Mehman Əliyev: “Azərbaycan-Rusiya münasibətləri tarixinə baxanda görərik ki, bu proses daima gedib”
Politoloq Mehman Əliyevlə müsahibəni təqdim edirik.
- Mehman bəy, prezident Trumpun inauqurasiya mərasimində çıxışı zamanı dünyaya verdiyi mesajları necə qiymətləndirirsiniz?
- Mesajlar ABŞ-ın inkişaf istiqamətlərini ortaya qoyur. Birincisi, Trump dedi ki, ABŞ-ın qüdrətini özünə qaytaracağam. Burada söhbət daha geniş, güclü, yüksək iqtisadi inkişafdan gedir. Əlbəttə, böhrandan sonra dünyada böyük iqtisadi inkişaf olmalıdır. ABŞ iqtisadiyyatı dünya iqtisadiyyatının üç də biridir. Odur ki, ABŞ bu iqtisadin inkişafdan mümkün qədər bəhrələnməyə çalışacaq. Biz istəyib istəməməyimizdən asılı olmayaraq ABŞ-da yeni iş yerləri açılacaq, iqtisadi canlanma baş verəcək. Trump da bu istiqaməti gözəl bilir və bu məsələdə oynayır. Bunu da, özünün gələcək siyasəti kimi təqdim edir. Bu proses sadəcə onun dövründə baş verəcək, onun komandası da bunu icra edəcək.
İkincisi, radikal islam və İŞİD-lə bağlı fikirləri oldu. Aydındır ki, 2018-ci ilə qədər İŞİD məsələsi bitməlidir. Bu mənada 2017-ci il çox ciddi olacaq. Əslində bu tendensiya görünür. Diqqət etsəniz görərsiniz ki, bu məsələdə qlobal və regional güclər birləşib. Söhbət ABŞ, Rusiya, Türkiyə, İran, körfəz ölkələrindən gedir. Aydındır ki, İŞİD məsələsi həll ediləcək. Trumpda bunu sadəcə təsdiqləyir.
Üçüncüsü, miqrasiya problemi. Trump bəyan edir ki, ABŞ vətəndaşlarının iş yerlərini qoruyacaq, qeyri qanuni miqrant axınının qarşısını alacaq və s. Əslində iqtisadi inkişaf mərhələsində miqrant axını səngiyəcək. Həm də aydındır ki, investisiyaların böyük hissəsi ilk növbədə inkişaf edən dövlətlərə gedəcək. Yəni Yaxın Şərq, Afrika ölkələri, Avrasiya ölkələri və s. Həm də iqtisadi canlanma olanda miqrasiya axını səngiyir. Məsələn, Suriyada müharibə dayanan kimi Avropaya, Türkiyəyə gedən suriyalıların böyük bir qismi geri qayıdacaq. Bu real məsələdir və Trumpda bunu bilir. Trump sadəcə olaraq hansı siyasi proseslərin gedəcəyini təsdiq edir.
- Trumpun radikal islamla bağlı fikirləri Yaxın Şərqdəki qanlı müharibənin üzərinə su səpəcək, yoxsa yanacaq?
- Əgər biz vəziyyətə baxsaq görərik ki, İran, körfəz rejimlərində radikal islama qarşı mövqe dəyişir. Elə götürək Azərbaycandakı şiə və ya digər təriqətləri. Bəyəm onlar radikal islamı, İŞİD-in addımlarını dəstəkləyib? Bu məsələyə baxış kifayət qədər dəyişib. Əgər islam dünyasında illər əvvəl radikal islamçıların hərəkətlərinə daha çox bəraət qazandırırdısa, indiki formada baş verən proseslər hər şeyi ortaya qoydu. İran və digər ölkələrin İŞİD-ə qarşı koalisiyaya qoşulması göstərir ki, islam dünyasında vəziyyət dəyişib. Bütövlükdə inanclı müsəlman insanlar arasında bu məsələyə müsbət pisdir və bu ümumi mövqedir.
- ABŞ-da anti Trump etirazlarına səbəb nədir?
