Sərdar Cəlaloğlu: “Mirqədirovun dövlət sirlərinə çıxışı yoxdur ki, biz də düşünək ki, sirləri satıb”
Suallara Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu cavab verib. - Sərdar bəy, 15-16 oktyabr 2003-cü il hadisələri ilə bağlı məhkəmə prosesi keçirilir və sizlərin bu prosesə getməməsi səbəbindən məhkəmə iclası beşinci dəfə təxirə salınır. Niyə prosesə getmirsiniz? - Əvvəla deyim ki, Avropa Məhkəməsi öz təcrübəsində ilk dəfə idi ki, istintaqın sübutlarını da qiymətləndirib. Həmin qiymətləndirmədə qeyd edilir ki, bizə qarşı ittihamın heç biri sübut kimi dəyərləndirilə bilməz. Bu da o deməkdir ki, aparılan istintaq Avropa Məhkəməsi tərəfindən qeyri qanuni hesab olunur. Ancaq Ali Məhkəmə bizim işimizi istintaqdan sonrakı mərhələsini Ağır Cinayətlərə dair İşlər Üzrə Məhkəməyə göndərib. Avropa Məhkəməsi isə istintaqın da materiallarını şübhə altına alıb. Əslində Ali Məhkəmə bunu birbaşa ibtidai istintaqa göndərə və sübutların yenidən toplanmasına başlanılmalı idi. Lakin Ali Məhkəmə istintaqın materiallarını qəbul edir. Məhkəmə indi istintaqın materiallarına baxmalıdır. Bu tamamilə yanlış qərardır. Biz tələb etdik ki, Avropa Məhkəməsinin qərarına uyğun olaraq Ali Məhkəmə bizə birbaşa bəraət verməklə işi xətm etsin. Və sonra da bizi qeyri-qanuni həbs edən, işgəncə verən şəxsləri məsuliyyətə cəlb etsin. Amma prokurorluq tələb etdi ki, bu məsələlər hazırlıq iclasına getsin. Məqsəd də, budur ki, iş hazırlıq prosesinə gedəcək və orada da uzadılacaq. Məsələn, mənim işgəncəyə məruz qalmağım haqda Avropa Məhkəməsi 2007-ci ildə qərar verib. Həmin qərar 4 aydan sonra Ali Məhkəmədən keçdi, qaytardılar Nəsimi rayon Məhkəməsinə və oradan da göndərdilər Ağır Cinayətlər Məhkəməsinə ki, mənə işgəncə verənlər müəyyən edilib cəzalandırılsın. Bunun üzərindən düz 6 il keçib, amma mənə işgəncə verən insanlarla bağlı heç bir istintaq hərəkəti aparılmır. Siz dediyiniz işdə də eynən bu metod gözlənilir. Bu məhkəmədə əvvəlcə bizimkilərin gəlməməsini bəhanə etdilər. İndi də orada guya hökumət bizə yeddi vəkil tutub. Hər iclasa da bu vəkillərdən biri gəlməyəcək. Beləcə proses təxirə salınacaq. Vəkillərin gəlməməsinin səbəbi də ancaq hakimə məlumdur. Hesab edirəm ki, iş bu cür də uzadılacaq. Əslində bu işin belə formada məhkəməyə göndərilməsi qeyri qanunidir. Bu məhkəmə deyil. Guya Azərbaycan hüquqşünasları öz aləmlərində “ağıl” nümayiş etdirirlər. - Nə mənada guya ağıl nümayiş etdirirlər? - Bir tərəfdən guya Avropa Məhkəməsinin qərarını icra edirlər, digər tərəfdən də özlərinin etdiyi qeyri-qanuni hərəkətləri ört-basdır edirlər. Yəni işi aparıb sona çatdırmırlar. Mənə işgəncə veriblər. Məndə işgəncə verən şəxsin adını da bilirəm. İndi guya istintaq gedir, bu adamı tapa bilmirlər. Hər dəfə də Avropa Məhkəməsinə deyirlər ki, istintaq gedir. Sən 6 il müddətinə şəxsiyyəti məlum olan insanları tapıb cəzalandıra bilmirsən, amma vətəndaşları qeyri-qanuni həbs edəndə yüzlərlə “şahid” və “sübut” tapırsan, üstəlik məhkəmələri də sürətlə keçirirsən. Reallıq bundan ibarətdir. - Tanınmış jurnalist Rauf Mirqədirovun həbsinə münasibətiniz necədir? - Açığını deyim ki, mənim dəqiq informasiyam yoxdur. Amma belə bəlli olur ki, Mirqədirovu əsasən iki məsələyə görə həbs ediblər. Birincisi, bu adam Ermənistana gedib-gəlirmiş. Leyla Yunusun bəyanatından belə anladım ki, “Xalq Diplomatiyası” layihəsi əsasında Mirqədirov İrəvana gedirmiş, ermənilərlə danışıqlar aparırmış. İkincisi, onun adı Milyarderlər İttifaqında hallanırdı. Guya bu adam Milyarderlər İttifaqının nümayəndələri ilə görüşüb, vasitəçilik edib. Təəssüflər olsun ki, bizdə çox şey