Nizami Cəfərov: “İndi koalisiyaya getməyəcəklərsə, deməli xalqın tələbi bir qədər də güclü olacaq”
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərovun müsahibəsini təqdim edirik.
- Nizami müəllim, Türkiyədə keçirilən son parlament seçkiləri ortaya yeni bir mənzərə qoyub. Siz bu seçkiləri müşahidə etmisiniz və Türkiyə siyasi qüvvələrini yaxından tanıyırsınız. Seçkidən sonrakı durumu necə şərh etmək olar?
- Məncə, Türkiyə müəyyən müddətdən sonra yenidən erkən seçkilərə getsə, indiki mənzərə təkirarlanacaq, yəni indi yaranan problem həll edilməyəcək. Başqa sözlə, heç bir partiyanın təkbaşına hökumət formalaşdırmaq imkanı olmayacaq. İndi Ədalət və İnkişaf Partiyası (AKP) çalışır ki, koalisiya qursun. Bildiyiniz kimi AKP üç partiyadan biri ilə razılaşıb hökumət formalaşdıra bilər. Hazırda bunun üçün müəyyən cəhdlər də olur. Mənim proqnozum belədir ki, AKP Millətçi Hərəkat Partiyası ilə koalisiya qura bilər.
- Niyə məhz Millətçi Hərəkat Partiyası (MHP) ilə?
- Bunu deyəndə müəyyən əsaslara söykənirəm. Məsələ ondadır ki, AKP-nin müəyyən islahatlar paketi var. Bu islahatlar Türkiyənin prezident üsul-idarəsinə keçilməsini, prezidentin səlahiyyətlərini artırılmasını və parlamentin qarşısını bir qədər almaq daxildir. İndi AKP ilə gələcəkdə koalisiyaya gedəcək partiya bununla razılaşmalıdır. Yəni AKP-nin istəyi budur, deyirlər ki, elə partiya ilə koalisiya qurulacaq ki, bu islahatlara maneə olmasın. Ən böyük gərginlik bundan ibarətdir ki, AKP-dən başqa digər siyasi qüvvələr bu islahatları istəmir. Başqa sözlə, prezident institutunun bu cür sürətlə formalaşmasını istəmirlər. Hər halda sözdə və təbliğatda bunun əleyhinə çıxırlar. Ən çox da Cümhuriyyət Xalq Partiyası (CHP) bu islahatlara qarşıdır. CHP Atatürk konstitusiyasının dəyişdirilməsini istəmir və bu onların ideoloji məntiqindən doğur. Bəlkə də, sonradan buna razı oldular. Ancaq bu daha çox danışıqların nəticəsindən asılı olacaq. Mənə elə gəlir ki, MHP daha liberal mövqe tuta bilər. Düzdür, indi MHP sədri Dövlət Baxçalı sərt ritorika ilə danışır və yeni seçkilərə gedilməsində problem görmür. Amma koalisiyanın qurulması AKP-nin nə dərəcədə güzəştə gedə biləcəyi məsələsindən də asılıdır. AKP istənilən partiya ilə koalisiyaya getsə, istər-istəməz müttəfiqlik edəcəyi partiyanın maraqlarını nəzərə almalı, aparmaq istədiyi islahatları bir qədər zəiflətməlidir. Burada söhbət ancaq baş nazir, onun müavinlərinin kim olmasından deyil, ideoloji mövqedən və ümumi ictimai proseslərdən gedir. İnanmıram ki, AKP-CHP koaliasiyası olsun. Xalqların Demokratik Partiyası (HDP) ilə də koalisiya real görünmür. Bu mənada daha real koalisiya AKP-MHP koalisiyası ola bilər.
- MHP-AKP koalisiyasına alternativ yoxdurmu?
- İndi həm də CHP, MHP və HDP-nin birləşərək koalisiya yaratması haqda müzakirələr gedir. Amma bu üç partiyanın hökumət formalaşdırması imkanı həddən ziyadə mürəkkəb görünür. Məncə, burada üç tərəfli razılaşma olmalıdır. İnanmıram ki, bu baş tutsun.
- AKP-MHP koalisiyası nə dərəcədə davamlı ola bilər?
