E.ə.VIII əsrdə akkadlı mirzələr tərəfindən yazılmış mixiyazılı kitabələrdə Yaxın Şərq ərazilərinə daxil olmuş, yeni tayfaların və skiflərin adı çəkilmişdir. Tarixdə bu tayfalar "skif" və ya "sak" adı kimi məlumdur. Skiflər daha əvvəllər Asiyada məskunlaşmışdılar.
Massagetlər tərəfindən sıxışdırıldıqdan sonra, onlar Araks çayını keçmiş və kimmerlərin torpaqlarına gəlmişlər. Qədim sami dillərində (o cümlədən akkad dilinin aşşur dialektində) iki samit səslə başlayan əcnəbi sözlərin əvvəlinə sait səs artırıldığından skiflərin etnik adı Aşşur mənbələrində "aşquzay", "işquzay" kimi formalarda qeyd olunur. Babillilər onları “gimirrayia”, elamlılar “şakka”, qədim yəhudilər “şkz”, qədim farslar “saka” adlandırırdılar. Antik dövrün yunanlı yazarları, dillərində "f" səsi olmadığından, skifləri “skutai” adlandırır və saklarla eyniləşdirirdilər. Skiflər ilk dəfə olaraq Aşşur hökmdarı Asarhaddonin hakimiyyət dövrü ilə tarixlənən (e.ə.681-669) kitabələrdə Hubuşkiya (Kiçik Zab və Böyük Zab çayları hövzəsində) və Manna (əsasən Urmiya gölünün şimal və qərbində məskən salmışdılar.Urmiya gölu hövzəsində) ölkələrində məskunlaşan toplum kimi xatırlanır. Aşşur mənbələri göstərir ki, “skiflər Manna ölkəsinin sərhədlərinə gələrək orada məskunlaşdılar. [5, s. 387 ]”. Herodot skiflərin dili, lokallaşması, məşğuliyyəti və mifik görüşləri barədə o dövr üçün müfəssəl məlumatlar bu tədqiqatın ilkin mənbələrindən olan 9 cildlik "Tarix" əsərinin IV cildində məlumat vermişdir. Herodot yazır ki, "çar skiflər" Cənubi Qafqazı və Ön Asiyanı fəth etmək üçün yürüşə çıxanda skif dəstələrinin bir hissəsi - Herodot bu etnik qrupları "korların oğulları" adlandırır. Skiflərin əcdadı haqqında məlumatın qısa xülasəsi belədir: “Skiflərin əcdadı Tarqıtay olmuşdur. Onun üç oğlu vardı -Lipoksay,Arpoksay və Kolaksay. Kiçik qardaş olan Kolaksay tayfalar arasında daha çox hörmət qazanmış, qüvvətlənmiş və qardaşlarının razılığı ilə skifləri vahid dövlətdə birləşdirmiş ilk skif çarı olmuşdur.[2, s. 28]”. Mənbələr e.ə.674-cü ildə meydana gəlmiş skif şahlığının Aşşur çarlığına qonşu olan ərazilərdə, xüsusən Manna və Madada olan fəaliyyəti ilə bərabər, İşkuza(Skif) ölkəsinin şahı Partatua haqqında da məlumat verilir. Belə güman olunur ki, “İşkuza ölkəsi Aşşurun diplomatik fəaliyyət dairəsində olmuşdur və Kür çayının orta axarı ilə Urmiya gölü arasında yerləşən ərazini əhatə edirdi.[ 1, s.167]”. Köçərilərin növbəti dalğası olan Sak-skif tayfalarının ilk qruplarının Manna ərazisində məskunlaşmağa başlaması kimmerlərdən yarım əsr sonrakı tarixə təsadüf edir. Skiflər məskunlaşdıqları Mannanın toponimikasına təsir göstərmişlər; indiki Marağa şəhərinin və Saqqız kəndinin adları skiflərlə əlaqələndirilir. E.