Zaqatalada vətəndaşlara kələk gələn şəxs cəzalandırıldı
Dələduzluqda təqsirli bilinən Ağdam rayon sakini, 1958-ci il təvəllüdlü Maarif Kazımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, Maarif Kazımov Xəzər rayon məhkəməsinin 13 dekabr 2011-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq) maddəsi ilə təqsirli bilinib və qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.
Maarif Kazımov əvvəlki məhkumluğu ödənilməmiş yenidən cinayət törədib. O, bu dəfə dələduzluq cinayətlərinə imza atıb. Maarif Kazımov özgənin əmlakını ələ keçirmək məqsədilə Murad Muradova özünü fərdi evlərin tikintisi və təmiri ilə məşğul olan şəxs kimi təqdim edib.
Evini təmir etdirəcəyi adı ilə 24 may 2013-cü il tarixdə Murad Muradovdan yaşadığı Zaqatala şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 51 ünvanında 3000 manat alıb.
Bundan başqa Maarif Kazımov Gülzadə Mirzəyevanın evini təmir etdirmək aı ilə aldadıb. O, həmin ilin mayın 26-da Gülzadə Mirzəyevadan yaşadığı Zaqatala şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 29 ünvanında 7200 manatını alaraq dələduzluq əməli törədib.
Maarif Kazımov həmin gün Zeynəb Qardaşovaya qarşı da eyni üsulla dələduzluq edib. O, Zeynəbə yeni ev tikəcəyi adı ilə aldadaraq 6500 manatını alıb.
Maarif Kazımov Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü (təkrar, xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham edilib. Zaqatala rayon məhkəməsinin hökmü ilə Maarif Kazımov 3 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Maarif Kazımov apelyasiya şikayəti verib. O, barəsində Zaqatala rayon məhkəməsinin 13 may 2015-ci il tarixli hökmü ilə təyin edilmiş 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasından narazıdır. Ona görə də işinə yenidən baxılmasını xahiş edib.
Onun şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim İmanverdi Şükürovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Apelyasiya şikayətinin dəlilərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Maarif Kazımovun apelyasiya şikayəti təmin edilməyib.
Sorğu
Yeni dizaynımız necədir?