- Fikrimcə, bu geniş mövzudur və həm də qısa müddətə ona cavab vermək olmaz. Əslində Trumpun hakimiyyətə gələcəyi gözlənilmirdi. Ancaq bunun niyə baş verdiyi və s məsələlər aydındır. Normalda Trump iş adamıdır və peşəkar siyasətçi deyil. Amma indi siyasətə gəlib və ABŞ prezidentidir. Həm də müəyyən qədər populistdir. Belə böyük nəaliyyətləri olan iş adamı həm də ciddi adamdır. ABŞ-da olan mitinqlər, nümayişlər var. Sanki hamı duyur ki, əgər Trump nəzarətə alınmasa, müəyyən çərçivəyə düşməsə problem yarada bilər. Odur ki, siyasət, nəzarət, çərçivə ona görədir ki, fərqli hadisələr baş verməsin. Həm də nəzərə alın ki, Trumpun dünyanın müxtəlif ölkələrdə müəyyən maraqları var. Rusiyada tikinti işi aparırdı, Gürcüstanda müəyyən biznes əlaqələri var və s. Burada həm də onun əlaqələri məsələsi ortaya çıxır. Çoxları da çalışır ki, onunla biznes fəaliyyəti zamanı yaranan əlaqələrdən istifadə etsin, ona müraciət etsin və s. Bu da, Trumpun indi tutduğu postla ziddiyyətlər təşkil edir. Bir sözlə, burada həm də əsas odur ki, Trumpa ciddi təsirlər olmasın. Göstərmək istəyirlər ki, Trump nəzarətdədir, ona yaxın gəlməyin, ona təzyiq etməyin. Çünki ortada ABŞ xalqı və cəmiyyəti var. Hesab edirəm ki, bu proseslərin arxasında həm də bu mesajlar dayanır.
- Trumpun impincment olması və ya Ali Məhkəmə tərəfindən prezidentlikdən götürülməsi ehtimalları nə qədərdir?
- Açığını deyim ki, mən bu kimi ehtimalları görmürəm, real saymıram. İş ondadır ki, Reyqan artist idi, sonra siyasətə gəldi, prezidentliyə qədər siyasət yolunu keçdi. Amma fakt odur ki, Reyqana zamanında bir artist kimi, hətta qeyri-ciddi yanaşılırdı. Amma onun dövründə nələrin baş verdiyini, onun nə qədər uğurlu prezident olduğunu siz məndən də gözəl bilirsiniz.
Hesab edirəm ki, Obamanın dövrü ciddi zaman idi. ABŞ dərin iqtisadi böhranla üz-üzə idi. Obama hakimiyyəti bu vəziyyəti stabilləşdirmək, daxildə və xaricdə ABŞ-ın nüfuzunu qoruyub saxlamağa çalışdı. Mən deyə bilmərəm ki, buna nail ola bildilər. Trumpun dövründə isə ciddi proseslər başlanır. Bu dövrdə dünyada və daxildə proseslər gedəcək. Nəzərə almaq lazımdır ki, bu siyasətin arxasında Amerika institutları və böyük bir cəmiyyət durur. Trump administrasiyası sadəcə olaraq bu prosesdə icraçıdır. Prezident özü isə bu siyasətin rəmzidir. Fikrimcə, rəmz kimi Trump kifayət qədər üzərinə düşən rolu oynaya biləcək.
- ABŞ-İran münasibətləri necə olacaq, Trump İranla bağlı nüvə sazişinin əleyhinə ciddi çıxışlar edir...
- Nəzərə alın ki, İran daxili dəyişikliklərə getmək istəmirdi. İndi Trumpun bu mövqeyi İranı müəyyən qədər qorxutmaq və göstərməkdir ki, ondan öncə qəbul edilən şərtlər yerinə yetirilməlidir, bəks halda biz bu məsələlərdə prinsipial olacağıq! Mən vəziyyəti bu cür görürəm. Gələcək 4 il ərzində İran üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Bu öhdəliklər də daha çox daxili islahatlar, qərb ölkələrini İran bazarına buraxmaq, proseslərin açıq cəmiyyətə istiqamətində getməsi və s.
- Ancaq Əli Əkbər Salehi elan edib ki, problem yaransa İran nüvə proqramı ilə bağlı əvvəlki mövqeyinə qayıda bilər...
