Azərbaycan-İran münasibətlərinin enişli-yoxuşlu tarixi; iki ölkə arasında iqtisadi sahədə əlaqələr inkişaf etsə də, mübahisəli məsələlərdə hələ ortaq nöqtəyə çatmaq mümkün olmayıb
İran prezidenti Həsən Ruhani noyabrın 12-13-də Azərbaycanda iki günlük səfərdə oldu. O, Bakıda yüksək səviyyədə qarşılandı, Azərbaycan prezidentinin iqamətgahında iki ölkənin dövlət başçıları arasında təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirildi.
Axşam isə Azərbaycan Prezidenti İlham Əliyev H.Ruhaninin şərəfinə ziyafət verdi. İran prezidentinin Bakı səfəri zamanı iki ölkə arasında 6 bənddən ibarət birgə bəyannamə, eləcə də bir sıra sahələrdə əməkdaşlıq müqavilələri imzalanıb. Azərbaycan hökuməti İran İslam respublikasının nüvə enerjisindən dinc məqsədlərlə istifadə hüququnu dəstəklədiyini bəyan edib. Eyni zamanda Azərbaycan prezidenti bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman İranın dəstəyini hiss ediblər. Bundan başqa, prezidentlər iqtisadiyyatın müxtəlif sahələrində, ilk növbədə sənaye, energetika, tikinti, kənd təsərrüfatı və turizm sahələrində qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirmək niyyətində olduqlarını vurğulayıblar. Bakıda olan İran naziri bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi hazırda 500 milyon dollar civarındadır, ancaq bu rəqəmi 10 dəfə artırmaq olar və tərəflər bununla bağlı danışıqlar aparıblar.
Belə görünür ki, hər iki ölkənin rəhbərliyi münasibətlərin inkişaf etdirilməsində maraqlıdır. Və son bir ildə aparılan siyasət, qarşılıqlı səfərlər, ritorika bunu deməyə əsas verir. Ancaq hələlik iki ölkə münaisbətlərinin tam şəkildə düzəldiyini və ya yüksək səviyyədə olduğunu iddia etmək olmaz, çünki ortada hələ də həll olunmamış ciddi məsələlər qalır. Azərbaycanla İran həmsərhəd (Azərbaycanın ən uzun sərhədi Ermənistandan sonra İranladır) ölkə olmasına baxmayaraq iki ölkə arasında münasibətlər heç də hamar olmayıb.
Elə indi də, son illərdə iqtisadi əməkdaşlıq, biznes əlaqələri istiqamətində müəyyən irəliləyişlər olsa da, siyasi və diplomatik sahədə İran-Azərbaycan münasibətləri yüksək səviyyədə deyil. Azərbaycan dövləti İranın Ermənistanla yaxından əməkdaşlıq etməsi, iqtisadi dəstəyinin olmasından, eləcə də Azərbaycanda dini fəaliyyətindən, daha dəqiqi şiə dini camiəsi üzərində təsir yaratmasından narazıdır. Eyni zamanda iki ölkə Xəzər dənizinin bölüşdürülməsi məsələsində ortaq mövqeyə gələ bilmirlər. İki ölkə arasında Xəzərdəki mübahisəli neft yataqları 2000-ci illərin əvvəllərində hətta hərbi qarşıdurmaya səbəb olmaq həddinə gəlib çatmışdı.
Öz növbəsində Azərbaycanın Qərbyönlü kurs götürməsi, eləcə də İsraillə yaxından əməkdaşlıq etməsi Tehranda qəzəblə qarşılanır. 2011-ci ildə ABŞ mətbuatında Azərbaycanın 4 hərbi aerodromunun İsrail ordusunun istifadəsinə verilməsi xəbərinin yayılması Bakı ilə Tehran arasında münasibətləri ciddi şəkildə gərginləşdirdi. Hər iki ölkədən bir - birinə qarşılıqlı hədələr gəldi. Ancaq Azərbaycan dövlət başçısının müdaxiləsindən sonra vəziyyət müəyyən qədər sabitləşdi. 2013-cü il iyunun 4-də Həsən Ruhani prezident seçildikdən sonra Azərbaycan-İran münasibətlərində nəzərə çarpacaq yumşalmalar müşahidə olunmağa başladı. İranın yeni “islahatçı” prezidenti Qərblə münasibətlərin mülayimləşməsi tərəfdarı kimi çıxış edirdi. Bu siyasət Azərbaycana qarşı da tətbiq olundu.
