Azərbaycan yeni mərhələyə daxil olub – postneft dövrünün başlanğıcına. Artıq böyük neft pullarının ölkəyə axını keçmişdə qalıb. Hazırda hökumətin prioriteti mövcud resursları səfərbər etmək və keyfiyyətcə indikindən fərqli bir iqtisadiyyat qurmaqdır. Prezident İlham Əliyevin “nefti unudun” sözləri də postneft dövrünün rəsmən başlanılmasının mesajı idi. Təbii sual ortaya çıxır – Azərbaycan hökuməti post neft dövrünə nə qədər hazırdır və indiki hakimiyyətin resursları bu dövrü adlamağa yetərlidirmi? Son dövrün tendensiyaları bu suala təəssüf ki, mənfi cavab verir – resurslar sürətlə tükənməkdədir. Prezident İlham Əliyevin son mesajları da bunu təsdiqləyir. “Möhtəkir və natəmiz adamlar vəziyyətdən istifadə edirlər” Resurslar sürətlə tükənməsiniin ilk faktı bu ilin fevralın 21-də qeydə alındı. 53 milyard dollar maliyyə ehtiyatı ilə öyünən hökumət bir gecədə 34 faiz devalvasiyaya getməyə məcbur oldu. Bundan az sonra prezident Mingəçevir səfərində sərt devalvasiyanın səbəblərinə aydınlıq gətirdi: “Regionda baş verən hadisələr və dünyada neftin qiymətinin aşağı düşməsi artıq müəyyən çətinliklərə gətirib çıxarır. Bu, birinci siqnal idi. Ondan sonra Mərkəzi Bankımız açıqlama vermişdir ki, tədricən ilin sonuna qədər manatın məzənnəsi aşağı düşəcək. Bu da bir siqnal idi ki, insanlar buna hazır olsunlar. Ancaq ondan sonra biz gördük ki, müəyyən ajiotaj yarandı. Manatın məzənnəsində bir qədər dəyişiklik olan kimi, əhali puldəyişmə məntəqələrinə üz tutdu və kütləvi şəkildə dollar almağa başladı. Eyni zamanda, bəzi möhtəkirlər, natəmiz adamlar əsassız qazanc əldə etmək üçün bu vəziyyətdən istifadə etmişlər. Belə olan halda bizim valyuta ehtiyatlarımız, Mərkəzi Bankın valyuta ehtiyatları azalmağa başlamışdır. Sadəcə bir rəqəmi sizə deyə bilərəm. Bir neçə gün ərzində hər gün bazardan minimum 500 milyon dollar alınırdı və əgər belə getsəydi, ilin axırına qədər Mərkəzi Bankın valyuta ehtiyatları kəskin şəkildə azala bilərdi. Belə olan halda qərar qəbul edildi ki, manat ucuzlaşsın”. “Məmurlar məni aldadırlar” Bununla da prezident son 10 ildə ilk dəfə (Fərhad Əliyev və Əli İnsanovun həbsindən sonra) öz komandasından narazlığını açıq şəkildə dilinə gətirdi və neft dövrünün komandası postneft dövrünə etimadsızlıqla daxil oldu. Bunun ardınca dövlətin maliyyə ehtiyatlarının əsas hissəsinin cəmləşdiyi Beynəlxalq Bankda fantastik mənimsəmələrin baş verdiyi üzə çıxdı və “Bandotdel” kütləvi həbslərə başladı – söhbət 6 milyard dollarlıq problemli kreditdən gedir. Bu dalğada ölkənin maliyyə-bank sektorunun əsas fiqurlarından biri və bəlkə də birincisi, Beynəlxalq Bankın idarə heyətinin sədri Cahangir Hacıyev, eləcə də Dövlət Bayraq Meydanın rəisi Rəşad Məmmədov karyerasını bitirdi. Ancaq siyahı hələ də açıq qalır – 6 milyard kredit iri ranqlı məmurların müdaxiləsi ilə mənimsənilib. Hazırda vəsaitin bərpası istiqamətində iş gedir və qurbanların sayının daha çox olcağı gözlənilir. Ölkənin bank-maliyyə sistemi təlatümlü dövrünü yaşayır. Azərbaycanda “dərin dövlət” anlayışı maliyyə-bank sektorunda özünü göstərir. Prezidentin və dövlətin nəzarətindən kənarda mövcud olan maliyyə sektorunun “dərin dövləti” ölkənin