Amerika Birləşmiş Ştatları vitse-prezidenti Co Bayden İŞİD-ə qarşı mübarizədə əldə olunan uğurlara dair hesabat xarakterli çıxış edib. Bayden qeyd edib ki, anti-İŞİD koalisiyasının dəstəyi ilə bu qruplaşmanın məğlubedilməzlik aurası məhv edilib. Bayden bununla belə, İŞİD-ə qarşı mübarizənin davam etdirilməsini də vacib hesab edib.
“8 ay əvvəl İŞİD İraqın hər bir nöqtəsində hücumçu mövqeyində idi. Heç bir qüvvə bu qruplaşmaya qarşı başa-başa mübarizə aparmaq iqtidarında deyildi. Lakin bizim köməkliyimizlə bu gün İŞİD hökmranlıq etdiyi ərazilərin əksəriyyətinə nəzarəti itirib. Silahlıların səfərbər olub manevr etmək qabiliyyəti zəifləyib. Liderlər öldürülüb. Silah-sursat, təchizat yolları bağlanıb və silahlıların əksəriyyəti döyüşməkdən imtina etməyə başlayıblar”.
İraqın baş naziri Heydər əl-Əbədinin gələn həftə Amerika Birləşmiş Ştatlarına səfəri gözlənilir.
Əl-Əbədi Amerika hökuməti ilə İŞİD-ə qarşı mübarizə yollarının daha da gücləndirilməsinə dair danışıqlar aparacaq.
İraq hərbi qüvvələri İŞİD-in əlində olan 200-ə yaxın girovu azad edib. Məlumata görə, azad edilən girovların əksəriyyəti yəzidi kürdləridir. Onlar İŞİD silahlıları Şinqal şəhərinə hücum edən zaman girov düşüblər. Girovlar arasında azyaşlı uşaqlar və ahıl insanlar da var.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?