Metroda qəzet və kitab satışı rəsmən qadağan edildi Şirin Cəfəri: ““Gündəm xəbər” qəzeti arzuolunmaz sitiasiya qarşısında qalıb” gundemxeber.az saytına mətbuat üçün heç də xoş olmayan daha bir xəbər aldıq. Həmin xəbərdə bildirilir ki, metro keçidlərində qəzetlərin satışına qoyulmuş qeyri-rəsmi qadağa artıq rəsmiləşib. Xatırladaq ki, artıq bir aya yaxındır ki, “Gündəm xəbər” də daxil olmaqla ölkənin aparıcı mətbu orqanlarının metro keçidlərində satışı məhdudlaşdırılmışdı. Qəbul edilən qərarla isə artıq metroda bütün növ qəzet və kitabların satışı birmənalı və istisnasız olaraq ləğv olunub. Bu isə heç şübhəsiz ki, müstəqil medianın yayılma coğrafiyasını məhdudlaşdırmaq və bu yolla qəzetlərin maddi durumlarına zərbə vurmaq məqsədi daşıyır.
Bununla bağlı danışan “Gündəm xəbər” qəzetinin təsisçisi və direktoru Şirin Cəfəri bildirdi ki, bu əslində maddi dayaqları onsuz da zəif olan müstəqil qəzetlərin tam olaraq sıradan çıxarılmasına hesablanıb: “Mənə çatan və dəqiqliyinə şübhə doğurmayan informasiyaya görə, artıq metro keçidlərində bütün qəzetlərin satışına rəsmi qaydada qadağa qoyulub. Bu qadağa eyni zamanda jurnal və kitab satışına da aiddir. Mən bu xəbəri böyük gərginliklə qarşıladım. Çünki digər qəzetlərdən fərqli olaraq bizim qəzet nə KİVDF-dən, nə də digər mənbələrdən hər hansı maddi yardım almırdı. Biz yeganə qəzetik ki, büdcəmiz yalnız və yalnız satışdan gələn pullar hesabına formalaşır. Metro isə əhalinin daha gur yeri olduğundan burada qəzet satışı da normal idi. İndi bu qadağanın tətbiqi faktiki olaraq “Gündəm xəbər” qəzetini çox arzuolunmaz bir sitiasiya qarşısında qoyub. Biz qarşıdakı günlərdə məsələni tam dəqiqləşdirdikdən sonra, yaranmış vəziyyətdən çıxış yollarını ciddi şəkildə müzakirə edəcəyik”. “Gündəm xəbər”
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?