Vidadi Mirkamal: “Aksiyada cərimə edilən insanların çoxunun adına nə Bakıda, nə də Dubayda villalar yoxdur”
Yanvarın 27-də hakimiyyət Müsavat Partiyasının başqanı İsa Qəmbərin Lənkərana səfər etməsinin qarşısını ikinci dəfə alıb. Belə ki, Bakıdan Lənkərana yola düşən müxalifət liderinin qarşısı Cəlilabad rayonunun Göytəpə polis postunda kəsilib. Əraziyə yüzlərlə polis cəlb edilib və onlar İ. Qəmbərin kortejinin hərəkət etməsinə imkan verməyiblər. Bu səfərdə İsa Qəmbəri müşayiət edən İctimai Palatanın Koordinasiya Şurasının üzvü, ədliyyə generalı Vidadi Mirkamalsuallarımıza cavab verib.
-Vidadi müəllim, Lənkərana səfər edən Müsavat Partiyasının başqanı İsa Qəmbəri sizdə müşayiət edirdiniz. Nə baş verdi, nədən başqan geri qayıtmaq qərarını verdi? -Bildiyiniz kimi səfərin məqsədi Müsavat Partiyasının Lənkəran rayon təşkilatının yaranmasının yubiley tədbirində iştirak etmək idi. İsa bəy buna qədər bir dəfə Lənkərana səfər etmişdi, amma onun qarşısı çox iyrənc üsullarla alınmışdı. Ondan sonra İsa Qəmbər iradə nümayiş etdirərək yenidən Lənkərana getmək qərarını verdi. Eləcədə rayon müsavatçıları bu tədbirlə bağlı müəyyən hazırlıqlar həyata keçirmişdi. Bundan savayı, Lənkəran rayon ictimaiyyəti, ziyalılar İsa Qəmbəri rayona dəvət etmişdi. Yanvarın 27-də səhər saatlarında müsavatçıların, mətbuat nümayəndələrinin və ictimaiyyət xadimlərinin iştirakı ilə İsa Qəmbər Lənkərana yola düşdü. Məndə bu səfərdə İsa bəyi müşayiət edirdim. Təxminən 30-dan çox avtomobillə səhər saatlarında yola düşdük. Hələ yolda ikən hansısa təzyiqlərin olacağı, maşın karvanına hücum ediləcəyi haqqında xəbərlər gəlirdi. Hələ yolda olanda dedilər ki, Salyan rayonu kənarında hansısa təxribatlar planlaşdırılıb. Biz Cəlilabad rayonuna qədər getdik. Rayonun Göytəpə postunda avtomobillərimiz saxlanıldı. Bu postda İsa Qəmbərin olduğu avtomobil daxil olmaqla 3-4 maşını buraxdılar, yerdə alan otuza yaxın avtomobili isə qeyri qanuni saxladılar. Görünür məqsəd səfərin qarşısını almaq idi. - Bu yollamı? -İş ondadır ki, Lənkəran səfərində İsa Qəmbəri yüzə yaxın şəxs müşayiət edirdi. Amma bir neçə avtomobili buraxib digərlərinin qarşısını kəsməklə göstərmək istəyirdilər ki, guya insanlar azdır, İsa Qəmbər bir neçə nəfərlə Lənkərana gedir və s. Təsəvvür edin ki, ərazidə çoxlu sayda polis əməkdaşı, rayon polisinin rəis müavini cəmləşmişdi. Biz onlara başa salmağa çalışdıq ki, prezidentliyə namizəd İsa Qəmbər rayona gedir, dövlət qeydiyyatından keçən partiyanın rayon təşkilatının tədbirində iştirak edəcək. Həmdə hər bir ölkə vətəndaşının ölkənin bir rayonundan digərinə getməsinə məhdudiyyət qoyula bilməz. Ancaq bizdə qanuna əməl etməli olan orqanların qanunu pozması adət halını çoxdan alıb. Burada da, polis bizə imkan vermədi ki, hərəkət edək. Nəticədə Bakı-Astara yolu saatlarla