Səidə Qocamanlı: “Azərbaycan xalqı nəhayət ki, azad, ədalətli və demokratik seçkinin keçirilməsinə ehtiyac duyur” Suallara İnsan Hüquqları və Qanunçuluğun Müdafiə Bürosunun sədri, hüquq müdafiəçisi Səidə Qocamanlı cavab verib. Müsahibimiz əsasən həmkarı Novella Cəfəroğluna qarşı olan hücumlar, onun “Freedom Hause” Təşkilatının hesabatını sərt tənqid etməsindən sonra yaranan situasiya, habelə seçkilər, siyasi məhbuslar və problemlər haqqında danışıb. - Həmkarınız Novella Cəfəroğlunun “Freedom Hause” Beynəlxalq Hüquq Təşkilatının Azərbaycanla bağlı hesabatını sərt tənqid etməsinə demookratik düşərgə ciddi reaksiya verib və ona qarşı ittihamlar səsləndirib. Bu hadisəni necə qiymətləndirirsiniz? - Novella xanıma qarşı bu kampaniyaya rəvac verən insan Azərbaycandan uzaqda oturub moizələr oxuyur. O, əslindəfacebook.com sosial şəbəkəsində yazdığı statusla mərifət və mədəniyyətini göstərdi. Əslində bu birinci hal deyil. Həmin şəxs dəfələrlə bizi təhqir edib. Mənim və Novella Cəfəroğlunun haqqında fikirlər işlədib. Ancaq biz özümüzə rəva görməmişik ki, ona cavab verəcək. Çünki bu bizim səviyyəmiz deyil, həmin şəxsdə tərbiyəsiz adamdır. Yalnız tərbiyəsiz insan belə ifadələr işlədə bilər. O, belə hərəkətlərlə cəmiyyətdə ajotaj yaradıb. Təbii ki, həmin şəxsi gənclik yaxından tanımadığı üçün diqqət veriblər. Sanki bütün acı və zəhər bir nəfərə qarşı istiqamətləndirilib. Bu isə ədalətsizlikdir. - Siz konkret olaraq kimi nəzərdə tutursunuz? - Mən ABŞ-da yaşayan Ramiz Yunusu nəzərdə tuturam. Bu adam ABŞ-da oturub və deyir ki, Novella Cəfəroğlunu Müsavat partiyasından qovmaq lazımdır. Ancaq qeyd olunmalıdır ki, Novella xanım Müsavat Partiyasının üzvü olmaqla yanaşı həmdə ölkənin hüquq müdafiəçisidir. O, bir hüquq müdafiəçisi olaraq “Freedom Hause” Təşkilatının hesabatına tənqidi münasibət bildirə bilər. Bu həm də normal hal olmalıdır. Biz bolşevik deyilik axı. Hər bir insanın fikirlərinə hörmətlə yanaşılmalıdır. “Kim mənim kimi düşünmürsə, mənim düşmənimdir” prinsipi nə siyasətdir, nə yanaşmadır?. Bu gün müxalifət düşərgəsi bir-birinə dəyib. Axı belə olmaz. Mən bu halları pisləyir, tərbiyəsiz ifadələri qınayıram. Bu məsələ məni düşündürməyə, bəzi məsələləri götür-qoy etməyə vadar etdi. Mən hansı cəmiyyətdə yaşadığımı düşündüm və az qala məndə qorxu xofu yarandı. - Bəlkə hakimiyyətdən narazı elektoratın Novella Cəfəroğludan başqa gözləntiləri var. Novella xanımında “Freedom Hause” Təşkilatının Azərbaycanla bağlı hesabatını kəskin pisləməklə bu elektoratın əksinə gedir və onu aqressivləşdirir... - Əvvəla deyim ki, cəmiyyətdə aqressiyanın olmasını heç kim istisna etmir. Əlbəttə, cəmiyyətdə aqressiya mövcuddur. Bu da, şübhəsiz ki, sosial problemlərlə əlaqəlidir. Habelə siyasi problemlər və insanların güzəranı da bu aqressiyanı artıran amillərdəndir. Həm də nəzərə almaq lazımdır ki, bu elektoratın böyük hissəsini gənclər təşkil edir. O gənclər ki, onların iş və maddi baxımdan təminatı yoxdur. Təbii ki, bu məqamlar gənclərin aqressivliyinə əsas verir. Amma bu o demək deyil ki, mənim kimi düşünməyənə düşmən münasibət bəslənməlidir. Belə yanaşma olmaz, bu düzgün deyil, hər bir kəsin öz fikri var. Onda bizim bolşeviklərdən fərqimiz nə olardı. Sizə deyim ki, ölkənin tanınmış insanları səhərdən bizə zənglər edir, bu məsələlərlə maraqlanır, bizə dəstək ifadə edirlər. Həmdə bu