Hər bir xalqın musiqisi mədəniyyətinin tərkib hissəsi kimi onu dünyada tanıdan vizit kartıdır. Azərbaycan xalqının min illərin süzgəcindən keçmiş zəngin musiqi xəzinəsi vardır və dəyərli sənətkarların ifasında hər zaman öz layiqli qiymətini almışdır. Musiqimiz Rəşid Behbudov, Müslim Maqomayev, Zeynəb Xanlarova, Alim Qasımov kimi dünya şöhrətli müğənnilərin möhtəşəm ifasıyla dünyanın böyük səhnələrində səslənmiş, öz təsdiqini tapmışdır. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, milli musiqimizin nə qədər böyük qüvvəyə sahib olduğunu görəsən. Ötən əsrin səksəninci illərində Amerika alimləri yerdənkənar sivlizasiyalara yer kürəsi barədə məlumatlar ötürən səs dalğaları göndərmişdilər. Burada yeni doğulan körpənin, küləyin, axAr suyun səsi ilə yanaşı Alim Qasımovun ifası da göndərilmişdi. Əsl Azərbaycan musiqisinin gücü və qüdrəti budur. Lakin təəsüflər olsun ki, bu gün musiqi sənətimiz toyxana xanəndələrinin, şou-biznes “ulduzcuqlarının” əlində acınacaqlı durumdadır. Ekran-efir məkanını zəbt edən, sənətdən başqa hər şeyi olan manıs tayfası bu gün bütün milli dəyərlərimizi, əxlaq normalarını ayaq altına ataraq ucuz şan-şöhrət naminə, gündəmdə qalmaq xatirinə min-bir oyundan çıxmaqdadır. İctimai qınağın zəifliyi ucbatından son zamanlar bəzi “ulduzcuqlar” artıq əndazədən çıxaraq efirdən millətə əxlaq dərsi keçmək istəyinə düşüblər. Daha çox gənclərin əxlaqının korlanmasına xidmət edən proqramlarda ucuz şoular yaratmaq xatirinə qarşıdurmalar yaradılır, söyüş-təhqir baş alıb gedir. Əyləncə saytlarının, sosial şəbəkələrin qalmaqallı “ulduzu” olan Rəqsanə öz “qəhrəmanlıqları” ilə hər zaman diqqət mərkəzində qalmağı bacarıb. Sənətindən daha çox eşq macəraları, çılpaq şəkilləri, kriminal əməlləri ilə gündəmdən düşməyən Rəqsanə artıq deyəsən siyasət meydanına da qədəm qoymağı hədəfləmişdir. Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədovun “İnanımmı” mahnısını oxumasından sonra Rəqsanə artıq rəsmən özünü ulduz elan etməkdən belə çəkinməyir. Demokratiyaya münasibəti Rəqsanənin əsl sənətə münasibətindən fərqlənməyən Berdimuhəmmədovun bu mahnını oxuması qəbahət deyil. Amma Rəqsanənin Azərbaycan musiqisində mənəm-mənəmlik iddiası sənətə hörməti olan, bu sahədə öz sözünü demiş insanlara ağır gəlir. Mətbuat orqanlarında buna münasibət açıqlayan müğənni Əli Mirəliyev tam haqlı olaraq bildirir ki,” İnanımmı adlı o musiqi Azərbaycan musiqisi deyil, kiçik xalqların musiqisidir. Sözləri Azərbaycan sözləri ola bilər, melodiyası türkmən melodiyasıdır. Ona görə də Türkmənistan prezidentinə bu mahnını oxumaq asandır. ”Marallar”, “Ay canı yanmışlar”, “İnanımmılar” Azərbaycan musiqisini məhv elədilər.” Bu əslində olaya peşəkar, illərlə bu sahədə can qoymuş bir əsl musiqiçi yanaşması idi. Lakin, təbii ki, bu Qurbanqulunun ifasından vəcdə gələrək mahnısının Ərdoğan tərəfindən də ifasını arzulayan Rəqsanəni və ona “pərəstişkarlıq” edənləri qane edə bilməzdi.Yəni doğrudanmı milli musiqimiz “İnanımmı” səviyyəsinə düşüb və biz bu qədər cılızlaşmışıq? Rəqsanənin “böyük siyasətə” gedən yolu heç də hamar olmamışdır. Belə ki, bir müddət əvvəl vətəndaşlara qarşı dələduzluqda şübhəli bilinərək Cinayət Məcəlləsinin 178(dələduzluq) maddəsiylə istintaqa cəlb olunmuşdu. ”2013-cü ildə başlanmış prosesdə Rəqsanə beş epizod üzrə təqsirləndirilirdi. Onun ölkəmizin elm və təhsilinə göstərdiyi “böyük qayğını” da unutmaq olmaz. O,TQDK-nın “xoş məramlı səfiri” kimi vətəndaşlardan pul alaraq onları ali məktəblərə qəbul etdirəcəyini də vəd etmiş. Beləliklə, öz cinayət dosyelərini daha da zənginləşdirmişdi. Müğənninin ailə üzvləri də onun “xalqa xidmətlərində” az əmək sərf etməyiblər. 2007- ci ildə onun bacısı qadın alverində günahkarlandırılaraq həbs olunmuşdu. Müxtəlif banklarla, iş adamları ilə olan borc qalmaqalları isə Rəqsanənin gündəlik həyat tərzidir. Göründüyü kimi, onun Azərbaycan musiqisinin ulduzu, divası, primadonnası olmaq üçün kifayət qədər əsası vardır. Belə məqamlarda sənət onuncu, bəlkə də mininci plana keçir. Əli Mirəliyev kimi sənətkarlar musiqi sənətində öz sözlərini demiş sənətçilərdir. İndi dövran rəqsanələrindir. Əli müəllim deyir ki, “Azərbaycan musiqisi Üzeyir Hacıbəyovla başlayıb və bitib. Rəqsanə oxuya bilirsə “Şəbu-hicran”oxusun görək oxuya bilirmi? Türkmənistan prezidentinə də yazığım gəlir. Gör nəyi oxuyub”. Əli müəllim, Allah eləməmiş Rəqsanə “Şəbi-hicran”ı oxuyub eləsə, dünya siyasi səhnəsində partlayış olar. Onda da bu mahnını yəqin ki, Obama oxuyar...
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?