Musa Quliyev: “Hər bir intihar hadisəsi ciddi siqnaldır”
"Gündəm Xəbər" Millət vəkili, YAP Siyasi Şurasının üzvü Musa Quliyevlə müsahibəni təqdim edir.
-Musa müəllim, dünyada baş verən böhran, onun Azərbaycana təsirləri haqda nə deyə bilərsiniz?
- Dünyada son illərdə iqtisadi proseslərin yönü, tempi və forması dəyişib. 2008-ci ildən başlayan maliyyə-iqtisadi böhran nəinki başa çatdı, həm də dərinləşdi və üçüncü fazasına daxil oldu. Üçüncü faza da özünü neftin qiymətinin kəskin aşağı düşməsi, milli valyutaların dollara nisbətən zəifləməsi və iqtisadi münasibətlər tempinin aşağı düşməsi ilə xarakterizə olunur. Eyni zamanda 2-3 il əvvəl başlayan və əsas neft ölkələrində qeyri sabitlik, siyasi və hərbi vəziyyətin kərginləşməsi, müharibə şəraiti, qaçqınlar ordusunun yaranması, beləcə ümumdünya böhranının dərinləşməsi dünyaya bağlı olan Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərib.
-Bu prosesin sonu necə olacaq?
- Azərbaycanın potensial imkanları manevr etmək baxımdan bir çox ölkə ilə müqayisədə çoxdur. Cənab prezident 2008-ci ildə bu istiqamətlərin hara qədər gedəcəyini bilərək müəyyən proqramlar hazırladı. Sonradan bu proqramlar imzalandı. Məsələn, Azərbaycanda regionalların iqtisadi-inkişaf proqramı. Artıq bu adda iki-üç proqram həyata keçirildi. Regionların infrastruktur mənzərəsi dəyişdi-yollar salındı, iş yerləri açıldı və s. Son 2 ildə neftin qiyməti aşağı düşdü. Bununla bağlı Azərbaycan öz iqtisadiyyatının yeni mərhələsinə, post neft mərhələsinə qoydu. Bu da hökumət səviyyəsində elan edilib. Prezidentin son 1,5 il ərzində verdiyi sərəncam və fərmanlar iqtisadiyyatın qeyri neft sektorunun inkişafına yönəlik tədbirlərdir. 2015-ci ilin kənd təsərrüfatı ili elan edilməsi təsadüfi bir hadisə deyildi. Ondan əvvəl isə turizm ili elan edilmişdi. Bu qeyri neft sektorunun inkişafı ilə bağlı Azərbaycan hökumətinin siyasi baxışlarını göstərirdi. Dünyada gedən proseslərin Azərbaycana müsbət təsiri olduğu kimi mənfi təsirləri də olur. Amma müsbət təsirlərdən yararlandığımız kimi mənfi təsirlərində qarşısını almaq üçün hər cür imkanlarımız var. İstər iqtisadi, istərsə də siyasi baxımdan. Ən əsası ölkədə daxili sabitliyin olmasıdır. Əgər bir ölkədə daxili sabitlik yoxdursa, orada iqtisadi inkişafdan söhbət gedə bilməz.
-Musa müəllim, rəsmi statistikaya görə 2016-cı ildə 327 nəfər intihar edib. Sizcə, bu nə dərəcədə təhlükəli rəqəmdir?
- Hesab edirəm ki, hər bir intihar ciddi bir siqnaldır və hər kəsi narahat etməlidir. İstər bu sahədə çalışan mütəxəssisləri, istər hökumətin strukturlarını, istərsə də cəmiyyətimizi. İntihar varsa, deməli insanın çıxılmazlığı, tənhalığı, cəmiyyətlə konflikti, depressiyası var. İntihar səbəbsiz yerə baş vermir, hesab edirəm ki, hər bir intiharın səbəbləri araşdırılmalıdır.
Mən dəfələrlə müsahibələrimdə demişəm ki, intihar inkişafın problemidir. Yəni iqtisadi, sosial cəhətdən geri qalan ölkələrin problemləri deyil.
- Konkret nəyi nəzərdə tutursunuz?
