Bayrağımızla üzü gülsün Şuşamızın. Çünki Qarabağımız çox darıxıb bayrağımız üçün. Üzü gülsün o torpaqların, nəhayət, bayrağımıza qovuşaraq. Həsrət çəkən məmləkətimiz doğma hənirtilərimizi gözləyir.
Yad tapdağından inildəyən Vətənimin dilbər guşəsi Qarabağ diyarı artıq bayrağımızla bəzənmək istəyir. Dədə-baba yurdumuz millətimin qürur mənbəyi olan müqəddəs bayrağımıza qucaq açmağa məqam axtarır. Uzun zamandır torpağımızla bayrağımız bir-birinə həsrətdir. Axı o torpaqlar işğalçı bayrağını uda bilmir. Qarabağımızı bayrağımıza bürüyək. Bu bizim Vətən qarşısında şərəf borcudur.
Gələcək nəsillərə belə bir ağır yükü miras qoymağa haqqımız yoxdur. Bu borc bizim bu torpaqlar uğrunda canlarını qurban vermiş Şəhidlərimiz, qazilərimiz qarşısında vicdan borcumuzdur. Övladlarımızın üzünə dik baxmaq, elimizi vicdanımızın üstünə rahat qoya bilmək üçün vətəndaş borcumuzu yerinə yetirməyin zamanıdır. İtirdiklərimizə sahib çıxmaq, Vətəni yağı tapdağından azad etməyin vaxtıdır.
Şuşanı, Laçını, Ağdamı, Kəlbəcəri, Xankəndini....işğal olunmuş torpaqlarımızın hər qarışını azad etməyin, dədə-baba yurdumuzda üçrəngli müqəddəs bayrağımızı dalğalandırmağın zamanı gəlib. Üzü gülsün torpağımızın, yurdumuzun, illərdir Vətən həsrəti çəkən soydaşlarımızın, ata-ana məzarı başında dayanmağın həsrətini qəlbində uzun zaman qübar edən bacı-qardaşlarımızın nəhayət... Qələbəni bayram etmək, dövlətimizin rəmzi olan bayrağımızı Qarabağ torpağında dalğalandırmaq üçün apardığımız mücadilədə çox şeydən deyil, artıq her şeydən vaz keçməyin, qurban verməyin zamanıdır. Çox şeydən pay olar, amma torpaqdan, yurddan pay olmaz. Azərbaycanın yağıya etdiyi güzəşt limiti də dolub artıq.
Dövlətimin müharibəni başlamamasının erməniyə etdiyi ən boyük və yeganə güzəşt olduğunu anlaması lazımdır. Zatən yeni müharibənin alovlanması ermənilərin işğal etdiyi torpaqlardan qovulması və məhvi ilə nəticələnəcək. Qarşı tərəfindəki rəqibinin mərhəmətindən doğan güzəştləri zamanında və ağılla dəyərləndirmək də bir uğur sayılır. Əgər erməninin bunları düşünüb nəticə çıxarmaq qabiliyyəti varsa...
Zaman itkisi ola bilər bu məsələdə. Olsa da, olmasa da, tez bir zamanda Qarabağda - Vətənimin cənnət məkanında müqəddəs bayrağımız dalğalanacaq... O torpaqlarda Şəhid olmuş minlərlə oğullarımızın anısı şərəfinə...
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?