Hazırda Azərbaycan-İran münasibətlərində yeni tendensiya müşahidə olunur. Belə ki, artıq Azərbaycan iş adamları İranın müxtəlif sahələrinə, o cümlədən enerji layihələrinə yatırım qoyurlar. Qeyd etmək lazımdır ki, bu məsələdə Azərbaycan hakimiyyəti ilə yanaşı İran hökuməti də maraqlı görünür.
Qeyd edək ki, SSRİ-nin son illərində, eləcə də müstəqilliyin ilk illərində İran Azərbaycanda aktiv fəaliyyət göstərib, iki ölkə arasında humanitar yardım, hərbi sahədə əməkdaşlıq, eləcə də siyasi-iqtisadi və digər əsas istiqamətlərdə əməkdaşlıq olub. Ancaq sonradan, xüsusən də AXC hakimiyyəti dönəmində Azərbaycanın strateji olaraq Türkiyə və Qərbə inteqrasiya kursu götürməsi İranla əlaqələrin soyumasına səbəb olub. H.Əliyevin hakimiyyətə gəlməsindən sonra İranla əlaqələr qismən düzəldilsə də, strateji kursu dəyişdirilməyib və İranla münasibətlərdə məsafə saxlanılıb. Ancaq buna baxmayaraq İslam Respublikası Azərbaycanda humanitar yardım, hərbi əməkdaşlıq, eləcə də hər iki ölkənin müştərək olduğu dini maarifçilik sahəsində fəaliyyətlərini davam etdirib. Sonradan, daha dəqiqi 90-cı illərin sonlarında hərbi sahədə əməkdaşlıq dayandırılıb, dini, təhsil və sair sahələrdə fəaliyyətlər azaldılıb. 2001-ci ildə isə Azərbaycan hökuməti ölkə ərazisindəki 14 İran mədrəsəsini bağlamaqla İslam Respublikasının Azərbaycandakı dini fəaliyyətini böyük ölçüdə dayandırıb.
2002-ciildə isə Xəzərdə mübahisəli neft yataqlarında işləyən bp şirkətinə məxsus gəmilərə İran hərbi gəmilərinin hücum etməsi iki ölkə arasında gərginliyi daha da artırıb. Azərbaycan Türkiyədən hərbi dəstək istəyib, Bakıya Türkiyə hərbi attaşeləri və hərbi hava qüvvələrinə məxsus “Türk şahinləri” gələrək, Xəzərdəki mübahisəli neft yataqları üzərindən uçuşlar həyata keçirməklə Azərbaycana Türkiyənin hərbi dəstəyini nümayiş etdirib.
Sonrakı illərdə, xüsusən də 2005-ci ildə Mahmud Əhmədinejadın prezident seçilməsindən sonra İranla Qərb arasında münasibətlər daha da gərginləşdi və ABŞ-ın İrana hücum edəcəyi ilə bağlı məlumatlar yayılmağa başladı. İranın ABŞ-la müharibə vəziyyətində olması Azərbaycana da ciddi problemlər yaradırdı. İran hökuməti həmin periodda Azərbaycanı potensial təhlükə ərazisi kimi görərək bir neçə dəfə Bakıya xəbərdarlıq edib. Sonradan açıqlanan məxfi yazışmalardan da göründüyü kimi, Tehran Bakının Amerika ilə əməkdaşlığından rahatsız olub. Ortaya çıxan məlumatlardan görünür ki, amerikalılar Bakıda İrana qarşı bir sıra kəşfiyyat fəaliyyətləri aparıblar. Eyni zamanda 2008-ci ildə Bakıda İsrail səfirliyinə qarşı İranda hazırlanan terror hücumunun qarşısının alınması münasibətləri daha da gərginləşdirdi. Həmin vaxt İran rəsmiləri Azərbaycanı İrana qarşı Qərbin “ön cəbhəsi” kimi qiymətləndirirdilər. Bu vəziyyət son iki ilə qədər müəyyən vaxtlarda artan və azalan gərginliklə davam etdi.
Qeyd edək ki, hazırda da səmimi və isti mesajlara, o cümlədən iqtisadi sahədə əlaqələrin yaxşılaşdırılmasına yönəlik addımlara baxmayaraq Bakı və Tehran arasında strateji olaraq yaxınlıq mövcud deyil. Çünki iki ölkə arasında mübahisəli məsələlər həllini tapmayıb. Xəzərin bölüşdürülməsi ilə bağlı iki dövlət arasında ciddi fikir ayrılıqları qalır. Eyni zamanda İran hələ də Ermənistanla münasibətlərini Azərbaycanı qane edəcək səviyyədə qurmayıb. Tehran rəsmiləri də Azərbaycanın Qərb ölkələri, o cümlədən İsraillə əməkdaşlığına ehtiyatlı yanaşırlar.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?