ə.VIII yüzillikdə Qara dənizin şimal sahillərindən miqrasiya edən skiflər indiki Azərbaycan Respublikasının ərazisində siyasi birliklərini yaradaraq bölgənin etnik mənzərəsinə təsir göstərməyə başlayırlar. Onların izləri indiki "Şəki" və "Zaqatala" toponimlərində qalıb. Bu məskunlaşma qismən arxeoloji materiallarla təsdiq olunur. Lakin skiflərin Azərbaycan Respublikasının şimal-qərb bölgəsinə köç etməsi ilə bağlı arxeoloji mənbələr çox azdır. Skiflərin adı ilk dəfə Aşşur hökmdarı Asarxaddonun hakimiyyət dövrü ilə tarixlənən (e.ə.680-669) kitabələrdə çəkilir. E.ə. 674-cü ilə aid mətndə skiflər “işkuzai” (və ya ”aşkuzai”) adı altında Manna ərazisində yaşayan toplum kimi qeyd olunur. Skiflərin adları aşşur mənbələrində yəni mixi yazılı mənbələrdə "aşquzay", "asquz", Babil kitabələrində isə "işquzay", "isguza" kimi qeyd olunur və İşquza ölkəsi formasında verilir. [4, s. 5] Qədim sami dillərində iki samit səslə başlayan əcnəbi sözlərin əvvəlinə, adətən, bir sait səs artırılırdı. Bu səbəbdən aşşur mənbələrində skiflərin etnonimi "Aş-gu-za-a-a" kimi verilib. Bu məlumat Asarxaddon prizmasına əsaslanır. Bu prizmanın bir neçə variantı vardır. Skiflər haqqında məlumat verən kitabənin erkən tarixi e.ə 676-cı ildir. Burada məlumat verilir ki, skif dəstələrinə İşpakay başçılıq edir və bu etnik qruplar təkcə Aşşur dövləti üçün deyil, həm də o dövrün digər dövlətləri üçün də böyük təhlükə yaratmışdır. Prizmada deyilir: "...Kimmer, Umman-manda toplumları, hansıların ki, yeri Hubuşna ölkəsində müəyyən olunmuşdur, onların bütün ordusunu mən silahımla məhv etdim. Mən Mannalılar ölkəsinin adamlarını öz yurdlarından qovdum. İtaət etməyən kutiləri məğlub etdim. Onları silahları ilə xilas edə bilməyən müttəfiqlərini skiflərin ordusunun başçısı İşpakayın qoşunlarını dağıtdım"[3, s.44]. Bu kitabədə skif tayfalarının başçısı İşpakayın adı bu şəkildə yazılmışdır "İş-pa-ka-a-a". Skif sözü bu şəkildə "Aş-gu-za-a-a" yazılmışdır. Bu şəkildə yazılış forması "Assarhaddon prizması"dan bir qədər dəyişilmiş formada yazılmışdır. Skif tayfalarının başçısı İşpakayın adı elə həmin formada da yazılmışdır. Assarhaddonun "Prizma" və "Stela"sı yeganə mənbədir ki, orada aşşurların skiflər üzərində çaldığı qələbədən söhbət açılır. Bundan başqa bütün mənbələrdə skiflərin aşşurlar üçün ciddi təhlükə olduğu dəqiq məlumatlar qeyd olunmuşdur. Skiflər haqqında həmçinin "Şamaşu" ilahəsinə ünvanlanmış müraciətlərdən də söhbət açılır. Aşşurlu mirzə İşpakayı “hökmdar” yox, sıravi “skifli” adlandırır; ehtimal ki, o, skif tayfalarından birinə başçılıq etmişdi. Bu kitabə aşşurluların skiflər üzərində qələbəsindən xəbər verən yeganə mənbə olaraq qalır. Günəş ilahəsi Şamaşa ünvünlanan fal sorğularında(hamısı zədəli vəziyyətdədir) skiflərin aşşurlular üçün ciddi təhlükə yaratdıqları qeyd olunur. Bu sorğular İ.M.Dyakonov və A.