Mehman Əliyev: “Indiki vəziyyətdə xalqın dəstəyini gözləmək sadəlövhlük olardı”
“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlamasında Milli Şuranın dünənki aksiyasını dəyərləndirib: “Cəmiyyət aksiyaya dəstək vermir. Mən bu dəstəyi görmürəm. Lakin hesab edirəm ki, bu, problem deyil. Siyasi qüvvələr, vətəndaş cəmiyyətləri məlum durumla bağlı hökmən xalqa öz sözünü çatdırmalıdır. Indiki vəziyyətdə xalqın dəstəyini gözləmək sadəlövhlük olardı”. M.Əliyevin sözlərinə görə, ölkədəki böhran, qiymət artımı hər kəsi narahat etsə də, aksiyalarda kütləviliyi təmin etmək üçün bir qədər zamana ehtiyac var: “Təbii ki, artan bahalıq hər kəsi narahat edir. Hər kəs baş verənlərdən narazı və narahatdır. Lakin hesab edirəm ki, bu hələ başlanğıcdır. Azərbaycandakı məlum iqtisadi böhran bir-iki ayın deyil, uzun illər ərzində yeridilən siyasət nəticəsində meydana çıxıb. Hesab edirəm ki, bəlli bir müddətdən sonra vəziyyət dəyişəcək. Insanlarda baş verənlərə münasibət dəyişəcək. Dözümlülük məsələsində də dəyişiklik baş verəcək. Hakimiyyətin özündə də problem yaranacaq. Hakimiyyətin özü də bundan kənarda qala bilməyəcək. Bu böhran ciddi fəsadların meydana çıxmasına səbəb olacaq”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?