Sabiq deputatın saxlanma şəraitindən heç bir şikayəti yoxdur
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında (BİT) təqsirləndirilən şəxs qismində saxlanılan Gülər Əhmədovanın saxlanma şəraitindən heç bir şikayəti yoxdur. Bunu “Trend”-ə açıqlamasında insan hüquqları üzrə müvəkkilin (ombudsman) Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri, Milli Preventiv qrupun rəhbəri Vüqar Məhərrəmov söyləyib. Vüqar Məhərrəmov bildirib ki, Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Gülər Əhmədova ilə 2 dəfə görüş keçiriblər. Görüşün məqsədi onun saxlanma şəraitinin, ona qarşı rəftarın və vəziyyətinin araşdırılmasından ibarət olub: “Fevralın 25-də keçirilən son görüş zamanı Gülər Əhmədova bildirib ki, saxlanma şəraitindən və müəssisə əməkdaşlarının ona qarşı rəftarından hər hansı narazılığı yoxdur, vəkili ilə maneəsiz və məhdudiyyətsiz görüşünə şərait yaradılır. Bununla yanaşı, Gülər Əhmədova səhhətində müəyyən problemlərin olduğunu da bildirib. Vüqar Məhərrəmov Gülər Əhmədovanın saxlandığı yerdən də danışıb: “Onun saxlandığı kamera digər kameralardan hər hansı bir xüsusiyyəti ilə fərqlənmir. Gülər Əhmədova əvvəl İstintaq Təcridxanasının Tibb-sanitar hissəsində 2 gün saxlandıqdan sonra yenidən kameraya köçürülüb. Onunla kamerada daha bir nəfər də saxlanılır. Lakin istintaq davam etdiyindən təqsirsizlik prezumpsiyası baxımından həmin adamın adı açıqlanmır”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?