bağlı qaldı. Səfərə gedən yüzə yaxın şəxsdə orada aksiya keçirərək “İstefa” şüarları səsləndirdi. Bundan sonra qərara gəldik ki, qarşıdurmaya getməyək. Odur ki, geri döndük. Amma deyim ki, bu hadisə hakimiyyətin əsl simasını göstərdi. Ötən dəfə iddia edirdilər ki, şəhid ailələri İsa Qəmbərin Lənkərana gəlməsini istəmir. Ona görə də, yanvarın 13-də Lənkəranda İsa Qəmbərin yolunu kəsmişdilər. Amma bu dəfə İsa Qəmbərin qarşısına hakimiyyət polisi və digər resursları ilə çıxdı. Ölkədə sabitliyin yarandığını iddia edən iqtidar sadə bir xəfif küləkdən sabitliyin pozula biləcəyini gördü. Diqqət edin, Lənkəran rayon icra başçısı Müsavatın yerli şöbəsinin müraciətinə cavabında bildirib ki, biz İsa Qəmbərin təhlükəsizliyinə cavab vermirik. Görün ölkə hansı gündədir ki, icra hakimiyyəti partiyanın yerli təşkilatına belə cavab verib. İnsanların ölkə daxilində bir yerdən digər yerə gedib-gəlməsi konstitisiyon hüququdur. Amma indi mürtəd rejim bu haqqıda insanların əlindən alır. İndi vəziyyət elədir ki, hakimiyyətə müxalifətdə olan qüvvələrin ölkə daxilinsə azad gəzməsi problemdir. Bu da seçki ilində hakimiyyətin simasını göstərir. Əgər prezidentliyə namizəd İsa Qəmbərin kortejinin qarşısı kəsilirsə, onu geri qaytarırlarsa, bu o deməkdir ki, 2013-cü il prezident seçkiləri qeyri bərabər mübarizə şəraitində keçəcək. Buna artıq ciddi şübhə yoxdur. Hesab edirəm ki, bu iqtidar tərəfindən çox əsassız və bədnam hadisə oldu. Yəqin ki, həm beynəlxalqtəşkilatlar, həm də ölkə daxilindən buna ciddi reaksiya veriləcək. Hər halda bu Azərbaycanı bədnam edən bir qara hərəkətdir. -Hakimiyyət belə addımlarla niyə gərginlik yaradır, nəyə nail olmaq istəyir? - Bu hakimiyyət insanlardan qorxur. O qədər cinayətləri var ki. Bilirlər insanlar toplum olaraq narazıdır. Düşünürlər ki, yüzlərlə insan İsa Qəmbərlə birlikdə Lənkərana getsə aktivlik yaranar, narazılarda bura qoşular. Narahatçılıq və qorxu burdan doğur. Amma bu yolla vəziyyəti nə qədər saxlamaq olar. İsa Qəmbərin Lənkərana gəlməsi nə böyük hadisədir ki. Bununla hakimiyyət oyun yaratdı. Bu əlbəttə ki, idarəçilikdə olan problemlər və hakimiyyətdə olanların zehniyyətinin göstəricisidir. -Bu məntiqdən belə çıxır ki, 2013-cü il prezident seçkilərində müxalifətin əsas namizədləri qismində seçkiyə gedəcək İsa Qəmbər, Əli Kərimli və ya Lalə Şövkət rayonlara səfər edə bilməyəcəklər? - Mən güman eləmirəm ki, bu yolla insanların qarşısını kəsmək mümkün olacaq.Təsir əks təsirə bərabərdir. Hakimiyyət insanları nə qədər sıxsa, təzyiqə məruz qoysa buna uyğun cavab alacaq. Əslinə baxanda görərik ki, hakimiyyət atdığı addımlarla, apardığı proseslərlə ölkəni ərəb inqilablarına aparır. Şəxsən mən bir ziyalı olaraq bunun əleyhinəyəm. İstəmərəm ki, ölkədə inqilab olsun, qarşıdurma yaransın. Amma hakimiyyət hərəkətləri ilə sanki