindəki bəzi vəzifə sahibləridirlər. Cavad qəsəbədə onların pulyığanı və torpaq dəllalı kimi məşhurdur. Cənab Prezident! Nəzərinizə çatdırım ki, Türkan Üzümçülük Savxozuna de-fakto Cavad Rzaquliyev sahiblik edir. Qəsəbədə bütün torpaq sahələri, məhz onun vasitəsilə hərraca çıxarılır. Qeyd edim ki, ailəmi dolandırmaq üçün müqavilə bağlayıb torpaq sahəsi almışam və uzun illərdir ki, üzümçülüklə məşğulam. Ailədə böyükdən kiçiyə hər birimiz, üzüm ağaclarının qulluğunda durub, qayğısına qalırıq. Cavad Rzaquliyev isə, bizi ikinci dəfə yuvamızdan qaçqın salacağına and içib. Dəfələrlə şirin dilə tutub deyir ki, bu sahəni verin mənə. Müsbət cavab eşitməyəndə hədələyir. İndi də bizi bezdirib, bizi bu yerlərdən də məcbur edir. Artıq ikinci dəfədir ki, ailəmin üstünə maskalı şəxslər göndərir, ölümlə hədəliyir və ailəmi namussuz kimi qəsəbəyə təqdim etməyə çalışır. Biz hər iki halda hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin “102”çağrı mərkəzinə məlumat vermişik. Amma görünür, Cavadın əli ölkənin etibar etdiyi ən ali dövlət idarəsinə qədər də uzanır. Cənab Prezident! Onsuz da ermənilər ata-baba yurdumuzdan bizi didərgin salıb, Tanrının bəxş etdiyi ömür payını utanc içində yaşamağa məhkum olmuşuq. Cavad Rzaquliyev ocağımızı isinməyə, süfrəmizi açmağa, işığımızı yandırmağa imkan vermir. Sanki, bir kabus olaraq başımızın üstünə dolanır. Axı, biz Sizə güvənmişik, sizə səs vermişik. İndi yeganə ümid yerimiz Sizsiniz. Xahiş edirəm ki, ailəmi və məni mütəmadi təhdid edən Cavad Rzaquliyev haqqında ölçü götürülməsi üçün hüquq-mühafizə orqanlarına müvafiq tapşırıqlarınızı verəsiniz. Heç bir yerdə işləməyən Cavaddan soruşmaq lazımdır ki, sayı bilinməyən evlərə, villalara, obyektlərə, bahalı maşınlara necə sahib olmusan? Bahalı maşınlara, komfort yaşayış tərzinə necə sahiblənmisən? Hansı qanun ixtiyar verir ki, o, kiminsə ailəsini təhdid etsin?
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?