İ.A.İ.İvançik tərəfindən rus, bir qismi S.Qaşqay tərəfindən Azərbaycan dillərinə tərcümə olunmuşdur. İki sorğuda Asarhaddonun qızının baş tuta biləcək evliliyindən söhbət açılır. Bir sorğuda Asarhaddonun qızının kiminlə izdivac qurması naməlum qalsa da, digər sorğuda skif hökmdarı Bartatuanın Asarxaddonun qızı ilə izdivac qurmaq niyyəti ilə Aşşur sarayına elçi göndərdiyi və skiflərlə bağlanacaq sazişin etibarlılığına işarə olunur. Assarhaddon prizması Asarxaddon əks-hücumun köməyi ilə müttəfiqləri məğlub edəcəyini ümid edirdi, ancaq görünür ki uğur baş tutmadı. Bu zaman artıq Asarxaddon çalışırdı ki, yaxınlaşan fəlakəti sülh və ya nikah diplomatiyaıs ilə həll etsin.[9, c. 226]. Bütün bu araşdırmalar bir sıra nəşrlərdə də dərc olunmuşdur. Bu mixi yazılı mənbələrin rus dilində iki nəşri var. Birinci dərci İ.M.Dyakonovundur (1951-ci il). İkinci dərc olunmuş kitabın müəllifi A.İ.İvançikindir. Onun kitabı praktiki olaraq İ.Starrın 1990-cı il ingilis dilində yazılmış "State Archivies of Assyria" seriyasının nəşrində təkrar edilir. Bütün bu araşdırmalarda skiflərin adı "işkuza" formasında qeyd olunub. İki Şamaşu ilahəsinə ünvanlanmış sorğular haqqında yazılmış mixi yazılı kitabələrdə, aşşur hökmdarı Asarxaddonun qızının ehtimal olunan evliliyindən söhbət açılır. Bu mətnlərdən birində (mənbələr tam halda gəlib çatmamışdır bizə) Asarxaddonun qızının izdivac qurduğu hökmdarın adı qalmamışdır. İkinci məktubda isə hökmdarın adı yazılıb. Məktubda deyilir ki, Skif hökmdarı Bartatua aşşur hökmdarına, Asarxaddonun qızını onunla izdivac qurmaq tələbi üçün elçi göndərmişdir. Nəzərə alsaq ki Aşşur hökmdarı Asarxaddonun hakimiyyət dövrü e.ə 680-669/8-ci illərə təsadüf edir o zaman demək olar ki, yuxarıda qeyd olunmuş məlumat yeni, Assarhaddonun qızının Skif hökmdarı ilə ailə qurma hekayəsi elə həmin dövrə təsadüf edirdi. Bir neçə Şamaşu ilahəsinə ünvanlanmış sorğuların araşdırmalarında, qonşu əraziyə göndərilmiş nümayəndələrin aşşurlulara itaətsizliyinin olması ifadə olunur. Ehtimal olunur ki, Şamaşu ilahəsinə müraciətlər gələcəkdə baş verə biləcək olaylar haqqında xəbərdar olmaq məqsədi daşıyırdı. Akkadlı mirzələr qədim dövrün tarixini mixi yazılarla yazmışlar və oxuna bilən mixi yazılardan məlum olur ki, gələcək haqqında məlumat əldə etmək üşün fal sorğuları tərtib olunmuş və Tanrılara müraciətlər olmuşdur. Aşşur hökmdarı Assarhaddonun Şamaşu ilahəsinə müraciətində, hökmdarın elçisinin Xubuşkiyaya yürüş edəcəyi haqqında da fikir vardır. Bununla oxşar, eyni xüsusiyyətli digər araşdırmada deyilir ki, Asarxaddon soruşur: "Assuriyanın zadəganları və şəhər hakimləri Midiyadan qayıdan skiflər tərəfindən hücuma məruz qalacaqmı?". A.