valyuta resurslarının mənimsəmək yolunu seçmişdi. Hazırda “dərin dövlətin” zərərsizləşdirilməsi prosesi gedir. Prezident komandasından ikinci narazılığı Binəqədidə məlum yanğın hadisəsi ilə bağlı hökumət komissiyasının iclasında dilə gətirdi: “məmurlar məni aldadırlar”. Bu mesaj əsasən biznes təmsilçilərindən və nazirilərin qohumlarından ibarət komanda ilə işləməyin çətinliyinin və mümkünsüzlüyünün təzahürü idi. Məmurların qohumlarının və onların yaratdığı “Ala-bala” şirkətlərinin ölkənin sosial mühiti üçün təhlükə mənbəyi olması real faktla təsdiqləndi. “Köməkçilərim bəzi məlumatları məndən gizlədir” Nəhayət, iyulun 22-də prezident Mətbuat Şurası İdarə Heyətinin üzvlərini qəbul edərkən “köməkçilərim bəzi məlumatları məndən gizlədir, bu xəbərləri mediadan oxuyuram” deyə iqtisadi komandasına artıq etimad göstərmədiyini açıqladı. Bütün bunlar hakimiyyət komandasının yeniləşməsi zərurətini ortaya qoyur. Prezident hələ may ayında – 28 may Respublika günü münasibəti ilə keçirilən rəsmi qəbulda ciddi siyasi və idarəetmə islahatlarının aparılacağını bəyan etdi. Siyasi islahatlar təbii ki, ilk növbədə parlamentdən başlanılmalıdır. YAP-ın namizədlər siyahısının indiyə qədər açıqlanmaması prezidentin bu məsələ ilə bağlı son qərarının olmadığını ortaya qoyur. Bununla belə, kifayət qədər ciddi mənbələrdən gələn məlumatlar bu dəfə siyahının fərqli kriteriyalarla tərtib edildiyini deyirlər – iş adamları, məmurların qohumları və rektorlar korpusu siyahıdan kənarda qalıb. Yəni postneft dövrünə hakimiyyət yeniləşmiş parlamentlə getmək istəyir. Bu dönəm rasional qərarlar dövrü olduğundan neft dövrünün parlamenti artıq işə yaramır. Güman ki, prezident siyasi islahatlar dedikdə ilk növbədə elə parlament islahatlarını nəzərdə tutub. Yeni parlament həm də 2018-ci il prezident seçkisini ilkin hazırlıq deməkdir. Eyni zamanda yeniləşmiş parlament iqtisadi və idarəetmə islahatlarına dəstək missiyasını yerinə yetirməlidir. Pul xərcləyən hökuməti pul qazanan hökumət əvəzləməlidir İqtisadi və idarəetmə islahatlarına gəldikdə isə, post-neft dövründə bunsuz keçinmək mümkün deyil. Həm komandaya etimadsızlıq, həm də böyük məbləğli dövlət xərclərinin optimallaşdırılması zərurəti komandanın yeniləşməsini, oliqarxların texnokratlarla, menecerlərlə əvəzlənməsi zərurətini yaradır. İndki komandanın əsas prioriteti neft pullarını xərcləmək idisə, yeniləşmiş komandanın mandatı dövlətin maliyyə-iqtisadi resurslarından maksimum səmərəli istifadə etmək və büdcəni doldurmaqdan ibarət olmalıdır. Obrazlı desək, pul xərcləyən hökuməti pul qazanan hökumət əvəzləməlidir. Bu yaxınlarda prezidentin kursunun qatı müdafiəçisi kimi tanınan deputat Zahid Oruc da seçkidən sonra 6-8 nazirlik və dövlət komitəsinin birləşdirilərək yenidən təşkil olunacağının anonsunu verib. Xərclərin optimallaşdırılması, paralel strukturların ləğv edilməsi, idarəetmənin sadələşdirməsi hazırda hökumətin əsas prioritetlərindən biridir. Neft dövrünün nəhəng idarəetmə aparatı artiq ölkənin inkişafında problemə çevrilib. Post-neft dövründə sadələşmiş, ancaq cevik, qlobal və yerli tendensiyalara adekvat cavab verən hökumətə ehtiyac var.
Sorğu
Yeni dizaynımız necədir?