bunun olmasını istəyir. -İsmayıllıda baş verənləri, onun nəticəsini bir hüquqşünas olaraq necə qiymətləndirirsiniz? -Hər yerdə olduğu kimi İsmayıllıda da icra başçısı, onun qohum-əqrəbası, yaxınları, nazir olan qardaşı və digər yaxınları rayonu dağıdıb, nə qədər obyekt varsa mənimsəyiblər. Torpaqları, meşələri hasarlayıblar. Baxın, üsyanlar Qubada, İsmayıllıda baş verir. Buralar səfalı və turizm üçün əhəmiyyətli məkanlardır. Bu adamlar isə gedib rayonlarda əxlaqsızlıq yuvası tikirlər. Orada otellər, restoranlarda belə biabırçı hallar olur. İsmayıllı camaatıda özünəməxsus camaatdır və belə şeylərə dözmürlər. Mən yayda orada olmuşdum və gördüm ki, insanlar çox narazıdırlar. Anaların, bacıların, gəlinlərin yanında əxlaqsız hallar yaşanır və insanlarda buna dözmürlər.Bütün bunlarda gətirib ona çıxardı ki, adi bir hadisə rayonda çaxnaşmaya səbəb oldu. Nəticədə insanlar etiraz etdi, oteli yandırdı, avtomobilə od vuruldu və s. Mən hesab edirəm ki, İsmayıllıda baş verənlər Azərbaycanın hər bir rayonunda baş verə bilər və mümkündür. Ona görə də, iqtidar bir daha ciddi düşünməli, İlham Əliyev isə rayonlarda nələrin baş verdiyindən məlumatlı olmalıdır. Hərçənd ki, onun buna çox az vaxtı qalıb. Zorla, əmlakları talamaqla xalqı idarə etmək olmaz. Çünki bu idarəçilik forması deyil. -Siz hüquqşünassınız. Konkret olaraq İsmayıllıda aksiya zorakı üsulla yatırılıb yoxsa adi qaydada? - Əvvəla, orada qeyri adekvat güc tətbiq edilib, polis radikal davranıb. Bunu kadrlardan da açıq-aydın görmək mümkündür. -Bəs nədən polis İsmayıllıda Qubada və Bakıda əsgər ölümü ilə bağlı keçirilən aksiyada olduğu kimi davranmadı? -Bu hakimiyyət özünün idarəçilik sisteminə, taxt-tacına qarşı nə qədər aksiya varsa hamısını xüsusi amansızlıqla yanaşır. Əsgər ölümü ilə bağlı hadisə bir fakt idi. Uzağı Səfər Əbiyevi qurban verib deyərdi ki, Müdafiə Nazirliyi sistemində ciddi qüsurlar var və s. Bununla da, siyasi hakimiyyət hədəfdə görünməzdi.Amma həm İsmayıllı, həmdə digər hallar rejimin idarəçiliyi sistemi ilə bağlıdır, korrupsiya və rüşvətə qarşıdır. Odur ki, hakimiyyət məhz belə hallara qarşı amansız olmaqda qərarlıdır. Çünki bu onlara qarşıdır. Həmdə o qədər cinayətlərə yol veriblər ki, bunların üstü açılsa gərək bu ölkədə yaşamasınlar. Bu mənada onlar idarəçilik sisteminə və onların hakimiyyətinə qarşı olan tədbirlərə amansız münasibət göstərməyə hazırdırlar. -İsmayıllı olaylarına dəstək məqsədilə Bakıda keçirilən aksiya nə dərəcədə effektiv oldu? -Bilirsiniz ki, bu aksiya sosial şəbəkələrdən gəlib. Yəni insanlar öz aralarında razılığa gəliblər ki, İsmayıllıda baş verənlərə etirazlarını ifadə etsinlər.Təbii ki, aksiyada müxalifət partiyalarında olan insanlarda iştirak edib. Bu İsmayıllıda baş verən hadisələrə bir cavabdır. Cəmiyyət sübut etmək, açıqlamaq istəyir