Şirin Cəfəri: “Metro stansiyalarında qəzetimizin satışına qoyulan qadağaya izahat tələb edirik” Dünən oktyabrın 31-də "Gündəm-xəbər" qəzetinin kollektivi metronun “Elmlər Akademiyası” stansiyasının qarşısında qəzetin satışına qeyri-rəsmi qadağanın aradan qaldırılması tələbilə aksiya keçirib.Məlumat üçün bildirək ki, təxminən bir aya yaxındır ki, “Gündəm-xəbər” qəzetinin metro stansiyalarında satışına qadağa qoyulub. Belə ki, “Metroservis” MMC heç bir səbəb göstərmədən redaksiyamızla bağladığı müqaviləni birtərəfli qaydada pozaraq satış üçün gündəlik götürdüyü 500 nüsxəni 100 nüsxəyə qədər ixtisara salıb. Bu azmış kimi həmin 100 nüsxə qəzet də köşklərdə satışa çıxarılmır və bu yolla qəzetimizin onsuz da zəif olan maddi dayaqları çökdürülür. “Gündəm xəbər” rəhbərliyi baş verənlərlə bağlı dəfələrlə həm Bakı Metropoliteninin rəhbərliyinə, həm də “Metroservis” MMC-yə müraciət edib. Lakin onlar bu günə qədər də redaksiyamıza qəzet satışına qoyulmuş məhdudiyyətlə bağlı hər hansı səbəb göstərməyiblər. Elə bunu nəzərə alan “Gündəm xəbər” qəzetinin kollektivi dünən Bakı Metropoliteninin inzibati binası qarşısında etiraz aksiyası keçirib. Təzyiqlərə etiraz əlaməti olaraq qəzetimizin təsisçisi Şirin Cəfəri və bir neçə əməkdaşımız yoldan keçənlərə qəzet nüsxələrini paylayıblar. Məlum olduğu kimi, neçə müddətdir ki, “Gündəm Xəbər” qəzetinə qarşı süni əngəllər yaradılmaqdadır. Kimlərsə qəzetin susdurulması üçün çox ciddi çabalar sərf edir, qəzetə qarşı haqsız iddialar qaldırmaqla yanaşı, təsisçi Şirin Cəfəri ilə bağlı da cinayət məcəlləsinin iki maddəsi ilə qondarma cinayət işi də qaldırılıb. Qəzetimizin təsisçisi aksiyadakı çıxışında bildirdi ki, satışdan gələn pulları əldə edə bilmədiyimizdən mətbəələrə də külli miqdarda borclarımız yaranıb: “Bizə heç bir səbəb göstərmirlər və qəzetimizin satışına qoyulan qadağa redaksiyamızı demək olar ki, iflic vəziyyətinə salıb. Mətbələrə və redaksiyanın kollektivinə böyük miqdarda borclarımız yaranıb. Tezliklə satışımıza qoyulan qadağa aradan götürülməsə “Gündəm xəbər”in dayanmaq təhlükəsi reallaşacaq. Görünən isə odur ki, deyəsən elə bəzi qüvvələrin əsl məqsədi də budur. Elə onlar da arzulayır ki, qəzetin fəaliyyətini dayandırıb, bu ölkədən baş götürüb gedək. Niyə? Məgər biz öz vətənimizdə qəzetçiliklə məşğul ola bilmərik?” Daha sonra qəzetimizin əməkdaşları metropoliten rəisi Tağı Əhmədovun ofisinə yaxınlaşaraq, onunla görüş tələb ediblər. Lakin görüş baş tutmayıb, idarənin heç bir məsul işçisi aksiyaçılarla görüşmək istəməyib.Onlar piket iştirakçılarından şikayətlərini yazılı şəkildə təqdim etmələrini xahişediblər. Amma bununla da problemin aradan qalxacağına inanmırıq. Çünki qəzetimizin təsisçisi Şirin Cəfəri qəzetimizə olan təzyiqlərlə bağlı yazılı və şifahi şikayətlər verib, lakin qarşı tərəf nədənsə hər dəfə məhz susmağa üstünlük verib.Şirin Cəfərinin sözlərinə görə, qəzetlərin satışının qadağan edilməsi sifarişdir və tezliklə söz azadlığını boğmağa və ölkənin imicinə zərbə vurmağa hesablanmış bu rüsvayçılıq aradan qaldırılmasa aksiyaların davamlı olacağı qərarlaşdırılıb:”Mənburadan Cənab Prezidentə səslənirəm. Əminik ki, qəzetimizə qarşı bu təzyiq kampaniyasının arxasında dayananlar Azərbaycan dövlətinin formalaşmaqda olan demokratik imicinə zərbə vururlar və onlara “dur” deməyin vaxtı çatıb”.
Sorğu
Yeni dizaynımız necədir?