Son vaxtlar metrostansiyalarda müəyyən ticarət köşklərinin, reklam lövhələrinin bərpa olunması, çoxsaylı oxucularda belə bir ümid hissinin baş qaldırmasına səbəb olub ki, qeyd olunan ünvanlarda qəzet satışı da bərpa oluna bilər. Onu da qeyd edək ki, metrostansiyalarda 2013-cü ildən qəzet satışına qadağa qoyulub. Qoyulmuş qadağadan sonra Azərbaycan çap mediası ağır duruma düşdü ki, hələ də həmin çətinlikləri yaşamaqdadır. Proses başlanandan “Gündəm Xəbər” qəzeti də, qeyd olunan çətinliklə üz-üzə qaldı. Və məcbur oldu ki, gündəlik işıq üzü görən qəzet, həftədə bir dəfə işıq üzü görsün. Yəni, qəzet hal-hazırda hər həftənin 5-ci günü satışda olur. Qəzetin yayım dairəsi dar çərçivəyə salındığından, bu gün redaksiyanın mətbəələrə, əməkdaşlarına olan borcu həddən-ziyadə çoxalıb. Belə bir vəziyyətdən xilas olmağın yolu, metrostansiyalarda qəzet satışının bərpa olunmasından da çox asılıdır. Bu günlərdə “Bakı Metropoliteni”QSC-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nəsimi Paşayev, müsavat.com-un əməkdaşının suallarını belə cavablandırıb. “Sahibkarlar belə bir məsələ ilə bağlı hələ ki, təklif verməyiblər. Əgər onlardan təkliflər gələrsə “Bakı Metropoliteni” QSC-də, verilmiş təkliflər müzakirə oluna bilər. Çünki, verilən hər bir təklif ona görə müzakirə olunur ki, ilk öncə sərnişinlərin rahatlığı nəzərə alınır və sonra da müvafiq qərarlar verilir”. Ümumiyyətlə, belə bir qərarın verilməsi hər bir Azərbaycan oxucusunun informasiya təminatında mühüm rol oynaya bilər. Problemin varlığı ilə bağlı “Gündəm Xəbər” qəzetinin təsisçisi Şirin Cəfərliyə belə bir sualla müraciət etdik. Metrostansiyalarda qəzetlərin satışına qoyulmuş qadağanın aradan qaldırılmasını necə qiymətləndirərdiniz? O, cavabında bildirdi ki, “metropolitenin rəhbərliyində dəyişiklik baş verdikdən sonra, yəni 2013-cü ildə metrostansiyalarda qəzet satışına qadağa qoyuldu. Bundan sonra redaksiya rəhbərliyi olaraq hakimiyyətin yuxarı dairələrinə, eləcə də metropoliten rəhbərliyinə tətbiq olunan qadağa ilə bağlı, bir neçə dəfə fikirlərimizi çatdırmışıq. Eyni zamanda rəhbəri olduğumuz media orqanı vasitəsi ilə də, əmələ gəlmiş problemin varlığını ictimaiyyətin də diqqətinə çatdırmışıq. Bu gün hesab edirəm ki, atılan addımlar qəzetlərə qarşı xüsusi bir təzyiqdir. Əgər belə olmasaydı, bu günə qədər mətbuat yayımlarına qoyulmuş qadağalar aradan götürülərdi və biz qəzetlərimizin yayımını asan həyata keçirə bilərdik. Buna misal olaraq “Qasid”, “Qaya”, “Metro-SERVİS” mətbuat yayımı firmaları, eləcə də səyyar əldə qəzet satanlar sıxışdırılaraq aradan çıxarılmazdılar. Onu da bildirim ki, yuxarıda adlarını qeyd etdiyim qəzet yayım təşkilatları normal fəaliyyət göstərdiyi dövrlərdə, gündəlik yüksək tirajla fəaliyyətimizi davam etdirirdik. Redaksiyaya xərclənən maliyyə xərcləri, o dərəcədə də hiss olunmurdu. Oxucuların 40 qəpik verib qəzet almaları, bizim əsas maliyyə dəstəyimiz olurdu. Əgər sizin dediyiniz kimi metrostansiyalarda qoyulmuş qadağa aradan qaldırılarsa, bunu yalnız alqışlamaq lazımdır. “Bakı Metropoliteni”QSC-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nəsimi Paşayev bildirib ki, “hələ bu günə qədər bizə müraciət edənlər olmayıb”, o halda biz qəzetçilər metropoliten rəhbərliyinə müraciət edə bilərik. İnanıram ki, belə bir təklifə əksər qəzet rəhbərləri qoşulacaq və “Bakı Metropoliteni” QSC-nin rəhbərliyinə müraciətlərini də ünvanlayacaqlar”. Dünən axşam saatlarında belə bir məlumat da əldə edə bildik ki, fəaliyyəti dayandırılmış “Metro-Servis”MMC-nin rəhbərliyi tərəfindən, “Bakı Metropoliteni”QSC-nin rəhbərliyinə müraciət olunduğu haqda məlumatlar əldə etmişik. Qəzetimiz çapa gedərkən bununla bağlı “Metro-Servis”MMC-nin rəhbəri Bəkir Hacıyevlə əlaqə saxlamaq istəsək də, təəssüflər olsun ki, etdiyimiz cəhd baş tutmadı.
Sorğu
Yeni dizaynımız necədir?