şəffaf deyil. Əgər adam dövlətə xəyanətdə ittiham olunursa, onun xəyanətinin mahiyyətinin nədən ibarət olması deyilməlidir. Məncə, bu Azərbaycanla Türkiyə arasında qarşılıqlı dosye mübadiləsi konteksində olan məsələlərdən biridir. Həm də nəzərə alaq ki, dövlətə xəyanət ağır ittihamdır. Özü də Mirqədirov tanınmış jurnalistdir, onun dövlət sirlərinə çıxışı yoxdur ki, bizdə düşünək ki, sirləri satıb. Bu halda necə dövlətə xəyanət edə bilər? Açığı, bu mənim üçün bir qədər qaranlıqdır. Görək istintaq necə gedəcək. Fikrimcə, istintaqın gedişində bu ittihamın nə dərəcədə əsaslı və ya əsassız olması üzə çıxacaq. - Sizcə, jurnalistin Milyarderlər İttifaqının üzvü ilə görüşməsi, İrəvana gedib ermənilərlə hansısa mövzuları müzakirə etməsi onun həbsi üçün əsas ola bilərmi? - Xeyr. Ermənistana getməyə görə, insanı həbs etmək lazım gəlsəydi onda yüzə yaxın insan həbs edilməlidir. Çünki rəsmi və qeyri rəsmi şəxslər İrəvana gediblər də, orada çıxışlar da ediblər. Buna görə şəxsi həbs etmək olmaz. Amma sən gedərsən İrəvana və orada verbovka oluna bilərsən, eləcə də dövlətin səndə olan sirrini verə bilərsən. Və yaxud Milyarderlər İttifaqı Azərbaycanda dəyişikliklər etmək istəyər. Məncə, cinayət bunlar ola bilər. Yoxsa adamların aşkar İrəvana gedərək Qarabağın Azərbaycana məxsus olmasını demək niyə cinayət olmalıdır ki? Ola bilər orada fəaliyyətdə hansısa məqamlar ola bilər. Həm də Mirqədirovun həbsi Türkiyənin MİT-i tərəfindən həyata keçirilib. Bu o deməkdir ki, bunun fəaliyyəti haqda informasiya MİT-dən alınıb. Azərbaycan kəşfiyyat orqanları bunu etsəydi, mən prosesi şübhə altına alardım. Çünki, Azərbaycanda həbslərin çoxu sifarişlə olur. Amma Türkiyənin kəşfiyyat orqanlarının bu işə qarışması, jurnalisti həbs edərək Azərbaycana verməsi məni ciddi düşünməyə sövq edir. İndiki halda biz daha çox istintaqı gözləməliyik. Amma bu gün üçün iki məsələ vacibdir. Birincisi, bu adamın hüquqlarının effektiv müdafiəsi dövlət tərəfindən təmin edilməlidir. İkincisi, istintaq müddəti şəffaf olmalıdır. Hələlik bu iki məsələ olduqca vacibdir. - Sərdar bəy, müxalifətin düşdüyü apatiya vəziyyətindən çıxması haqda nə düşünürsünüz? - Əslinə baxsanız, indiki halda Ukraynada baş verən hadisələr və onun məntiqi sonluğuna çatana qədər Azərbaycanda aktivliyin olması məqsədəuyğun deyil. Ərəb inqilabı da göstərdi ki, bir ölkədə baş verən hadisələr dərhal digər ölkələrə də yayıla bilir. İndi dünya Ukrayna hadisələrini həll etmək məsələsində çaş-baş qalıb. Siz təsəvvür edin ki, MDB ölkələrində bu hadisələr baş versə vəziyyət necə olar. Bu baxımdan indiki halda aktivliyi vacib saymıram. Amma qeyd edim ki, müxalifətin ən güclü olduğu dövrlərdə biz müşahidə edirdik ki, aktivlik ancaq küçələrə çıxmaqda idi. Eləcə də müxalifət dünyada və regionda gedən proseslərlə bağlı azı həftədə bir dəfə tədbir keçirirdi, burada xarici qonaqlar iştirak edirdi və s. İndi bu ənənəyə son qoyulub. Biz bir neçə dəfə cəhd etdik ki, bu prosesi canlandıraq. Məsələn, əgər biz küçəyə çıxa bilmiriksə, heç olmasa əyləşib Ukraynada baş verənləri, Azərbaycanda beşinci kalon məsələsini müzakirə edək. Ancaq bu məsələlərin heç birinə görə, müxalifət düşərgəsindən müsbət cavab ala bilmədik. Hər partiya da öz otağında oturub. Bu saat partiyaların fəaliyyəti qərargahlarının divarları ilə məhdudlaşır. Bunun özü də, passivliyin başqa formasıdır və sonda aksiyaların keçirilməsi, xalq tərəfindən dəstəyin olmamasına gətirib çıxarır. Müxalifət çox ciddi şəkildə hakimiyyət uğrunda mübarizənin ideoloji işlərini ortaya qoymalıdır. Əslində müxalifətin ən böyük nöqsanlarından biri təbliğatı düzgün