- Bu real məsələdir. AKP Türkiyə cəmiyyətində liderdir, çox ciddi olaraq xalqın məişətini, həyat tərzini yaxşılaşdırmaq baxımından işlər görüb. Əlbəttə, AKP müəyyən qədər bizim üçün
müqəddəs olan Atatürkçü düşüncəyə qarşı alternativlər qoysa belə, bu da demokratiya təzahürüdür. Dinin rolunu müəyyən qədər gücləndirməklə və digər məsələlərin həyata keçirilməsi müəyyən qədər Atatürkçü düşüncə sisteminə qarşı qavranılır, həm də müəyyən qədər demokratiya hadisəsi kimi qəbul edilir. Həm də, AKP-nin işgüzarlığı xüsusi hadisədir. MHP-nin milliyətçi düşüncəsi ilə AKP-nin düşüncə tərzində üst-üstə düşən tərəfləri var. Demokratiya, xalql, vətənpərvərlik və s məsələsini nəzərdə tuturam. Eyni zamanda MHP və HDP qarşıdurması potensial olaraq ortaya çıxırsa, məncə, AKP ilə MHP razılığa gələ bilər. Ən real görünən budur.
- Erkən seçki ehtimalı real deyilmi?
- Bu həmişə var və həm də son variantdır. Ancaq inanmıram ki, bu çıxış yolu olsun.
- Hansı səbəbdən inanmırsınız?
- Çünki Türkiyə seçicisi mövqelərini qısa müddətdə dəyişimirlər. Sizə deyim ki, son illərdə Türkiyədə keçirilən seçkiləri dəfələrlə izləmişəm. Son parlament seçkilərini də müşahidə etmişəm. Əhval-ruhiyyəni də müəyyən qədər bilirəm. Təsəvvür edin ki, elə şəhərlər var ki, CHP burada ciddi təbliğat kampaniyası aparmasa belə, bu partiyaya səs verirlər. Ankaranın müəyyən raronları, İzmir şəhəri, İstanbulun bəzi yerləri stabil olaraq CHP-yə səs verir. Bu kontingent heç vaxt başqa partyaya səs vermir. Eləcədə MHP-nin bəlli şəhərlərdə üstünlüyü olur. AKP-nin üstünlüyü odur ki, bütün Türkiyə coğrafiyasında az və ya çox üstünlük qazanır. AKP istər-istəməz 10 ildən çoxdur ki, hakimiyyətdədir və idarəçilik işində də AKP-nin rolu digərləri ilə müqayisə edilməyəcək qədər güclüdür. Siyasi mənzərə bundan ibarətdir. Bu mənada düşünürəm ki, erkən seçki keçirilsə belə, indikinə oxşar mənzərə yaranacaq, heç bir partiya tək hökumət qurmaq üçün lazım olan səsləri toplaya bilməyəcək.
- AKP-yə qarşı hər üç partiyanın tələbi var. İstənilir ki, prezident Ərdoğan konstitusiyanın sərhədlərinə çəkilsin, siyasi partiyalara münasibətdə fərqli yanaşma ortaya qoyulmasın, prezidentlik üsul-idarəsinə keçid dayandırılsın, korrupsiyada adı hallanan 4 nazirlə bağlı araşdırmalara başlanılsın. Sizcə, bu məsələdə AKP MHP ilə razılaşa bilərmi?
- Mən hər halda AKP ilə CHP-nin koalisiyaya gedə biləcəyinə inanmıram. AKP daha çox MHP ilə birgə hökuməti qura bilər. Amma CHP ilə də körpülər yandırılmayıb.Bütün hallarda AKP müəyyən güzəştlərə getməlidir. Əgər bu güzəştlərə getməsə, cəmiyyət bunu anlamayacaq. Həm də MHP və CHP-nin arxasında duran insanlar bu məsələlərdə AKP-yə güzəştə gedilməsini anlamayacaq. Nəzərə alın ki, burada elektoratın verdiyi səslərlə yanaşı bir gözləntisi də var. Təsəvvür etmək olmaz ki, Kılıncdaroğlu və ya Baxçalı partiyanın iradəsinin əleyhinə olaraq addım ata bilər, hansısa postu tutmaq üçün AKP-ni müdafiə edər. Yəni bu partiyaların öz aralarında olan söhbətdən başqa, həm də cəmiyyətdə seçici və partiya üzvünə hesabat verilməlidir. Deyilməlidir ki, mən koalisiyaya getdiyim partiyanı seçki zamanı verdiyim vədləri yerinə yetirməyə məcbur etdim. AKP-nin də bu məsələlərdə nə qədər güzəştə gedəcəyi də məlum deyil. İndi əsas müzakirə mövzusu da elə bu məqamdır. Yoxsa, bu mexaniki məsələ deyil ki, oturub hesablasınlar, idarəçiliyi bölsünlər və s. Bu düşünüldüyü qədər də sadə məsələ deyil.