İ.A.İ.İvançik belə izah edir ki, kimmerlər aşşurlarla ədavət etdiyi zamanda skiflər aşşurlarla sülh bağlayırlar. Sülh Asarxaddon qızını skif çarı Bartatuaya ərə verdikdən sonra baş tutdu. A.İ.İvançik nikahı e.ə. 672-ci ilə aid edir. [11, c. 97]. Xubuşkiyanın lokallaşdırılmasında alimlər əsasən iki fikirin üzərində dayanır. Salvini Xubuşkiyanın, Kiçik Zab çayının vadisində və ya Böyük Zab çayının yuxarı axarında mövcud olması fikrini irəli sürmüşdü. İ.N.Medvedskaya tamamilə başqa bir ərazidə yerləşməsi fikrini güman etmişdir. O, Xubuş şəhərinin Türkiyənin Ereqli (qədim Qerekleya qalası) Konya şəhəri yaxınlığında yerləşdiyini yazırdı. İ.N.Medvedskayanın təklif etdiyi ərazi, yuxarıda qeyd olunmuş fərqli lokal yerldən təxminən 1000 kilometr qərbə tərəfdir. [6, c. 184]. Şamaşu ilahəsinə başqa müraciətlər də olunmuşdur. Bu zaman Şamaşu ilahəsinə müraciət olunur və soruşulur "Skiflərin və kimmerlərin ordusu Bit-Xamban ərazisini zəbt edə biləcəklərmi?". Bundan başqa eyni qrupu təşkil edilən sorğularda oxşar məlumatlar var. Başqa mətn parçasından məlum olur ki, Bit-Xamban və Yaşux adlı şəhərin skiflər tərəfindən talan olunması ehtimal olunur. Sorğulardan məlum olur ki, Aşşur dövləti skif hücumlarından ehtiyat etmişdir. Şamaşu ilahəsinə ünvanlanmış müraciətlər demək olar ki skif hücumlarının təsiri ilə Aşşur hökmdarının tanrıya sorğularıdır. Daha iki mənbədə skiflərin Bit-Xambana ehtimal olunan gəlişindən söz açılır. Beləliklə Şamaşu ilahəsinə yeddi müraciət mixi yazılı kitabələrdə bir qrup şəkilində verilmişdir. Şamaşu ilahəsinə ünvanlanan fal sorğularının 23-ü e.ə. 671-ci ildə Madanı bürüyən xalq hərəkatına həsr olunub. Kaştaritunun (Herodotun əsərindəki Fraort ilə eyniləşdirilir) başçılıq etdiyi üsyanı Aşşura düşmən olan qüvvələrin daxilində skiflər də olmuşdur. Digər mixi yazılı mənbələrdə eyni oxşar yazı formaları təkrar olunmuşdu. Bir neçə kitabədə müttəfiq skiflərin ordusunun Bit-Xamban və Yaşux şəhərlərini (Diyala çayı hövzəsində) zəbt edərək Parsua əyaləti, eləcə də, Madada olan Kişassu və digər qalalar üçün hücum təhlükəsinin olmasından məlumat verilir. Hadisələrin müasiri olan aşşurlu mirzələr “Prototinin oğlu” Madi haqqında və skiflərin Madada 28 illik hakimiyyətinə dair heç bir məlumat vermirlər. Lakin Herodot daha bir skif hökmdarının adını çəkmişdir. Mixi yazılı mənbələrdəki Partatua ilə eyniləşdirilən Prototinin oğlu Madinin adı saxlanmışdır. O yazır ki, Prototinin oğlu olan Madi Kiaksara qalib gəlmişdir. Bu hadisədən sonra skiflər Mada çarlığını 28 il öz hakimiyyətləri altında saxlamışlar. Nəticə etibarilə, bu fakt inandırıcıdır ki, skiflərin Cənubi Azərbaycanı tərk etmələri Kiaksarın zamanında Mada dövlətinin hərbi qüdrətinin artdığı dövrdə və Manna