halları pisləyirlər. Novella xanımı dostum olduğuna görə müdafiə etmirəm. Çünki onun müdafiəyə ehtiyacı yoxdur. Sadəcə bu olay hər kəsi düşünməyə sövq edir. Baxın görün cəmiyyətimiz hansı vəziyyətə düşüb. - Narazılıq edənlər Müsavat Partiyasının üzvləridir və onların arasında hətta Müsavat başqanının müşavirləri də var. Məsələn, İsa Qəmbərin müşaviri Yadigar Sadıqov Novella xanımı partiyadan istefa verməyə çağırıb... - Mən Yadigar bəyin vvə digər müsavatçıların fikrinə hörmətlə yanaşıram. Ancaq anlamaq lazımdır ki, Novella xanım Müsavat Partiyasının üzvü olmaqla bərabər həmdə hüquq müdafiəçisidir. Onun ofisinə hər gün onlarla insan müraciət edir. Bu insanlar əziyyət çəkən, dövlət idarələrində süründürülən, dərdinə əlac tapa bilməyən şəxslərdir. Novella xanımın da “Freedom Hause” nin hesabatına tənqidi münasibəti bir hüquq müdafiəçisinin fikridir. Mən də Müsavat Partiyasının üzvüyəm və həmdə hüquq müdafiəçisiyəm. Onda belə çıxır ki, əgər məndə konkret məsələyə dair hüquq müdafiəçisi kimi fikir işlətsəm partiyadan qovulmalıyam? Bu ədalətli yanaşma deyil. Birincisi, Müsavat Partiyası heç kəsin inhisarında deyil. O cümlədən də Ramiz Yunusun. Ramiz Yunus əgər Müsavatı belə sevirdisə qaçıb ABŞ-a getməzdi, burada oturub bizim kimi bütün mərhumiyyətlərə qatlaşıb Müsavat Partiyasının yanında olardı. Uzaqdan hamı danışmağı bacarar. Amma burada, yaşayaraq mübarizə aparmaq hər adamın işi deyil. İkincisinə gəldikdə bir daha qeyd edim ki, Novella Cəfəroğlu hüquq müdafiəçisidir və onun məsələlərə şəxsi baxışı ola bilər. Siz diqqət edin, ABŞ-ın Milli Demokratiya İnstitutu burada bağlananda məhz Novella Cəfəroğlu ortaya düşdü, bu məsələləri qabartdı, bu institutun fəaliyyətinin bərpası üçün müstəsna xidmətlər göstərdi. Bunu heç kim bilmir, bizdə belə məsələləri mətbuata çıxarıb özümüzü göstərmirik. Bu həmin Novella Cəfəroğludur ki, Milli Demokratiya İnstitutunu müdafiə etdi, onun ölkədə fəaliyyət göstərməsini vacib hesab etdi. Nüfuzlu şəxs olduğuna görə Novella xanımı eşitdilər. İndi Novella Cəfəroğlu “Freedom Hause” ni tənqid etdiyinə görə pis adam olur? Bu necə ola bilər, axı bu nə yanaşmadır? - Sizinlə Novella xanımın fikirlərində ciddi fərq yoxdur, hər ikiniz Hüquq Müdafiəçilərinin Monitorinq Qrupunda təmsil olunursunuz. Ümumiyyətlə siz “Freedom Hause”nin hesabatında konkret nəyə etiraz edirsiniz? - “Freedom Hause” nin hesabatı əslində əvvəlki illərdə verilən hesabatlardan ciddi sürətdə fərqlənmir. Orada sadalanan problemlər-siyasi məhbusların olması, toplaşma azadlığına qarşı olan təpkilər, jurnalistlərə qarşı təzyiqlər, ifadə azadlığına dair problemlər həqiqətdir. Biz bəyəm deyirik ki, ölkədə bu məsələlər yoxdur ? Əksinə, bizdə qeyd edirik ki, bu problemlər mövcuddur. Bu faktlara biz qətiyyətlə yanaşırıq və onların həll olunmasına çalışırıq. Azərbaycan ağır seçki ilini yaşayır, biz seçkilərə sivil bir ölkə kimi getməliyik. Yəni ölkədə siyasi məhbuslar olmamalı, həbs edilən insanlar azadlığa buraxılmalıdır. İlqar Məmmədov və Tofiq Yaqublu dərhal azadlığa buraxılmalıdır. Həbsdə olan siyasi dustaqlar azad olmalıdır, üçdə iki ilə yatan şəxslərin azadlığa buraxılması məsələsinə baxılmalıdır, siyasi hüquqlar təmin edilməlidir, müxalifətə imkan verilməlidir ki, şəhərin mərkəzində mitinqlər təşkil etsin. Biz də deyirik ki, bu məsələlər olmalıdır. Keçirdiyimiz bütün görüşlər