Rayonun maliyyə idarəsinin rəisi həmkarların pullarını kiminlə talayır?
Tovuz Rayon Təhsil Şöbəsində qanunsuzluq düz 17 ildir ki, davam edir. Təhsil işçiləri diqqət və qayğıdan uzaq düşüblər. İşdən qovulmaq “xofu” müəllimləri susmağa məcbur edib. Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli 185 saylı “Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında” qərar qəbul edilib. Qərarın 5.4 bəndində əlillərə kifayət qədər qayğı göstərilməsi nəzərdə tutulub. 1-2-ci qrup əlillərin 20-25faiz, 3-cü qrup əlillərin 10-15 faiz əlavə əməkhaqqı almaları nəzərdə tutulub. Bundan əlavə, prezidentın 11 aprel 1997-ci ildə 258 saylı sərəncamı da vardır. “Əlillərin sosial müdafiəsi” haqqında qanunda bəzi dəyişiliklər edilib. Sərəncamın icrası üçün məsul idarə və təşkilatlara tapşırıqlar verildiyi belə qeyd edilir. Bütün sahələrdə olduğu kimi qərar və sərəncam təhsil işçiləri azad həmkarlar ittifaqı respublika komitəsində seyfə qoyulduğu üçün yerdəki nümayəndəliklərə məlumat da verilməyib. Tovuz rayonunun təhsil sahəsində 30 ildir ki, işləyən 3-cü qrup əlil Qənirə Abbasova bildirdi ki, “ mənim kimi əlillər 70 nəfərə yaxındır. Qanunları dilimizə gətirən kimi bizə barmaq qıcayırlar. Başa düşə bilmirik ki, kağız üzərində qalan qərar və sərəncamlara nə ad verək? Tələb edəndə deyirlər ki, boş şeydir, vəsait yoxdur”. Məgər belədirsə, onda TİAHİ-nin yerli komitələrinin vəzifəsi nədən ibarətdir? Deyilənlərə bir daha aydınlıq gətirməkdən ötrü Tovuz Rayon Təhsil Şöbəsində olduq. Hər dəfə darvazanın qabağında dayanan mülki geyimli mühafizəçi müxtəlif bəhanələrlə şöbəyə daxil olmağımıza mane olurdu. Onu birtəhər başa saldıqdan sonra şöbəyə keçə bildik. Təəssüflər olsun ki, yenə də təhsil şöbəsinin müdiri Validə Hüseynova ilə görüşə bilmədik. Suallarımızı şöbədə əyləşən məsləhətçi Alik Axundova ünvanlaya bildik. İlk danışığında o, qeyd etdi ki, “bura əlillər idarəsi deyil. Bir zaman bu barədə biz də düşünmək istədik. Rayon maliyyə idarəsinin rəisi Mübariz Salmanov etiraz etdi və vəsaitin olmadığını nəzərimizə çatdırdı. Həmin qərar və sərəncamlar təhsil şöbəsinin üstünü toz basmış qovluğunda saxlanılır”. Qəribədir, yəni rayon maliyyə idarəsinin rəisi Mübariz Salmanov o qədərmi özünə arxayındır ki, prezidentin və nazirlər kabinetinin sərəncamını saymır? İdarə rəisi ilə görüşmək cəhdlərimiz isə baş tutmadı, baş tutsaydı qərar və sərəncamlardan xəbəri olub-olmadığı barədə və tender, avadanlıq, inventar “maxinasiyası” haqqında suallarımız da olacaqdı... Araşdırmalarımız davam edəcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?