torpaqlarını da Madanın dövlətinin tərkibinə birləşdirdirməsindən sonra ola bilərdi. Bu şəxsi Prototi adlandırır, lakin onun hər hansı niyyətlə Aşşur sarayına elçi göndərdiyini qeyd etmir. Diplomatik missiyanın və izdivac təklifinin aqibəti məlum olmasa da, tədqiqatçılar bu hadisələrin uğurlu sonluqla bitdiyini güman edirlər. Mühüm arqument kimi Herodotun məlumatına istinad olunur. Skiflərin indiki Azərbaycan Respublikasının ərazisində e.ə.VIII yüzillikdə dövlətlərini yaratmaları fikrini İ.M.Dyakonov, İ.H.Əliyev irəli sürmüşlər. Lakin bu fikirlə razılaşmayan bir sıra arxeoloqlar var. Skiflər haqqında daha geniş məlumatları biz, daha qədim olan qaynaqlardan (“Aşşur-Babil” mixi yazılı kitabələr) əldə edə bilərik. Bu mənbələrdə skiflərin Ön Asiyada bir əsrlik fəaliyyəti haqqında daha geniş məlumatlar vardır. “Aşşur-Babil” mixi yazılı kitabələr xəbər verir ki, e.ə.VII əsrin 80-ci illərində İşpakanın rəhbərlik etdiyi skiflərin əsas birliyinin Mannanın qərbində güclü məntəqələri olmuşdur. Araşdırmalarda coğrafi adların qeyri-dəqiqliyinə rast gəlmək mümkündür. Onu da diqqətə almaq lazımdır ki, bəzi kitabələr çox dağıdılmış, pozulmuş formada tapılmışdır. Yuxarıda qeyd etdiyimiz kimi, İ.Starın başqa bir baxış nöqtəsi vardır ki, “skiflərin Xubuşkiyadan da irəli getməsi e.ə.672-ci ildən sonrakı dövrə aid eddir.[7, s. 35, 23]”. Daha iki mənbədə təxmini eyni məlumat təkrar olunur. Birində kimmerlərin və skiflərin Bit-Xambana ehtimal olunan gəlişi haqqında deyilir. Digərində isə, kimmerlərin və skiflərin Bit-Xambana və Parsumaşa gəlişindən məlumat verilir. Beləliklə Şamaşu ilahəsinə müraciətlərin araşdırmalarını bir qrupa aid etmək olar. Bu mənbələrdə də, skiflərin və kimmerlərin aşşur rayonu Bit-Xamdan, Parsumaş Şamaş-Nasir şəhərlərinə yürüş təhlükəsindən məlumat verilir. Lakin müxtəlif araşdırmalarda onların coğrafi adlarının müxtəlif versiyaları ilə qarşılaşırıq. Onu da diqqətə almaq lazımdır ki, bəzi mətnlər çox dağıdılıb. A.İ.İvançikə əsasən Bit-Xamdan rayonu Diyala çayı yaxınlığında indiki İran-İraq sərhəddinə yaxın ərazidə yerləşir. A.İ.İvançik qeyd edirdi ki, Parsumaş rayonu Sirvan çayından şimaldadır. A.İ.İvançik ehtimal edirdi ki, araşdırmalarda hansında ki, skiflərin Parsumaşa və Bit-Xambana təhlükəsi barədə məlumat vardır, bu mənbələr Kaştaritinin üsyanı dövründə tərtib olunmuşdur, yəni e.ə.672-673-cü illər ərəfəsində. A.İ.İvançikin ehtimalı o faktın üstündə qurulur ki, o araşdırmalarda yalnız kimmerlərin və skiflərin adı çəkilir amma midiyalıların adı çəkilmir bu da onu göstərir ki, midiyalılar aşşurlara o dövrdə sadiq idilər. İstisna etmək olmaz ki, skiflərin təhlükəsi uzun müddət davam edirdi və adı çəkilən araşdırmaları e.