qura bilməməsi, siyasi gündəmə uyğun olaraq fəallıq nümayiş etdirə bilməməsidir. Bu qədər ki, qədər risqli dövr yoxdur və müxalifətin son 20 ildə bu qədər öz qınına çəkildiyi müşahidə olunmayıb. Hərə öz qınına çəkilib və ancaq öz işi ilə məşğuldur. Bu gün heç bir partiyanın müxalifət kimi xalqın qarşısında duran problemləri həll edəcək gücü yoxdur. Deməli biz bir tərəfdən vahid cəbhədən çıxış etməliyik, bir tərəfdən də heç kim vahid cəbhəsinin yaranmasına razılıq vermir. - Siz bir müddət əvvəl “beşinci kalon” haqda danışmışdınız. Sizcə, onlar nə qədər güclüdür? - Mən beşinci kalonun güclülüyü nə ilə ölçürəm? Birincisi, 20 ildən çoxdur ki, iqtidar qərbin əleyhinə açıq təbliğat aparır. Bu təbliğat şübhəsiz ki, savadı olmayan, siyasiləşməyən insanlarda qərbə qarşı etimadsızlıq yaradır. İkincisi, qərb dairələri Azərbaycanın problemlərinin həllində səmimi mövqe tutmayıblar. Odur ki, əhalimizdə qərbə qarşı ciddi narazılıq var. Bu gün sosioloji sorğu keçirsəniz görərsiniz ki, Amerikanın reytinqi əvvəlki illərlə müqayisədə nə qədər aşağı düşüb. Bu şübhəsiz ki, yanlış siyasətin nəticəsidir. O biri tərəfdən rusların etdiyi tarixi cinayətlərlə bağlı heç bir təbliğat aparılmır. Biz müstəqil olandan sonra Türkmənçay müqaviləsini ciddi müzakirə etməmişik, 1918-1920-ci illərdə Rusiyanın ölkəmizdəki fəaliyyətini araşdırmamışıq, 1937-ci ildə 75 min insanın repressiyaya məruz qoyulmasını, 1946-cı ildə rus qoşunlarının Cənubi Azərbaycanda soydaşlarımızı qırğına verməsini, torpaqlarımızın erməni və gürcülərə verilməsi kimi ciddi məsələləri müzakirə etməmişik. Bu gün az qala 20 yanvar hadisəsi yaddan çıxır, bəziləri rusları bizə qardaş xalq kimi təqdim etmək istəyirlər. Baxın görün Rusiya ona ən yaxın olan Ukraynanın başına hansı oyunlar açır. Mən xalqlar arasında düşmənçilik toxumu səpməyin qəti əleyhinəyəm. Amma Azərbaycan dövlətinin müstəqilliyini və suverenliyini qorumaq üçün, hətta Türkiyənin əleyhinə olsa belə obyektiv təbliğatın qurulmasını vacib sayıram. Bu gün sıravi vətəndaşımız indiki vəziyyəti sovet dövründə olan ucuzluqla, işlə, qayda-qanunun olması ilə müqayisə edir. Ancaq xalqımız unudur ki, təkcə 1937-ci ildə 75 min ziyalımızı güllələyiblər. Ona görə də, azərbaycanlılarda rus hakimiyyətinə qarşı real və obyektiv münasibət yoxdur. Üçüncüsü, bu gün Rusiya ilə iqtisadi, biznes və digər marağı olan vətəndaşlar var. Eləcədə rusbaşlı deyilən insanlarımız var. Bunlar müstəqil Azərbaycanda ikisi bir yerdə olanda rus dilində danışırlar. İndi bəzi azərbaycanlılar özlərini rus kimi aparırlar. Belələri çoxdur. Biz müstəqillik əldə etdikdən sonra burada Rusiyanın maraqlarını müdafiə edənlər var. Mən bizim saytlarımızı götürüb özüm üçün qrafa düzəltmişəm. Hansı saytların Rusiyanın maraqlarını müdafiə etdiyini müəyyənləşdirərəm. Bu saytlarda Ukrayna liderlərini təhqir edir, Putinin güclü olduğunu təbliğ edirlər. Mirşahin kimi jurnalist deyir ki, Putin bildiyini edəndir. Beləcə, açıq şəkildə Rusiyanı və Putini təbliğ edən saytlar var. Eyni zamanda Ukraynanı müdafiə edən və Rusiyanın əleyhinə olan saytlar yox dərəcəsindədir. Mətbuatımızda Rusiyanın lehinə iş gedir. Bizim deputatımızdan Zabelin, Eldar İbrahimov Krım mövzusunda çıxış etdi, Sabir Hacıyev Avropa Şurasında Rusiyanın lehinə səs verdi. Elə beçinci kalon bunlardır da. Bu adamlar öz gələcəklərini imperiya ilə görürlər. İstiqlal şüuru insanlara yeridilmədi. Türkiyədə istiqlal himni oxuyanda insanlar özlərini göydə hiss edirlər, bizim deputatlarımızın 90 faizi dövlət himnini bilmir, bayrağımıza parça kimi baxırlar. Hüseyn ABBASOĞLU
Sorğu
Yeni dizaynımız necədir?