- Bu mümkün deyil. İş ondadır ki, İran nüvə proqramı ilə bağlı danışıqlara, daha sonra güzəştlərə neftin qiymətinin dünya bazarında aşağı düşməsi dövründə getdi. Həmin vaxtda neft ölkələrinin çoxu çalışdı ki, konstruktiv mövqe tutmağa. Nəzərə almaq lazımdır ki, dünya bazarında neftin qiymətləri ABŞ-ın nəzarətindədir. Trump gəlməzdən əvvəl bəyan etdi ki, ABŞ-da daxili embarqonu götürəcək, neft istehsalına imkan verəcək və s. Mən hesab edirəm ki, İran bu məsələyə qayıda bilməz.
İkincisi, bəllidir ki, Suriya və İraq məsələlərində İran-ABŞ əməkdaşlığı var. Hesab edirəm ki, İran ABŞ-dan daha çox asılıdır. Bu mənada düşünürəm ki, bu mövzuda problem olmayacaq.
- İsrailin baş naziri Benyamin Netenyahunun İran xalqlarına müraciəti oldu, baş nazir iranlıları dost və mübariz xalq adlandırdı, İran hakimiyyətini isə ciddi tənqid atəşinə tutdu. Sizcə, bu müraciətin arxasınca hansı proseslər müşahidə oluna bilər?
- Mən iki amili qeyd edim. Birincisi, İsrail nüvə danışıqları məsələsində prinsipiallıq nümayiş etdirib. Və həm də xəbərdarlıq edirdi ki, İran nüvə proqramını həyata keçirsə havadan zərbələr endirəcək. Əvvəllər bu hal olmuşdu.
İkincisi, Suriya məsələsi. İranın Livan və Fələstin məsələsində kifayət qədər konstruktiv mövqeyi var. Yəni münasibət konfrontasiya mövqeyi deyil. Bu mənada müəyyən qədər yaxınlaşma var. Tərəflər Yaxın Şərqdə baş verən olaylarda konstruktiv yaxınlaşma mövqelərinə daha çox üstünlük verir. Əlbəttə, qapalı, və gizli danışıqlar, razılaşmaları kimlərsə apara bilər. Amma biz üzdə olanlara baxanda görürük müəyyən məsələlərə dair yaxınlaşma var. Bu hiss edilir. Hesab edirəm ki, proseslər daha çox bu istiqamətdə davam edəcək.
- Lavrovun son bəyanatını necə qiymətləndirirsiniz. Nəzərə alaq ki, bu haqda ona sualı Lider Televiziyasının əməkdaşı vermişdi və sonda da işdən çıxarıldı...
- Məsələyə münasibətin konkretdir. Bir var bəhanə, bir var səbəb. Bəhanə kimi baxanda Lider Televiziyasının əməkdaşının sualı açıq təxribat xarakterində idi. Mən hesab edirəm ki, siyasi baxımdan jurnalist sualı belə formada qoymamalı idi. Yəni əgər, müharibə başlasa Rusiya göz yumacaqmı, Azərbaycanın daxili işinə qarışacaqmı ya qarışmayacaqmı və s. Məncə sualda provokasiya var idi. Əslində konfliktin yaranma dövrü olan SSRİ zamanında bunu Moskva həll edirdi. Sonra ATƏT-in Minski Qrupunun yaradılması ideyası ortaya çıxdı. Biz bu ideyanı dəstəklədik, razılığımızı verdik. Minsk Qrupu bu proseslə məşğuldur. Qrupda isə ABŞ, Fransa və Rusiya təmsil olunur. Bu proses ATƏT çərçivəsində həll edilir. 1993-cü ildə Kəlbəcər hadisəsindən sonra Bakı məsələni BMT səviyyəsində qaldırdı. Demək istəyirəm ki, Qarabağ konflikti daxili məsələdən beynəlxalq məsələyə çevrilib. Bu gün də, beynəlxalq aləm məsələnin tənzimlənməsində, danışıqlar prosesinin aparılmasında bilavasitə iştirak edir. Üstəlik onların qərarı və razılığı olmadan nə Azərbaycan, nə də Ermənistan bir addım ata bilməz. Bu faktiki olaraq reallıqdır. O mənada belə sual qoyulanda müvafiq də cavab veriləcəkdi. Başqa cür necə cavab olmalı idi? Bu məsələnin bir tərəfi. Amma bu məsələnin arxasında həm də səbəb var.
