Bu gün Bakının Nərimanov rayonunda iş adamı Bilal Aslanovun intiharı ilə bağlı təfərrüat üzə çıxıb. Lent.az-ın əməkdaşı xəbər verir ki, "Dortek" mağazalarının sahibi olan 38 yaşlı B.Aslanovun səhər saatlarında intihar etdiyi məlum olub. Yaxınlıqda işləyən şəxslər bildiriblər ki, B.Aslanov adəti üzrə səhər saatlarında mağazanın qapısını özü açıb. Daha sonra mağazaya gələn işçilər onun zirzəmidəki anbarda özünü asdığını müəyyənləşdiriblər.
Hadisə ilə bağlı B.Aslanovun qohumlarına daim mağazanın yaxınlığında dayanan və bəzi sifarişləri çatdıran taksi sürücüsü məlumat verib. İlk olaraq iş adamının qardaşına bu barədə xəbər verilib.
Bildirilir ki, iş adamının biznesi son vaxtlar xeyli zəifləyibmiş. O, Təbriz küçəsində də yeni mağaza açsa da, planlaşdırılan gəlirlilik əldə edilməyib. Bu səbəbdən də bir çoxları biznesmenin ziyan etdiyini və borca düşə biləcəyini, məhz bu səbəbdən də həyatına qəsd edə biləcəyini düşünür.
Mağazaya baş çəkən Lent.az-ın əməkdaşına o da bildirilib ki, səhər saatlarında istintaqçılar müvafiq araşdırmalar apardıqdan sonra mağaza bağlanıb.
*****
17:52
Bu gün Bakı şəhərinin Nərimanov rayonu ərazisində biznesmenin özünü iş yerində öldürməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın məlumatına görə, "Dortek" mağazalarının sahibi olan 38 yaşlı Aslanov Bilal İsmayıl oğlu əslən Tovuz rayonundandır. O, bir neçə il əvvəl Bakıda biznes fəaliyyətinə başlayıb və Atatürk prospektindəki əsas mağazanı açıb. Bir müddət əvvəl isə "Dortek"in Təbriz küçəsindəki mağazası fəaliyyətə başlayıbmış.
Bildirilir ki, keçən ilki devalvasiyadan sonra "Dortek" mağazalarının da dövriyyəsi azalıb. Lakin B.Aslanovun sırf borc məsələsi ilə bağlı intihar etməsini göstərən fakt müəyyənləşdirilməyib.
Qeyd edək ki, B.Aslanovun 2 övladı varmış.
***
15:48
Bu gün Bakıda intihar hadisəsi baş verib. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 1978-ci il təvəllüdlü Aslanov Bilal İsmayıl oğlu özünü Atatürk prospektində yerləşən “Dortek” mağazasının zirzəmisində asaraq intihar edib.
38 yaşlı B.Aslanov Bakıdakı “Dortek” mağazalarının sahibi olub. Onun asılı vəziyyətdə qalmış meyitini işçilər bu gün səhər saatlarında aşkarlayıb.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.
Sorğu
Yeni dizaynımız necədir?