NİDA-çıların məhkəməsi yenə deyişmə-gülüşmə ilə keçdi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə NİDA Vətəndaş Hərəkatının 8 üzvünün növbəti məhkəmə prosesi keçirildi.
Virtualaz.org. saytının prosesdə iştirak edən müxbiri xəbər verir ki, məhkəmə başlamamışdan öncə gənclərin zala gətirilməməsinə, iclasın gec başlamasına etiraz əlaməti olaraq proses iştirakçıları, gənclərin valideynləri əl çalaraq şüarlar səsləndirdilər. Təxminən 10-15 dəqiqə sonra NİDA-çılar zala gətirildi.
Hakim prosesə başlayan kimi zalda əyləşənləri sakitliyə riayət etməyə çağırdı. Bildirdi ki, neçə dəfədir gəlmədiyi üçün təxirə salınan şahid Anar Abbasov məhkəmənin qərarı ilə prosesə gətirilib. Şahid məhkəmə zalına daxil olarkən zaldan replikalar səsləndi. Qeyd edək ki, istintaq zamanı şahid Anar Abbasov NİDA-çıların əleyhinə ifadə verib.
Təqsirləndirilənlərdən Zaur Qurbanlı üzünü şahidə tutaraq “Heç olmasa ömründə bircə dəfə kişi ol” dedi.
Hakim:
-Zaur, yaraşmaz axı..
Zaur Qurbanlı:
-Təklifdir də...
Şahid ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Hakim şahiddən təqsirləndirilən şəxslərdən hansını tanığını soruşduqda o, “hamısını” deyə cavab verdi və Şahin Novruzlunu əli ilə göstərərək ona “Rəşad” deyə müraciət etdi. Şahidin bu cür davranışı təqsirləndirilən şəxslər arasında narazılığa səbəb oldu. Onlar “De görək, sən buraya neçəyə gəlmisən?”, “Heç olmasa 10 manat artıq verib şahidliyə normal adam tapaydılar” deyə ucadan dilləndilər.
Hakim onları yenə də sakitliyə riayət etməyə çağırdı. Bundan sonra şahid sərbəst ifadə verdi. O, ifadəsində bildirdi ki, “İçərişəhər” metrosu yaxınlığındakı tikintidə işləməyə gedərkən təsadüfən NİDA-çı gənclərlə tanış olub. Şahidin sözlərinə görə, gənclər ona kafeyə getməyi təklif ediblər, o da imtina etməyib.
Şahidin səsinin zalda yaxşı eşidilməməsi proses iştirakçılarının etirazına səbəb oldu. Hakim “bir az dözümlü olun” dedikdə “20 ildir dözürük də” deyə replika verildi.
İfadəsini davam etdirən Anar Abbasov bildirdi ki, gənclərlə bir müddət kafedə oturandan sonra oradan uzaqlaşıb. NİDA-çılar ona boş vaxtlarında kafeyə gəlməyi təklif ediblər: “İki gündən sonra həmin kafeyə getdim. Amma orada eşitdim ki, bunları tutulublar. Qorxdum ki, birdən məni də tutarlar. Bu üzdən də gedib istintaqda ifadə verdim”.
Dövlət ittihamçısı:
- Bu şəxslərdən neçə nəfər orda var idi?
Anar Abbasov:
-Hamısı.
Dövlət ittihamçısı:
- Nə eşitdin orda?
Anar Abbasov:
-Deyirdilər ki, əsgər ölüb, baxan yoxdur. Maraqlı olduğu üçün onlarla ünsiyyət qurdum. Maskaları da var idi.
Dövlət ittihamçısı:
-Əsgər ölümləri ilə bağlı sözləri hansı deyirdi?
Anar Abbasov:
- Bu “açkili” (Zaur Qurbanlını göstərdi-red.).
İlkin Rüstəmzadə:
-Mənim də eynəyim var.
İlkin Rüstəmzadənin bu replikası proses iştirakçılarının gülüşünə səbəb oldu. Zaur Qurbanlının atası ayağa qalxaraq üzünü hakimə tutub “sizdən üzr istəyirəm, amma mən bu şərəfsizin sözünə gülürəm” dedi.
Hakim valideyn olduğu üçün onu anladığını, amma bu halın bir daha təkrarlanacağı təqdirdə onu zaldan çıxaracağı ilə bağlı xəbərdarlıq etdi.
Dövlət ittihamçısı:
-Sən deyirdin ki, butulkanın içinə nəsə doldurub atmaq istəyirlər. Onlar kim idi?
