gundemxeber.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstana rəsmi səfəri bu ölkənin KİV-lərinin diqqət mərkəzindədir.
Gürcüstanın aparıcı www.apsny.ge, sputnik-georgia.ru, www.newsgeorgia.ge, www.interpressnews.ge informasiya portalları, "İmedi", "Rustavi-2" televiziya və radio kanalları, eləcə də bir sıra ənənəvi media vasitələri prezidentin səfəri, Azərbaycanın regiondakı rolu, zəngin təbii ehtiyatları barədə silsilə materiallar yayıb.
Əsasən Azərbaycan prezidentinin, Gürcüstanın dövlət başçısının və digər yüksək vəzifəli şəxslərinin fikirlərinin yer aldığı məlumatlarda ölkələrimiz arasındakı dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənəcəyinə inam ifadə olunur.
Qeyd olunur ki, Azərbaycan uzun illərdir Gürcüstanın xarici ticarət tərəfdaşları arasında ilk üçlükdədir. 2012-2015-ci illər ərzində Azərbaycandan bu ölkəyə qoyulan sərmayələrin həcmi 3,7 dəfə artıb.
Yazılarda SOCAR-ın Gürcüstanın enerji bazarındakı yeri, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft və qaz kəmərlərinin, həmçinin "Cənub" qaz dəhlizinin Gürcüstan üçün əhəmiyyəti xüsusi qeyd olunur.
Vurğulanır ki, Gürcüstanın siyasi partiyaları arasında müxtəlif məsələlərdə fikir ayrılığı olsa da, Azərbaycanla dostluq münasibətləri ilə bağlı heç bir fikir ayrılığı yoxdur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?