Fazilə Səlimova: “Mənə yardım edin! Övladlarımın gözümün önündə ölümə sürüklənməsinə imkan verməyin!”
Bakıda həkimin evinə hücum olunub... Amma bu xəbərə nə hüquq-mühafizə oqranları, nə də heç bir məhkəmə baxmır. Yox əgər baxarsa da, şikayət olunan tərəf cəzasız qalır. Bu tendensiya artıq bir neçə ildir həkim-publisist, dörd uşaq anası Fazilə Səlimovanın başına gəlir. 40 illik həkimlik fəaliyyəti göstərən bir şəxsin görəsən nə üçün göz görə-görə hüquqları tapdanır?
Məlumata görə, həkim Fazilə Səlimova və onun 4 övladı mütəmadi olaraq, neçə illərdir itkin düşən həyat yoldaşının qardaşı Namiq Rəhimli tərəfindən təqibə məruz qalır. Namiq Rəhimli qardaşının itməsindən istifadə edərək, onun həyat yoldaşı Fazilə Səlimova və onun övladlarını evdən çıxarmaq üçün bu ailəyə olmazın işgəncələr verməyə davam edir. 6 dəfə məhkumluğuna baxmayaraq, ədalət və məhkəmə də Fazilə xanımı deyil, nədənsə sözü gedən Namiq Rəhimlinin maraqlarını müdafiə edir.
Faktla bağlı araşdırma apardıq. Məlum oldu ki, Namiq Rəhimli hər yerdə onun havadarlarının olduğunu bildirir. Bu havadarın isə böyük araşdırmalardan sonra millət vəkili Bəxtiyar Sadıqov olduğu da, məlum olub. Ev məhkəmə yolu ilə Namiq Rəhimli və Fazilə xanım Səlimova arasında qanuni şəkildə bölünsə də, gözü doymaq bilməyən N.Rəhimli bu bölgüdən razı qalmayıb.
Məhkəmənin bölgüsünə və qərarına məhəl qoymayan Namiq Rəhimli yenidən məhkəməyə və aidiyyatı orqanlara müraciət edərək, evin sökülməsi ilə bağlı qərarın çıxarılmasına müvəffəq olur. Baxmayaraq ki, Fazilə Səlimovanin müraciəti əsasında, daha öncə Fövqəladə Hallar Nazirliyinin rəhbəri Kəmallədin Heydərovun imzası ilə evin sökülməməsinə dair sərəncamını da, məhkəməyə təqdim etmişdi. Məhkəmə isə Kəmaləddin Heydərovun imzasına və sərəncamına bir məhəl qoymadan Namiq Rəhimlinin istəyi üzrə evin 4 uşaq anası Fazilə xanımın başına yıxılmasına dair qərar verir. Ötən gün Namiq Rəhimli və həmin qərarı əlində rəhbər tutan icra işçiləri 4 uşaqlı tənha ana Fazilə Səlimovanın evinə hücum ediblər, evin pəncərələrini sındırıb və uçurub gediblər...
Qeyd edək ki, Namiq Rəhimli bir dəfə Fazilə Səlimovaya bıçaqla ağır xəsarət yetirib. Uşaqlarını və özünü öldürməklə, evlərini başlarına yıxmaqla hədələyib. Bununla bağlı adiyyatı orqanlara müraciət olunsa da, bu məsləyə nədənsə baxılmır. Bir neçə dəfə yuxarı instansiyalara müraciət edən həkim Fazilə Səlimova, indi üzünü öz məsləkdaşı və Respublikanın birinci xanımı Mehriban Əliyevaya tutaraq müraciət edir: “Xanım Mehriban Əliyeva, mən sizin hümanistliyinizə və səmimiliyinizə sığınaraq, daim qadınlara dəstək olduğunuzu bildiyim üçün son ümid yerim olaraq sizə müraciət edirəm. 4 atasız övlad yetişdirmişəm. Güclə onlara təhsil vermişəm. Hamısı bu gün həyatlarının baharını yaşamalı ikən, əmiləri tərəfindən təqib olunurlar. Məni bu yaşımda evimi başıma yıxmaq və övladlarımı öldürməklə hədələyən birinin məhkəmədə sözü keçməsinə də, inanmıram. 40 illik həkimlik xidmətim boyu şərəf və ləyaqətimlə işləmişəm. İndi övladlarım doğulub böyüdükləri evin yıxılmasına dözə bilmir. Ötən gün ana üçün ən acı ola biləcək bir qərar veriblər. “Əgər ev yıxılarsa, canımıza qəsd edərik”- deyirlər. Mən neyləyə bilərəm? Mənə yardım edin! Övladlarımın gözümün önündə ölümə sürüklənməsinə imkan verməyin! Mən yenə də, Azərbaycan məhkəməsinin sonda ədalətli qərar verəcəyinə inanıram. Mənə yardım edin!”.
Xatırladaq ki, Namiq Rəhimli öz evi var və hər bir şəraitə sahibdir. Fazilə xanımın yaşadığı evi əlindən almaq məqsədi ilə bu gün də həyat yoldaşı ilə birlikdə yaşadıqları halda, rəsmən öz həyat yoldaşından boşanıb və məhkəməyə evinin olmadığını bildirib. Ümid edirik, bu məsələ aidiyyatı oqranların nəzərindən qaçmaz. Unutmayaq ki, söhbət evdən yox, 4 gəncin həyatından və havadarlarına güvənən haqsızların cəzalandırılmasından gedir. Bu işə dünyanın 4 bir tərəfində yardıma ehtiyacı olan hər kəsə, əl uzadan Mehriban xanım baxarsa, mütləq ədalət zəfər çalacaq!
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?