- Demək olarmı ki, artıq AKP Türkiyədə siyasətin kuliminasiya nöqtəsinə çatıb və bundan sonra seçkilərdə ona veriləcək səslər azalmaya doğru gedəcək?
- Ola bilər. Bunu heç vaxt demək istəməzdim. Çünki mən AKP-nin təəssübkeşlərindən biriyəm və bu partiyadan xeyli deputatlar dostlarımdır, çox yaxşı işlərdə görüblər. Eyni zamanda müəyyən problemlər də var. Ancaq bununla yanaşı AKP-nin indiyə qədər tək hakimiyyətdə olan partiya kimi xidmətləri hər zaman yüksək olub. Azərbaycanla münasibətlərdə də, mövqe yüksək
olub. Əlbəttə, daxili məsələlərdə problemlər ola bilər. Hər halda bu seçkilərdə əldə olunan səslər gözlənilən səviyyədə deyilsə, heç kim deyə bilməz ki, sabah yeni seçkiyə gedilsə qazanılan səslər bundan aşağı olmayacq.
- Türkiyə siyasi tarixində tək partiyalı hökumət quran partiyalar bir seçkidə az səs alırsa, bu tendensiya formasında davam edir...
- Bəli, təcrübədə belə tendensiya var. Məndə düşünürəm ki, əgər, koalisiyaya getməsələr vəziyyət fərqli olmayacaq. İndi cəmiyyət tələb edir ki, AKP sən çox işlər görsən də, hardasa nöqsanın olub və biz hesab edirik ki, koalisiya ilə hökumət qurmalısan. Bu seçicinin AKP-yə verdiyi mesajdır. Ancaq seçkinin məntiqi nəticəsi budur ki, xalq bir partiyanı istəmir. Deyir ki, koalisiyaya get. İndi koalisiyaya getməyəcəklərsə, deməli xalqın tələbi bir qədər də güclü olacaq. Bu zaman şübhəsiz ki, səs faizləri də aşağı düşəcək. Bu yanaşma məncə məntiqlidir. Bu səbəbdən də, AKP-nin qarşısında aparıcı istiqamət odur ki, koalisiyaya getsin. AKP koalisiyaya getməsə, ortaya başqa sual da çıxır ki, siz bu dövləti və hökuməti neçə illərdir idarə etmisiniz, indi onun alternativlərini də qəbul etməlisiniz. Bu alternativlərlə hesablaşmalısınız. Çünki siz artıq ağsaqqalsınız və xeyli səlahiyyətlər əldə etmisiniz. İndi AKP desə ki, yox, biz heç bir alternativ qəbul etmirik, yenidən seçkiyə gedəcəyik, tək partiya olaraq kifayət qədər səs toplayacağıq, hökuməti yenidən özümüz quracağıq, artıq bu düzgün yanaşma olmayacaq. Təbii ki, AKP-də mən dediyim bu yanaşmaya yaxın durmayacaq. Çünki cəmiyyətlə dialoqa girməmək, onunla hesablaşmamaq qətiyyən mümkün deyil.
- Nizami müəllim, hazırda Azərbaycanda I Avropa Oyunları davam edir. İdmanla maraqlanırsınızmı?
- Təbii ki, maraqlanıram. Bizim tərəfdə əsasən güləş dəbdə olub. Məndə demək olar ki, orta məktəbdə əsasən güləş və futbola meyl göstərmişəm. İdman dərslərində əsasən futbol oynamışıq. Güləş məşqlərinə də yazılmışam. Universitetdə oxuduğum zamanlar da, güləşirdim, amma sonradan dərslərlə məşğul olmaq üçün zaman çox olmadı və bu səbəbdən də peşəkar güləşlə məşğul ola bilmədik. Hazırda I Avropa Oyunlarına baxıram, daha çox güləşçilərimizə azərkeşlik edirəm. Hesab edirəm ki, biz güləşdə hər zaman qalib gəlməliyik. Bu mənə doğma idmandır. Ancaq əlbəttə ki, təkbətək döyüş növlərini də izləyirəm. Biz kifayət qədər uğurlar əldə edə bildik. Ən çox medal qazanan ölkələrdən biriyik. Bu göstərir ki, Azərbaycanda idman siyasəti düzgün qurulub, peşəkar idmançılarımız yetişdirilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?