İnsan həyatı üçün başlıca dəyər onun sağlamlığı, bir-birinə bəslənilən münasibətin necəliyi, yediyi qida məhsullarının keyfiyyət göstəricisi və.s kimi amillərin varlığıdır. Odur ki, bütün bunlar əsas amillərdən olduğu üçün, yəqin ki, hər kəs bu yöndə düşünür, bu yöndə də götür-qoy edir.
Bir faktı qeyd edək ki, şəhərimizin müxtəlif ünvanlarında, insanların daha çox gəlib-keçdiyi yerlərdə fəaliyyət göstərən kafelərdə və onların çöl hissələrində quraşdırılan piştaxtalarda,
çox zaman kimlərsə ayaqüstü nahar etməyə üstünlük verirlər. Amma, diqqəti cəlb edən hal o olur ki, bir kimsə həmin piştaxtaların necəliyinə diqqət yetirmir. Məsələn, gündəlik minlərlə insanın ötüb-keçdiyi yerlərdə fəaliyyət göstərən kafelərin çöl hissələrində quraşdırılan piştaxtalar, həm açıq şəraitdə olur, həm də natəmizliyinə görə də diqqəti cəlb edir.
Maraqlı haldır ki, çöl hissələrdə quraşdırılan piştaxtalardakı natəmizlik, daxili hissələrdə olan natəmizlikdən daha fərqli olur. Buna səbəb, piştaxtaların ümumi zallardan kənarda olması və təmizlənməsi zamanı bəslənilən diqqətsizliyin varlığıdır.
Mətləbə keçməzdən öncə onu vurğulamaq istərdik ki, belə bir ünvanların sahibləri, yaxud da problemlərin varlığına cavabdehlik daşıyan qurum rəhbərləri, ümumi mənzərəni görsələr də hansısa tədbiri görmürlər. Məsələn, şəhərimizin 28 May metrosunun həndəvərindəki kafelərdə yaşanan mənzərələri, bir daha qeyd etdiklərimizə misal deyə bilərik.
Diqqəti bir məqama da yönəltmək istərdik ki, bu tip kafelərdə quraşdırılan piştaxtalarda, gün ərzində daha çox imkansız şəxslərin nahar etmələrinin şahidi olmaq mümkündür. Amma o məqama da nəzər salmaq lazımdır ki, bu məmləkətin kasıb da, varlısı da bizim vətəndaşlarımızdırlar. Onların sağlamlığı, həm də cəmiyyətimizin sağlamlığı hesab olunmalıdır. Bu belə olmalı olduğu halda, bəs umumi vəziyyətin acınacaqlı olmasına, piştaxtaların minbir xəstəliyin daşıyıcısına çevrilməsinə nə ad vermək olar?
Təəssüf doğuran hal odur ki, piştaxtaları quraşdıran sahibkarları əmələ gələcək problemlərin varlığı deyil, daha çox gəlir əldə etmək istəyii düşündürür. Əgər bu belə olmasaydı yəqin ki, piştaxtalar ətrafında müəyyən şərait də olardı, sakinlərin sağlamlıqları da gündəmə gələrdi. Çünki, adicə piştaxtaların ətrafında əl-üz yumağa su tapılmırsa, hansı təmizlikdən söhbət açmaq olar? Axı, bu gün nəinki məmləkətimizi, hətta dünyanın
bəzi guşələrini də, bir çox keçici xəstəliklər (yolxucu və yaxud da keçici) ağuşuna alırsa, bəs biz öz-özümüzü necə qorumalıyıq? Odur ki, bütün bu kimi amillərin varlığı sübut edir ki, kafelərin çöl hissələrində quraşdırılan piştaxtalar, hər həsin həyatı üçün olduqca təhlükəlidir. Odur ki, yazmağı bizdən, qorunmağı sizdən!
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?