"Son zamanlarda Azərbaycanda dindarların aktivləşməsinin bir neçə səbəbi var. Mövcud rejim iqtidarı ələ keçirdikdən bu günə qədər milli-demokratik qüvvələrə qarşı amansız mübarizə apardı, əlindəki dövlət gücündən istifadə edərək demək olar ki, normal mübarizə meydanında sivil mübarizəni yox etdi".
Bunu Moderator.az-a açıqlamasında politoloq Aqil Səmədbəyli bildirib.
Aqil Səmədbəyli deyib ki, milli-demokratik qüvvələr isə demokratiyanın havadarlarının xəyanətinə uğradılar: "Bir neçə seçkidən sonra məlum oldu ki, bu demokratiya havadarları üçün demokratiya axırıncı sıralarda duran məsələdir, əsas olan mənfəətdir. İqtidarın zülmü və havadarların xəyanəti milli-demokratik düşərgədə mənəvi çöküşə səbəb oldu. Nəticədə bu düşərgəyə olan ümidlər öləzidi. Belə olan halda qonşu İran çox böyük ustalıqla bu boşluqdan yararlandı. İran çox böyük maliyyə ayıraraq Azərbaycanda ciddi altyapı hazırlığıyla məşğul oldu və bizim millətin dinə olan səmimi münasibətindən gözəl istifadə elədi".
Aqil Səmədbəylinin sözlərinə görə, bu gün İran Quzey Azərbaycanda yaxşı tərəfdar təbəqəsi formalaşdırıb ki, bunun da əsas səbəbkarı yenə ölkəmizdəki hakimiyyətdir: "Məqsədi sadəcə kreslonu qorumaq və daha çox pul toplamaq olan bir rejimdə bu nəticələrin ortaya çıxması da təbiidir. İnsanlar sosial varlıqlardır. Onlar kollektiv hərəkət etməyə meyllidir. Sən əgər ölkədə ideyasız mühiti zorla formalaşdırmağa çalışacaqsansa, bu enerji başqa bir müstəvidə ortaya çıxacaq".
Politoloq deyir ki, vəhhabilərin də ölkəmizdə sürətlə çoxalması yenə hakimiyyətdəkilərin günahıdır: "Hər şeyi pul kimi görən hakimiyyətin hər günü Azərbaycanın gələcəyinə təhlükədir. Mən Azərbaycandakı gənc müsəlman qardaşlarımıza qarşı rejimin yumruqla cavab verməyə çalışmasını ağılsızlıq kimi qiymətləndirirəm. Çox təəssüf ki, bu iqtidar sahibləri artıq obyektiv düşünmə və gələcəyi görmə imkanlarından məhrum olublar. Bunun da səbəbi uzun zamandır kabinetdə oturub haram yeməkdir. Haram insanın beynini korşaldır, gözünü kor, qulaqlarını kar edir".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?