- İntihar edənlərin sosial statuslarını araşdırsaq görəcəyik ki, intihar səbəblərinin içərisində yoxsulluq və ya hər hansı bir sosial cəhətdən kasıblıq və digər iqtisadi problemlər təşkil etmir. Əksinə, əsas problemləri məişət, psixoloji, sağlamlıq və s təşkil edəcək. Çox kasıb ölkələrdən biri Hindistan, Afrika ölkələridir. Siz orada olan intihar faizləri ilə Avropa ölkələrində olan intiharları müqayisə etsəniz görərsiniz ki, fərqlər çox böyükdür. Kasıb ölkələrdə intihar faizləri yüksək deyil. Azərbaycanı götürə də bilərsiniz. Kasıb və az təminatlı kateqoriyadan olan intiharlar orta və zəngin kateqoriya ilə müqayisədə azdır. Azərbaycanın ən az təminatlı kateqoriyası məcburi köçkünlərdir. Onlar arasında intihar halları çox azdır. Mən demirəm ki, intiharların sosial kökləri yoxdur. İntiharın sosial da, iqtisadi də kökü var. Amma intihar daha çox şəxsin psixi durumu ilə bağlı məsələdir. İnformasiya texnologiyası dövrüdür. Biz çoxlu informasiya alırıq və onların çoxu mənfi təsir edir. Daha çox təsir edən yaşamaq imkanlarımızla yaşamaq arzularımız arasındakı fərqlərdir. Bəzən biz düşündüyümüzü və arzuladığımızı həyata keçirə bilmiriksə, burada tək qalırıqsa, bu yoxsulluğun problemi deyil. Əksinə, bu artıq şəxsin özünün özü və cəmiyyətlə konfliktinin problemidir. Azərbaycanda təxminən günə bir intihar halı varsa, bu statistik baxımından böyük rəqəm deyil. Litvada hər 100 min nəfərə 42 intihar halı baş verir. Latviyada hər 100 min nəfər müqayisədə 30-32 nəfər düşür. Sloveniyada bu faiz 100 min nəfərə 30 nəfər təşkil edir. İntiharlar Finlandiya kimi ölkədə də ciddi problem olaraq qalır. Biz intiharların sayına görə, üçüncü qrup ölkələr siyahısında qərarlaşırıq. Birinci və ikinci qrup ölkələrdə bizdən dəfələrlə çox intihar halları baş verir. Ancaq bu bizi qətiyyən arxayın etməli deyil. Bununla əlaqədar olaraq hüquqi baza yaradılır. Mənim də təmsil olunduğum komitənin hazırladığı “Psixoloji yardım haqqında” qanun bir çox məsələlərin, o cümlədən intihar faktlarının araşdırılması, vaxtında psixoloji yardım göstərilməsi, bu insanlara dəstək göstərmək üçün hüququ aspektləri özündə əks etdirəcək. Ancaq bir daha qeyd edirəm ki, intihar şəxsin tənhalığının, ümidsizliyinin ifadəsidir. Belə halların birbaşa yoxsulluqla əlaqələndirməyi doğru hesab etmirəm.
- Siz bir müddət əvvəl də intiharların yoxsulluqla əlaqələndirməyin doğru olmadığını bəyan etmişdiniz və buna görə, sosial şəbəkədə sizə qarşı ciddi tənqidi fikirlər səsləndirildi...
- Bəli. Mənim fikirlərimə müəyyən şəxslər etiraz etmişdi. Amma həm də nəzərə alın ki, bu mövzudan başı çıxan da, çıxmayanda fikirlərimə şərh verirdi. Əslində o adamlar peşəkar olsaydı mən məmnuniyyətlə debata girərdim. İş ondadır ki, bu şəxslərin çoxu peşəkar deyillər. Odur ki, mən peşəkar olmayanlarla fikir dartışmasına daxil olmadım.
- Sizcə, artan intiharlarla bağlı dövlət proqramının qəbuluna ehtiyac yoxdurmu?
- Hər məsələ ilə bağlı dövlət proqramı qəbul edilmir. Dövlət proqramı o halda qəbul edilir ki, ciddi siyasi, iqtisadi, ictimai əhəmiyyətlə məsələlər olsun. Məsələn, Azərbaycanda və dünyada ölümlə nəticələnən xəstəliklər arasında birinci yeri ürək-damar xəstəlikləri, ikinci yeri onkoloji xəstəliklər tutur. Eləcədə travmalar, hepatit xəstəliyi və s var. Ancaq depressiya və intiharlar bəlkə də belə siyahıda 20-ci yerdə dayanır. Mən hesab edirəm ki, daha çox onkoloji problemlərin həlli ilə məşğul olmalıyıq, hepatit və ürək-damar xəstəliklərinə diqqəti yönəltməliyik. Yəni əhəmiyyətlilik dərəcəsinə görə məsələlər bölünür. Yoxsa hər bir xəstəlikdən adam vəfat edə bilər. Əgər bu gün qripdən bir nəfər ölürsə o demək deyil ki, biz dövlət proqramı qəbul etməliyik. Ancaq psixiatrik yardımla bağlı dövlət proqramı qəbul edilə bilər. Depressiyalar da bunun tərkibində gedə bilər. Lakin öncə bizim onkoloji, ürək-damar problemlərimiz var. Azərbaycanda ildə 1200-ə qədər insan avtomobil qəzası səbəbindən dünyasını dəyişir. Belə götürəndə bu rəqəm intiharlardan 3-4 dəfə çoxdur. Hər bir intihar halı araşdırılmalıdır, bu barədə KİV-in rolunu yüksək qiymətləndirirəm, çünki maarifləndirmə işi aparır, problemə reaksiya verirlər. Amma statistikaya çevirəndə qəzalardan ölənlərin sayı daha çoxdur. İndi necə edək: yollarımı bağlayaq, avtomobillərin sayını məhdudlaşdıraq, bununla bağlı nə cür proqram qəbul edək? Azərbaycanda boşanmaların sayı artır, amma evlənənlərin də sayı artır. Demoqrafik prosesdə ildə 100-110 min artım var. Ancaq elə ölkələr var ki, orada artım azalıb, hər ölkənin özünün müəyyən problemləri var.