ə.672-ci ilə kimi və ondan sonrakı dövrə aid etmək lazımdır. Daha bir aşşur Vavilion mənbələri vardır skiflər haqqında. Bu "Qedd Salnaməsi"dir. Bu mənbədə deyilir ki, aşşurların paytaxtı Nineviya "Umman-Manda" çarı tərəfindən tutulmuşdur. Bu mətndə çar “Umman-Mandanın” kim olduğu haqqında bir neçə müxtəlif fikir vardır.[8, s. 38-52]. Bu salnaməni tərcümə edən K.J.Qedd və bir çoxları düşünür ki, çar Umman-Manda skiflərin hökmdarıdır. Lakin digərləri bu fikirin əleyhinədirlər. Fikir ayrılığına səbəb isə, salnamənin mətninin dağılmış olmasıdır. Daha aydın şəkildə müəyyən etmək üçün qədim yunan və yaxın şərq yazılı mənbələrini müqayisə etmək lazımdır. "Aşquz Səltənəti"(ənənəvi olaraq köhnə mətnə əsaslanaraq, səslənməsi "Aşkenaz"). [10, c. 273]. Şərq mənbələrində bu səltənət haqqında son qeydlər e.ə V əsrin birinci yarısına aid edilir. E.ə. VI əsrin əvvəllərində mənbələrdə Aşkenaz(Skif) şahlığının adının Manna, Mada və Urartu ilə bir sırada çəkilməsi də skiflərin o dövrdə güclü olmasından xəbər verir. [1, s. 167 ]. Skif tarixi dünya tarixşünaslığında öyrənilməsi və əhəmiyyəti vacib olan mövzulardan biridir. Lakin Skif tarixi, etnik məsələlər tam olaraq öyrənilə bilməmişdir. Mixi yazıların oxunmasında çətinliklər vardır. Beləliklə, Herodotun əsəri və Aşşur mixi yazılı kitabələri skiflərin tarixi barədə faktlar öyrənməyimiz üçün əsas mənbələrdir. Dövrün əsas qüdrətli dövləti olan Aşşur dövlətinin mixi yazıları təkcə Aşşur haqqında yazılmamış, həm də o dövrün əsas tayfaları və dövlətləri haqqında tərtib olunmuş kitabələrdən ibarət olmuşdur. Deməli skiflər o dövrün əsas rol oynayan etnik qurumu olmuşdur. Herodot isə, hətta aşşur mənbələrində adı çəkilməyən Skif hökmdarının (Madi) adını çəkmişdir. Qismən fərqliliklər olsa da Aşşur mənbələri və Herodotun məlumatları Skif etnik qruplarını öyrənmək üçün əvəzolunmaz, əsl mənbələrdir.
ƏDƏBIYYAT 1.Azərbaycan Milli Elmlər Akademiyası. Azərbaycan Milli Ensiklopediyası.Bakı,2007 2.Həsənov Z. Çar Skiflər. Bakı, 2005. 3.Əliyarlı S. Azərbaycan tarixi.Bakı,2009. 4.Qaşqay S. M. Skitlərin Yaxın Şərqə müdaxilə yolları və Azərbaycan // Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu.Elmi Əsərlər, 2007, cild 19, s. 5-16. 5.Yusifov Y. Qədim Şərq Tarixi.Bakı,2007. 6. Алиев И. История Мидии. Баку, 1960. 7. Дьяконов И.М. История Мидии. Москва-Ленинград, 1956. 8. Иванчик А.И.Киммерийцы. Древневостточные цвилизации и степные кочевники в. VIII-VII вв. Москва, 1996. 9. Медведская И.Н.Древний Иран накануне империй( IX-VI вв):История мидийского царства.Санкт-Петербург. 2010. 10.Starr I. Queriers to the Sungod / SAA. IV, 1990. 11.Gadd C.J. The Fall of Nineveh .The Newly Discovered Babylonion Chronicle,No.21,901 In the British Museum, London 1923
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?