zamanı da bu məsələləri qaldırırıq. Ancaq bizi qıcıqlandıran odur ki, “Freedom Hause”nin nümayəndələri Azərbaycana gələndə 2-3 nəfərlə görüşür və onların sözləri əsasında hesabatlarını hazırlayır. Biz də qeyd edirik ki, bu mütəxəssislər ölkəmizə gələndə hüquq müdafiəçiləri və jurnalistlərin böyük heyəti ilə görüşsünlər, onların da fikirlərini öyrənsinlər. Əlbəttə bu daha yaxşı olardı. - Azərbaycan hökuməti ATƏT-in Bakı ofisinin statusunun dəyişdirilməsini təklif edib. Belə xəbərlər gəzir ki, əgər ofisin statusu dəyişsə, bu zaman hüquq və demokratiya departamentləri bağlanacaq, ATƏT-in Bakı ofisində ixtisarlar ediləcək və s. Bu məsələ haqqında nə deyə bilərsiniz? - Mən qeyd edim ki, ATƏT-in Bakı ofisinin statusunun dəyişməsi heç də yaxşı hal deyil və mən ümid edirəm ki, ofis əvvəlki statusunu saxlayaraq fəaliyyətini davam etdirəcək. İkincisi qeyd edim ki, ATƏT-in Bakı ofisinin əsas şöbələri Demokratikləşmə və Hüquq şöbəsidir. Əlbəttə, bu şöbələrin bağlanması cəmiyyətə və Azərbaycana xələl gətirə bilər. Çünki məhz bu iki qurum demokratik proseslərin inkişafında müstəsna rol oynayır. Onların bağlanması yolverilməzdir. Onu da qeyd edim ki, ATƏT hər dəfə Azərbaycanda seçkiləri müşahidə edəndə və sonda onu qiymətləndirəndə elə ifadələr yazır ki, bu da hamını qıcıqlandırır. Məsələn, seçkilərlə bağlı yekun hesabatlarında bildirirlər ki, proses zamanı əyintiləri qeydə alınıb, amma buna baxmayaraq seçkilər demokratiyaya doğru bir addımdır. Necə yəni bizi demokratiyaya yaxınlaşdırır? Elə illərdir ki, yaxınlaşa-yaxınlaşa qalmışıq...Azərbaycan xalqı nəhayət ki, azad, ədalətli və demokratik seçkinin keçirilməsinə ehtiyac duyur. Bu vacibdir və lazımdır. Kimdə prezident seçilir, seçilsin. Əsas odur ki, demokratik yolla seçilsin. - Bəs azad və ədalətli seçkilərin keçirilməsinə imkan varmı? - Hələlik yoxdur. Belə bir imkan görünmür. - Bəs onda necə olacaq? - Deməli işləmək lazımdır. Beynəlxalq təşkilatlarla, Venesiya Komissiyası ilə əməkdaşlığı sürətləndirmək vacibdir. Həmçinin beynəlxalq qurumlarda iki-üç tövsiyə verib kənara çəkilməməlidir. Əksinə, çalışmalıdır ki, açıq və azad seçkilər nəhayət ki, baş versin. Kim də səs toplaya bilibsə xalqın iradəsinə əsasən prezident postunda əyləşsin. Bizim demokratik yoldan savayı yolumuz yoxdur. Azərbaycanı Misir, Liviya və ya Suriyanın gününə sala bilmərik. Buna imkan verməməliyik. - Seçkilər yolu ilə hakimiyyətə gəlmək imkanları qapadılıbsa, Misir variantı real deyilmi? - Elə bundan da qorxmaq lazımdır. Bu gün əm ümdə vəzifə iqtidarlı-müxalifətli bir masa ətrafında əyləşib ölkəni düşünsünlər, ümumi qərarlara gəlsinlər. Əlbəttə ki, bu işdə ATƏT-in xüsusi rolu ola bilər. Bunun üçün təbii ki, siyasi məhbuslar azadlığa buraxılmalı, həbs edilən dindarlarda sərbəst buraxılmalı, imkan verilməlidir ki, insanlar sərbəst şəkildə toplaşmaq hüququndan istifadə etsin. Bunlar reallaşsa və beynəlxalq qurumlarda görsələr ki, daxildə özümüz problemləri həll etmək istəyirik, bu zaman onlarda dəstək ifadə edəcəklər. Bizim əvəzimizə heç kim bu ölkəni demokratikləşdirməyəcək. Bu birmənalıdır. Nə Avropa Şurası, nə Avropa İttifaqı nə də “Freedom Hause” bizim yerimizə bu ölkəni demokratikləşdirmək üçün addımlar atmayacaq. Bu rıçaqlar ancaq bizim əlimizdədir. Deməli ondan özümüz istifadə etməliyik. HÜSEYN ABBASOĞLU
Sorğu
Yeni dizaynımız necədir?