Siz intihar mövzusunun üzərində ciddi dayanırsınız. Əlbəttə, bu da ciddi problemdir və mən əvvəlcədən dedim ki, hər bir intihar hadisəsi ciddi siqnaldır. Ancaq siz deyim ki, SSRİ dövründə biz tamam ayrı mənəvi köklər üzərində köjklənmişdik. Yəni kommunist ideyasına inam, vətənpərvərlik, ailə institutu möhkəm idi və insanlar bir-birlə indiki qədər yadlaşmamışdı. İndiki dövrdə isə həmin kommunist ideologiyasının yerini dolduracaq ideologiya görmürəm. Yaxşı olardı ki, din amili burada önə çıxsın. Söhbət sağlam islamdan gedir. Fikrimcə, sağlam din amilinin önə çıxması haradasa bizim mənəvi boşluqlarımızı doldura bilər. İslamda intihar etmək günah əməldir və yeri cəhənnəmdədir. Niyə insanlarımız tənhalaşır? Bir ailədə 4-5 adam üst-üstə hesablayanda bir-birlə bəlkə də 3-4 saat ünsiyyətdə olmur. Biri dərsə, digəri işdə olur. Evə gəldikdən sonra hərə öz otağına çəkilir, qarşısına planşetini qoyur və başlayır internetdə yazışmağa. Biz virtual aləmdə daha çox yaşayırıq, nəinki real aləmdə.
- Yəni bu amillər intiharlara ciddi təsir edir?
- Bunların hamısı son anda insanı tənhalığa, çıxılmazlığa doğru aparır. Ancaq insan cəmiyyətdə xoşbəxtdır. Biz cəmiyyətin içində olmalıyıq. SSRİ vaxtı teatrlar, kinoklublar var idi, insanlar daima belə mədəni tədbirlərdə aktiv iştirak edirdilər. Biz kütləvi olaraq bir yerdə olmalı, hiss və emosiyal arımızı bölüşməli, fikirlərimizi müzakirə etməliyik. Bunların heç biri olmayanda təbii ki, insan özünə qapanır və depressiyaya da düşür. Həm də çalışıb fiziki aktivliyi artırmalıyıq. Məncə, əvvəlki dövrlə müqayisədə indi fiziki aktivlik də azalıb. Parklarımız var. Əvvəllər hətta kəndlərdə belə məktəbin açıq havada idman meydançası var idi. Səhərlər orada qaçanların, axşamlar idman edənlərin sayı indi ilə müqayisədə qat-qat çox olurdu. Fiziki aktivliyi artırmaqla psixoloji yükümüzü də bir qədər azaltmış və paylamış oluruq. Əlbəttə, bütün bunlar mütəxəssislərin araşdıracağı məsələdir və bir müsahibə ilə bütün aspektləri görə bilmərik. Sözsüz ki, intihar ciddi problemdir və bu rəqəmin hətta ildə 1 nəfər də artması bizi narahat etməlidir.
- Ancaq o da reallıqdır ki, bizim cəmiyyətdə psixoloq institutu mövcud deyil, ona müraciətlərdə azdır. Buna səbəb nədir?
- Biz də bu səbəbdən qanun hazırlayırıq. Qanunda kimlərin psixoloq kimi fəaliyyət göstərməsi konkret göstərilir. Bizdə indi psixoloq kimi fəaliyyət göstərənlərin çoxunun nəinki savadı yoxdur, bəzilərinin ümumiyyətlə savadı yoxdur. Üstəlik Sertifikatlaşmayıb, standartlar, formalar, onlara olan tələblər müəyyən edilməyib. Kimlər psixoloq ola bilər, fövqəladə hallarda hansı yardım göstərilməlidir kimi məsələlər var. Məsələn, yanğın baş verib. Bu zaman orada olan hər kəs psixoloji travma alır. Və ya zəlzələ baş verir, uşağın yanında kimisə avtomobil vurur. Həmin şəxsə tibbi yardım göstərilirsə, uşağa da psixoloji yardım olmalıdır. Çünki bunların hamısı damcı-damcı insan psixkasını zədələyən və zəiflədən amillərdir. Bu mənada yuxarıda qeyd etdiyim qanunun qəbulu ciddi hüququ boşluqları aradan qaldıracaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?