Səfər Əbiyev Şahin Sultanovun azadlığa çıxmasına belə reaksiya verdi: Xəbər verdiyimiz kimi, ötən gün Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov azadlığa buraxılıb. Sabiq müdafiə naziri Səfər Əbiyevin sadiq kadrlardan olan Şahin Sultanovun ev dustaqlığına buraxılması böyük əks-səda doğurub.
Vitse-admiralın azadlığa buraxılması ilə bağlı keçmiş müdafiə naziri Səfər Əbiyevlə əlaqə saxlayaraq münasibət öyrənməyə çalışdıq. `Səfər müəllim, bildiyimiz kimi Şahin Sultanov ötən gün azadlığa buraxıldı. Bu barədə fikirlərinizi bilmək istərdik. Onun azad olunacağı gözləyirdinizmi?`-sualına S.Əbiyev cavab verməkdən imtina edərək bu haqda heç nə demək istəməyib:
“Narahat olmayın hər şey yaxşıdır. Heç bir problem yoxdur. Bu barədə danışmağa vaxtım yoxdur. İşim var indi, getməliyəm”.
Qeyd edək ki, Şahin Sultanovla Səfər Əbiyev eyni vaxtda orduda xidmət ediblər. Zakir Həsənov isə ordu rəhbərliyinə gətirildikdən bir müddət sonra isə Şahin Sultanov barəsində həbs-qəti imkan tədbiri seçilib.
Ötən gün isə barəsində ev dustaqlığı qərarı çıxarılan Ş Sultanov Fəxri Xiyabana gedərək Heydər Əliyevin məzarını ziyarət edib. Daha sonra isə vitse-admiral Şəhidlər Xiyabanında olub. Admiral ziyarət öncəsi isə jurnalistlərə açıqlama verərək günahsız olduğunu söyləyib.
Xatırladaq ki, Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, HDQ-də aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkar edilib. Aşkarlanmış qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, həmçinin HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında aprelin 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ş. Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir. Hazırda həmin cinayət işləri üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?