Bu gün Müsavat Partiyasının Suraxanı rayon təşkilatında xeyli müzakirələrə səbəb olacaq qərar qəbul edilib. Təşkilat növbəti parlament seçkisinə 30 saylı Suraxanı I seçki dairəsindən bir müddət əvvəl Müsavat Məclisinin üzvlüyündən kənarlaşdırılmış Vurğun Əyyubun namizədliyini yenidən irəli sürüb. Xatırladaq ki, təşkilat bundan əvvəl də Martın 27-sində keçirilən Şura toplantısında eyni qərarla çıxış etmişdi. Lakin Suraxanı rayon şurasının 3 üzvü həmin iclasda içtirak etmədiyindən NMTK-ya qərarın ləğviylə bağlı müraciət etmiş və MNTK bu müraciəti əsaslı sayaraq qərarı yenidən baxılmasə üçün rayon təşkilatına geri qaytarmışdır.
Məlumatda qeyd olunur ki, rayon təşkilatının asiliyi bununla da yekunlaşmır. Suraxanı müsavatçıları partiya başqanı Arif Hacılını da istefaya çağırıblar.
Xəbəri dəqiqləşdirmək üçün təşkilatın sədri Rövşən Dəmirli ilə əlaqə saxladıq. Suallarımızı cavablandıran partiya yetkilisi MNTK-nın verdiyi qərarı qərəzli hesab edərək bunları dedi: “Qərarı ləğv olunan həmin toplantıda 21 nəfər şura üzvündən 12 nəfər iştirak edirdi. Yəni partiya Nizamnaməsinə əsasən həmin iclasda yetərsay vardı və iştirakçıların hamısı yekdilklə Vurğun Əyyubun xeyrinə səs vermişdir”.
Suraxanı rayon təşkilatının sədri məhz bu səbəbdən MNTK-ın bu qərarı ləğv etməklə öz səlahiyyətlərini aşdığını, qərəzli olduğunu və sifariş yerinə yetirdiyini düşünür: “Bu günkü toplantı MNTK tərəfindən geri qaytarılan qərara yenidən baxmaq məqsədilə çağırılmışdı. Toplantıda 14 şura üzvü iştirak edirdi, narazı üçlükdən isə yalnız biri iclasa qatılmışdı. 2 şura üzvü bitərəf qalmaqla, 12 nəfər yenidən Vurğun Əyyubun namizədliyini dəstəklədi. Beləliklə Müsavat partiyasının 30 seçki dairəsindən namizədinin kimliyi Suraxanı rayon şurası tərəfindən rəsmən tanındı”.
Arif Hacılı məsələsinə gəlincə, Rövşən Dəmirlinin bildirdiyinə görə, Suraxanı rayon təşkilatı doğrudan da başqanı istefaya çağırıb. Hadisə isə belə olub: “Şura toplantısında bir neçə üzvümüz partiyanın indiki durumuyla bağlı müzakirə aparılarkən müxtəlif təkliflərlə çıxış ediblər. Təkliflərdən biri də indiki başqanın istefası olub. Təklifi irəli sürənlər fikirlərini belə əsaslandırıblar ki, partiyanın gələcəyi naminə ötən qurultayda başqanlığa namizədlərin hamısı öz iddiallarından geri çəkilməli, yenidən qurultay çağırılmalı, bütün tərəfləri qane edən və digər müxalif təşkilatlarla əlaqələri yenidən qura biləcək şəxs partiya başqanlığına gətirilməlidir”.
Toplantıda bu standartlara cavab verəcək adamın adı da açıqlanıb. Yeni namizəd Tofiq Yaqubludur.
Sorğu
Yeni dizaynımız necədir?