Təhsil şöbəsinin müdiri Baba Babayev Hesablama Palatası tərəfindən yoxlanılır
Boloniya prosesinə qoşulmağımıza baxmayaraq, ciddi qüsurlar təhsilimizi yaman günə qoyub. Orta məktəblərdə və ali təhsil ocaqlarında təhsilin səviyyəsi olduqca aşağıdır. Rayonlarda isə tamam biabırçılıqdır. Kənd yerlərində məktəblərin əksəriyyəti boş qalıb. Təhsil Nazirliyi tərəfindən yerlərdəki şöbələrə yetərli diqqət ayrılmadığı üçün problemlər daha da qabarır. Nazirin rayonlara təyin etdiyi uğursuz kadrlar etibardan sui-istifadə etməklə dövlət vəsaitini talayırlar. Misal olaraq, Zərdab Rayon Təhsil Şöbəsini (RTŞ) göstərmək olar. Baba Babayevin rəhbərlik etdiyi qurumda işlər qaydasında getmir. Xatırladaq ki, RTŞ-nin keçmiş müdiri Nəsimi Hüseynovun zamanında da neqativ hallar var idi. Onun ölümündən sonra nazir Zərdab təhsilini B.Babayevə tapşırdı. Onun RTŞ-yə müdir qoyulması isə Zərdabın onsuz da inkişafdan qalmış təhsilini bir az da geriyə aparıb. Məlumat üçün deyək ki, rayon üzrə 43 ümumtəhsil məktəbi, o cümlədən 28 tam orta, 9 ümumi orta, 6 ibtidai məktəb, 19 uşaq bağçası var. Məktəblərdə 1000-dən çox müəllim işləyir və 9 minə yaxın şagird təhsil alır. Rəsmi sənədlərdə məktəblərin sayı 43 olaraq göstərilsə də, faktiki olaraq onlardan 20-i normal şəkildə işləyir. Bu da rayon mərkəzindəki məktəblərin və Zərdaba yaxın olan kəndlərdəki təhsil ocaqlarının hesabınadır. Rayondan uzaq məsafədə yerləşən kəndlərdə məktəblər yarımişlək vəziyyətdədir. Məlumatlara görə, RTŞ-nin müdiri məhz kənd məktəbləri sayəsində özünü "tutub". Belə ki, həmin məktəblərə qeyri-qanuni yollarla müəllimləri işə qəbul edən B.Babayev bunun əvəzində onlardan nəysə alıb. Müəllimlər arasında dərs saatlarını da düzgün bölməyən şöbə müdiri onların haqlı narazılığı ilə üzləşib. Bundan başqa, hazırda Yeni il bayramı ilə əlaqədar olaraq Zərdabdakı məktəblərdə həyəcan yaşanmaqdadır. RTŞ rəhbəri tərəfindən göstəriş alan direktor və müəllimlər 31 dekabrla bağlı valideynlərə "şirinlik" vermələri üçün müraciət ediblər. Müəllimlər valideynləri arxayın salıblar ki, Baba müəllimə "hörmət" olunandan sonra uşaqların məktəbdə qiymət və davamiyyətlə bağlı heç bir problemləri olmayacaq. Bu arada, yayılan xəbərlərə görə, son iki aydır ki, Hesablama Palatası tərəfindən Zərdab RTŞ-də yoxlamalar aparır. Şöbədən Hesablama Palatasının yoxlama apardığını təsdiqləsələr də, bunun yığımla bağlı olmadığını deyiblər. Yoxlamaların əslində, nə məqsədlə aparıldığına gəldikdə isə bunun şöbə müdirinin korrupsiya əməllərini üzə çıxarmağa hesablandığı qeyd olunur. Yoxlamaların nəticəsinin isə 15 gündən sonra məlum olacağı deyilir, buna görə də mövzunu diqqətdə saxlayacağıq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?