Anar Abbasov:
-Əsas bu idi (Zaur Qurbanlıya işarə etdi-red.).
Daha sonra vəkil Elton Quliyev şahidin həqiqətən də Anar Abbasov olduğunu yoxlamaq üçün məhkəmədən onun şəxsiyyətini dəqiqləşdirməsini xahiş etdi. Məlum oldu ki, şahid məhkəməyə şəxsiyyət vəsiqəsini yox, ARDNŞ-in xidməti vəsiqəsini təqdim edib. Şahidin şəxsiyyət məlumatları dəqiqləşdirilərkən məlum oldu ki, o, 1984-cü ildə Cəbrayıl rayonunda anadan olub, Zəngilan rayonundan qaçqın düşüb, ailəlidir, bir uşağı var, Nizami rayonunda qeydiyyatdadır, tikintidə işləyir, Nizami rayonundakı “Şanxay” qəsəbəsində yaşayır.
Vəkil Elton Quliyev:
-“Şanxay”qəsəbəsi Bayıldadır. Bunu əzbərdən deməklə olmur. Şahid ifadə verir. Biz nə bilək ki, bu Anar Abbasov kimdir? Biz bu adamın kimliyini müəyyən edə bilmirik. Şəkli varmı? Onun Anar Abbasov olduğunu təsdiqləyən hansı hüquqi sənəd varmı? Belə olan halda onun dindirilməsi nə dərəcədə doğrudur?
Hakim:
-10 gündür ki, bu şahidin məhkəməyə gətirilməsi üçün çalışırıq. İndi ifadə verər, biz onun kimliyini müəyyənləşdirərik. Məhkəmə də ifadəsinə hüquqi qiymət verər.
Elton Quliyev:
-Bu gənclərə harda rast gəlmisiniz?
Şahid:
-Axundov bağında.
Elton Quliyev:
-Bu gənclərdən hansılar idi? Necə tanış oldunuz?
Şahid:
-Maskası var idi.
Elton Quliyev:
-Neçəsi maskalı idi?
Şahid:
-Yadında qalmayıb. İkisi.
Bu zaman təqsirləndirilən gənclər dövlət ittihamçısının şahidə “yadımda qalmayıb de” sözləri ilə istiqamət verməsini görüb etiraz etdilər.
Rəşadət Axundov:
- 22 ildir Azərbaycan vətəndaşını bu vəziyyətə salıblar. Yetişdirə bildikləri “ləyaqətli” vətəndaş budur. Bu, yaratdıqları şah əsərdir bunların.
Bəxtiyar Quliyev isə əsəb gərginliyindən yenə də isterik vəziyyətə düşdü:
-Normal məhkəmə keçirin burda. Bu gici niyə bura gətirmisiniz axı?
Hakim Bəxtiyar Quliyevə protokola yazılı şəkildə qeyd olunmaqla xəbərdarlıq etdi. Bəxtiyar Quliyevə su verib onu birtəhər sakitləşdirdilər. Gənclər Bəxtiyar Quliyevin ciddi nevroloji problemlərinin olduğunu hakimin nəzərinə çatdırdılar.
Üzeyir Məmmədli:
-Prokurorun şahidi yönləndirməyə, onun ifadəsinə müdaxilə etməyə ixtiyarı yoxdur.
Hakim bildirdi ki, prokuror şahidi yönləndirməyib, əksinə, onun iki sual öncə həmin məsələ ilə bağlı “yadımda deyil” deyə cavab verdiyini xatırladıb.
Zaur Qurbanlının anası Səkinə xanım yerindən etiraz etdi:
-Düz bir ildir mənim uşağım əziyyət çəkir burda.
Hakim:
-Bura məhkəmədir, mitinq deyil.
Zaur Qurbanlı:
- İki dənə üzəduranı qoymusunuz yan-yana. Ona görə də burada belə vəziyyət yaranır.
Proses iştirakçıları gəncin bu sözünü alqışladılar.
Şahin Novruzlu:
-Şahidin tribunasını gətirin bu tərəfə, prokuror müdaxilə edə bilməsin.
Hakim:
-Sən kimsən ki, mənə göstəriş verirsən?
Hakimin bu sözü gəncləri daha da əsəbiləşdirdi. Gənclərdən biri dövlət ittihamçısınıa münasibətdə təhqirə yol verdi. Bundan sonra zalda ciddi qalmaqal yarandı. Məhkəmə yerində müşavirə edərək qərara aldı ki, proses təqsirləndirilən şəxslər olmadan davam etdirilsin. Məhkəmə prosesi sabah saat 10:30-da davam edəcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?