“Üç aydır onsuz da az olan əmək haqlarımızı vermirlər. İşçilərin böyük bir hissəsi işdən çıxardılıb”. Bu barədə Sumqayıt Boru Prokatı zavodu - “Azərboru” ASC-nin işçilərinin mətbuata müraciətində bildirilir.
“Azerboru” zavodunun fəhlələri adından Yunis "Marja"ya yazır ki, zavod 3 aydır maaş vermir:
“Bu Ramazan bayramında əziyyət çəkdik. Maaşımızı ala bilmədiyimizdən banklara da borcumuzu ödəyə bilmirik”.
O iddia edir ki, zavodun rəhbərliyi inkişaf üçün ayrılmış pulları təyinatı üzrə xərcləməyib:
“Bütün işçilər mərhələli şəkildə 67%-nən evə buraxılırlar. Aldığımız pul 120-167 manatdır. Çox vaxt pulu yarı-yarı verirlər. Artıq 3 aydır zavodda yemək də verilmir”.
Şikayətçi qeyd edib ki, “Baku Steel Company”nin sifarişlərinin yerinə yetirilməsi üçün zavodun işçilərinin 5%-nin saxlanılması nəzərdə tutulur.
“Artıq bir qisim işçilər işdən çıxardılıblar. Əgər işləyə biliriksə, bizi nə üçün işdən çıxardırlar? Zavodu işlədə bilməyənlər işdən çıxardılsınlar”.
2013-cü ilin yayında dövlət “Azərboru” ASC-nin səhmlərinin 97,39%-i özəlləşdirib və onları “Baku Steel Company” MMC alıb. Şirkət müəssisəyə 5 mln 267 min manat investisiya qoymaq öhdəliyi götürüb.
Maydan fəaliyyəti dayanan zavodda 1100 işçi var.
“Baku Steel Company” MMC-nin mətbuat katibi Namiq Əhmədov bildirib ki, şirkətin maliyyə çətinlikləri var. Amma Sumqayıt Boru Prokatı zavodunun işçilərinə əmək haqqı ödəmək üçün yollar axtarılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?