ki, artıq bu formada idarə etmək, insanları alçaltmaq olmaz. Buna qarşı mütləq reaksiya olacaq. Bu olay siyasi hakimiyyətə qarşı olduğundan ona münasibətdə qəddar davrandılar və insanları yüksək məbləğdə cərimə etdilər. Onlar özlərinə qarşı təhlükə hiss edəndə daha da amansız olurlar. -Aksiyada saxlanılan insanların bir qismi böyük məbləğdə cərimə edilib. Bu insanların çoxunun işləmədiyi, çörək pulu tapmaqda çətinlik çəkdiyini nəzərə alsaq, onların cərimə ödəməyəcəyi təqdirdə hüquqi baxımdan hansı məsuliyyəti yaranacaq? -Əslində normal cəmiyyətlərdə cərimənin miqdarı ilə minimum əmək haqqının miqdarı mütənasib olur. Azərbaycanda xeyli insanlar işsizdirsə və orta aylıq əmək haqqı 300 manatdan yuxarı deyilsə, bu halda 500 manatlıq cərimə kəsilməsi şübhəsiz ki, qeyri realdır. Bu mənada cərimənin miqdarının hüquqi məntiqi yoxdur. Amma bir şəxs bir neçə dəfə cərimə edilsə və cəriməni ödəməsə, bu halda məhkəmə icraçıları cəriməni onun əmlakına yönəltməlidir. Amma bəllidir ki, bu insanların çoxunun adına nə Bakıda mülk, nə də Dubayda villalar yoxdur. Ona görə də, hakimiyyət bu şəxslər haqqında məhkəmə qərarını icra etmədikləri üçün tədbir görəcək. Bu yenə də həbsdir. Yəni 3-5 aydan sonra bu insanlara inzibati həbs verilə bilər. Məsələnin mahiyyəti budur. Hakimiyyət bilir ki, bu insanların o qədər cərimə ödəməyə imkanı yoxdur. Odur ki, əslində bu məhkəmə qərarları havadan qalma şeydir. Hüquqi baxımdan bu cəhətdən qərarların təminatı çətin olacaq. -Avropa Şurası Parlament AssambleyasınındinləmələrindəŞtrasserin hazırladığı hesabat keçmədi. Hakimiyyət, eləcədə hakimiyyətə işləyən hüquq müdafiəçiləri bunu Ştrasserin məğlubiyyəti kimi qiymətləndirdilər.Niyə insan haqları məsələsi Avropa Şurası kimi mötəbər qurumda məğlubiyyətə uğradı? -Əslində məğlub olan Ştrasser deyildi. Avropa Şurası parlament Assambleyası kollegial orqandır. Hakimiyyətdə orada ciddi işlədi, MDB-dən olan deputatları ələ aldı. Ən acınacaqlısı odur ki, qardaş Türkiyədən olan deputatların Azərbaycan iqtidarının yarıtmaz fəaliyyətini dəstəkləməsi utancverici haldır və bizi incidir. Ancaq orada qətnamənin keçməməsi heç də bu qurumların Azərbaycana belə münasibət bəslədiyini əks etdirmir. Ştrasserin qətnaməsinin keçməməsi hakimiyyətin məğlubiyyətidir. Ştrasser niyə məğlub olur ki? Məğlub olan Azərbaycan xalqı, insanıdır ki, hakimiyyət onları həbsdə yatırdır, ailələrinə təzyiqlər göstərir. Ştrasserin məğlub olduğunu deyənlərin özləri məğlub durumdadırlar. Sadəcə müxalifət bundan nəticə çıxarmalı, daha yaxşı işləməlidir. Bizim hakimiyyətin yarıtmaz proyektinə səs verən deputatların ölkələri ilə işləmək lazımdır. Mən hesab edirəm ki, Rusiya, Türkiyə, eləcədə digər ölkələrin cəmiyyətləri isə işləmək lazımdır. HÜSEYN ABBASOĞLU
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?