Bu gün Rusiya ilə Azərbaycan arasında silah sazişi haqda danışıqlar gedir. İlham Əliyev bunu Davosda rəsmən elan etdi. 2010-cu ildə bağlanan sazişə əsasən biz Rusiyadan 5 milyardlıq silah almışdıq. İndi də yeni saziş ətrafında müzakirələr gedir. Əsas da silahın miqdarı və qiyməti məsələsidir. Yəni daha çox silah almaq, daha az pul vermək bizim marağımızdadır. Qarşı tərəf də təbii ki, daha çox pul əldə etməkdə maraqlıdır. Odur ki, alver, ticarət gedir. Raqozinin Bakı səfəri də bununla bağlı idi. Tərəflər müəyyən mənada bundan istifadə edir.
İkincisi, Rusiya ilə Azərbaycan arasında ticarət əlaqələrinə baxın. Son zamanlar böhran nəticəsində imkanlarımız tükənib, bu sahəyə çox maliyyə ayrıla bilmir. Hansı ki, ticarət əlaqələr 4 milyarda çatmışdı. Ona görə də, bu məsələyə də baxılır. Özü də, sizə deyim ki, bu ticarət əlaqəsi daha çox Moskvanın xeyrinədir. Çünki biz onlardan daha çox alırıq. Onlara da kartof və pomidordan başqa bir şey vermirik. Onlar da istəyir ki, biz daha çox alaq, Rusiya bazarına daha çox investisiya qoyaq. Yəni burada vəsaitlər ətrafında danışıqlar gedir. Azərbaycan tərəfi də çalışır ki, mümkün qədər az vəsait versin və s. Bu məsələlər də birbaşa bağlıdır Dağlıq Qarabağ məsələsinə. Bizimkilər vəsaitlər verməyə, buna getməyə hazırdır, amma Rusiyadan Qarabağ məsələsində Azərbaycanın mövqelərini dəstəkləməyə çalışırlar. Bu istiqamətdə müəyyən qədər proseslər gedir. Ona görə də, Lavrovun bəyanatı, ondan əvvəl Bardujanın fikirləri, “Qarabağ Respublikası” ifadəsi demək və s əslində yumşaq təzyiqlər formasıdır. Məqsəd odur ki, Azərbaycan daha çox konstruktiv olsun. Azərbaycan-Rusiya münasibətləri tarixinə baxanda görərik ki, bu proses daima gedib. Bu mənada hesab edirəm ki, münasibətlər belə davam edəcək, təbii ki, alver də olacaq və Rusiya Qarabağ məsələsində bizə daha yaxın olacaq. Necə ki, aprel döyüşlərində bunu gördük.
- Jurnalistin işdən qovulması normal haldır?
- Mən demirəm ki, onun işdən qovulması yaxşı haldır. Nəzərə alın ki, söhbət muzdlu jurnalistdən gedir. Vaxtı ilə işə götürüblər, indi də çıxarırlar. Özü də, söhbət Lider Televiziyasından gedir. Bu televiziya kanalı kobud şəkildə peşə əxlaq kodeksini pozan qurumdur. Necə ki, digər kanallarda da bu var. Eləcədə “Televiziya haqqında” qanunu pozan telekanaldır. Digər kanallar olduğu kimi Lider Televiziyası da hakimiyyətin nəzarətində olan kanaldır. Lazım olanda pulunu verir, lazım olanda işdən çıxarır. Mən hesab edirəm ki, o çərçivədə belə qaydalar normadır. Mən bilmirəm sonuncu dəfə kimi işdən çıxarmışam. Heç yadıma gəlmir. Əlbəttə, bizdən kimlərsə işdən gedib, amma mən deməmişəm ki, səni işdən çıxarıram. Amma onlarda bu qaydalar normaldır. Üstəlik də Rusiya tərəfinə göstərmək ki, bu həmin jurnalistin özfəaliyyətidir, onun arxasında Azərbaycan tərəfi durmur. Başqa bir şey yoxdur.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?