Quba Rayon Yerfi kənd sakini Əli Məmmədov tərəfindən daxil olan məktubda iddia edilir ki, Pentensiar Xidmətin rəis müavini, Ədliyyə generalı Hüseynağa Əlixanovun qardaşı, Nazim Əlixanov bu kənddə at oynadır. Vətəninfo.az olaraq redaksiyamıza ünvanlanan müraciəti olduğu kimi təqdim edirik. “Sizə yazmaqda məqsədimiz Quba rayonu Yerfi kəndində baş verənləri ictimailəşdirməkdir. Ümid edirik məsələnin mahiyyətinin ciddiliyini nəzərə alıb, bizə yardımçı olacaqsınız. Bu günlərdə Yerfi kəndindəki orta məktəbin ikimərtəbəli əsas binalarından biri kəndin keçmiş icra nümayəndəsi Əlixanov Nazim Ənvər oğlu tərəfindən rəsmi icazə olmadan, qanunsuzcasına zəbt olunub. Artıq binanın dam örtüyü, qapı-pəncərələri sökülüb, ətrafındakı göz altına aldığı məktəb ərazisinin otu çalınıb. Lakin qardaşı - Penitensiar Xidmətin müavini, ədliyyə generalı Hüseynağa Əlixanova görə heç bir dövlət qurumu onun özbaşınalığına qarşı tədbir görmür, məsələyə göz yumur. N. Əlixanov, bu azmış kimi binanın ətrafındakı təqribən iyirmi sota yaxın məktəb ərazisini də özününküləşdirməyə hazırlaşır. Onun tərəfindən qanunlara məhəl qoyulmaması, sadə kənd əhalisində bu seçki ərəfəsində sanki mövcud iqtidara qarşı narazılıq, inamsızlıq və acıq yaratmağa hesablanıb. Biz bu barədə Təhsil Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi rəhbərliklərini müvafiq qaydada xəbərdar etmişik. Bundan əvvəl də Nazim Əlixanov tərəfindən edilən başqa qanunsuz əməllər üzündən ciddi narazılıqlar olsa da, yuxarıda qeyd etdiyimiz səbəbə görə dövlət qurumları səssiz qalıb”.
DİA.AZ olaraq, general Hüseynağa Əlixanovun və Nazim Əlixanovun da məsələyə münasibətini dərc etməyə hazırıq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?