Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublunun “Gündəm Xəbər”ə verdiyi məlumata görə ölkənin müxalifət partiyaları Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli və müavini Salman Murğuzlunun doğulub boya başa çatdıqları Gürcüstan torpağına buraxılmamaları ilə bağlı Gürcüstan Prezidentinə müraciət edərək dövlət başçısından bu problemin həllinə yardım etməsini istəyiblər. Qəbul edilən müraciətdə deyilir: Cənab Prezident! Azərbaycanın siyasi partiyaları olaraq zati alinizin nəzərinə çatdırırıq ki, qonşu Gürcüstanda özəlliklə son onillikdə həyata keçən demokratikləşmə prosesindən hər zaman məmnunluq hissi keçirərək və bu gedişin bütövlükdə Cənubi Qafqaz regionu üçün önəmli olmasını vurğulamışıq. Gürcüstan 21-ci əsrin başlanğıcında demokratikləşmə yolunda cox böyük və iqtidarlı addımlar atmışdır. Buna görə Sizin timsalınızda bütün Gürcüstan cəmiyyətini təbrik etməyi özümüzə borc bilir və bu yolda dost,qardaş, qonşu gürcü xalqına uğurlar diləyirik. Cənab Prezident! Azərbaycan Respublikasında Gürcüstanla əlaqələrin inkişafına, iki ölkə arasındakı strateji müttəfiqlik, Gürcüstanın ərazi bütövlüyü məsələsinə yanaşmada hər zaman pozitiv mövqeyi ilə seçilən qurumlardan biri də “Borçalı” İctimai Cəmiyyətidir. Son zamanlar “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli və onun müavini Salman Murğuzlunun doğulduqları Gürcüstan torpağına buraxılmaması bizləri də nigaran etməklə yanaşı Sizə müraciət etməyə də vadar etdi. Çünki yaxşı bilirik ki, Gürcüstanda etnik separatizmə qarşı hər zaman barışmaz olan Borcalı Cəmiyyəti öz ənənələrinə və strateji proqramına uyğun olaraq daim Azərbaycan və Gürcü xalqlarının dostluq və qardaşlığının daha da möhkəmlənməsinə çalışmışdır. Cəmiyyət öz fəaliyyətində hər iki ölkə qanunlarına və Beynəlxalq hüquqa sayğılı davranmış, Gürcüstandakı siyasi proseslərdə tərəfsiz davranmış, Gürcüstanda yaşayan soydaşlarımızın da gürcü mədəniyyəti və dilinə sayğı göstərməyə dəvət etmişdir Azərbaycanın bir qrup siyasi partiyaları olaraq iki ölkə xalqları arasındakı əlaqələrə hər zaman öz müsbət töhfəsini verən Borçalı İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli və müavini Salman Murğuzlunun doğulduqları torpağa buraxılması ilə bağlı tətbiq olunan qadağanı anlaşılmazlıq kimi dəyərləndirir, Zati aliniz tərəfindən bu ədalətsiz qərarın aradan qaldırılmasına dair müvafiq göstəriş və Borçalı Cəmiyyətinə güvənərək onun başladığı xoşməramlı layihələrə dəstək verməyinizi səbirsizliklə gözləyirik. Mirmahmud Mirəlioğlu- Klassik Xalq Cəbhəsi Partiyasının sədri İqbal Ağazadə- Ümid Partiyasının sədri,millət vəkili Arif Hacılı- Müsavat Partiyasının başqanı Pənah Hüseyn- Azərbaycan Xalq Partiyasının sədri Qubad İbaqoğlu- Demokratiya və Rifah Hərəkatının sədri Natiq Cəfərov- Respublikaçı Alternativ Hərəkatı Cəmil Həsənli- Demokratik Qüvvələrin Milli Şurasının sədri Əhməd Oruc- Azadlıq Partiyasının sədri Sülhəddin Əkbər- Azad Demokratik Partiyasının sədri Fuad Əliyev- Azərbaycan Liberal- Demokrat Partiyasının sədri Əli Əliyev- Vətəndaş və İnkişaf Partiyasının sədri Qulamhüseyn Əlibəyli- Aydınlar Partiyasının sədri Yusif Bağırzadə- Milli İstiqlal Partiyasının sədri Sabir Rüstəmxanlı- Vətəndaş Həmrəyliyi Partiyasını sədri , millət vəkili Əli Kərimli- Xalq Cəbhəsi Partiyasının sədri Əvəz Temirxan- Azərbaycan Liberal Partiyasının sədri Elşad Musayev- Böyük Azərbaycan Partiyasını sədri Fərəc Quliyev - Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fazil Mustafa - Böyük Quruluş Partiyasının sədri, millət vəkili
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?