Vəkillər Kollegiyası hakimlə birgə tanınmış vəkilə qarşı dava açıb
Aslan İsmayılovu şərləmək üçün Səbayel Məhkəməsində qapıdəyişmə əməliyyatı olub! Avqustun 12-də Nərimanov Rayon Məhkəməsində hakim Turqay Hüseynovun sədrliyi ilə Vəkillər Kollegiyası İdarə Heyətinin (VK RH) tanınmış vəkil Aslan İsmayılova qarşı iddiası üzrə məhkəmə prosesi keçirildi. İddiaçı tərəf “Viza” hüquq firmasının rəhbərinin Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsini tələb edir. Aslan İsmayilova dəstək üçün məhkəmə zalına xeyli sayda gənc gəlmişdi. Əksəriyyəti sosial şəbəkələrdən məlumat alaraq prosesə qatılmışdı. İddiaçı tərəfi məhkəmədə Pərviz Ələkbərov və Altay Muradov təmsil edirdi.
Qeyd edək ki, bir qədər əvvəl Səbayel rayon məhkəməsinin hakimi Elnur Həsənov Aslan İsmayılovdan Vəkillər Kollegiyasına şikayət etmişdi. Hakim şikayət ərizəsində vəkilin onu təhqir etdiyini, icazəsiz otağına daxil olduğunu söyləmişdi. A.İsmayılovun məhkəmədə hüquqlarını vəkil Rövşən Şirəliyev təmsil edrdi. O, çıxışında hər iki müraciətlərin əsassız olduğunu söylədi. Bildirdi ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin məhkəməyə təqdim etdiyi iddia ərizəsinin heç bir əsası yoxdur: “Çünki iddia ərizəsinin verilməsinə əsas olmuş və İntizam Komissiyasının 11 aprel 2013-cü il tarixli rəyində, Rəyasət Heyətinin 8 may 2013-cü il tarixli qərarında əksini tapmış və qanunsuz kimi qələmə verilmiş halların heç birisi baş verməyib”.
A.İsmayılov çıxışında qeyd etdi ki, VK RH sözügedən iddiaya səbəb olan qərarı qəbul edərkən, İntizam Komissiyasının 11 aprel 2013-cü il tarixli saxta rəyinə hərtərəfli, tam və obyektiv baxmayıb. Nəticədə RH ədalətsiz bir nəticəyə gəlib: “Belə ki, mənim Vəkillər Kollegiyası üzvlüyündən çıxarılmağım üçün məhkəməyə müraciət edilməsi qərarı üç əsasa söykənir. Guya mən Əliyeva Fəhriyyə Nadir qızı ilə vəkil kimi hüquqi yardım haqda müqavilə bağlamadan, ona hüquqi yardım göstərmiş və ya bu işi vəkil olmayan şəxsə - “VİZA” Hüquq Firmasının işçisi Kənan Məmmədova tapşırmışam. Guya 12.02.2013-cü il tarixdə saat 16:20 radələrində icazəsiz şəkildə, qeyri-qanuni olaraq Səbail Rayon Məhkəməsinin hakimi Elnur Həsənovun iş otağına daxil olmuş, onu hədələmiş, təhqir etmiş və mübahisə yaratmışam. Guya vəkil sirrini pozmuşam, yəni rəhbərlik etdiyim Vəkil Bürosu ilə təsisçisi olduğum “VİZA” Hüquq Firması eyni ünvanda olan iş otaqlarında yerləşdiyindən, Büronun vəkilləri Hüquq Firmasının vəkil statusu olmayan işçiləri ilə bir yerdə fəaliyyət göstərirlər ki, bu da vəkil sirrinin yayılmasına şərait yaradır”.
Vəkilin sözlərinə görə, hər üç hal ümumiyyətlə mövcud deyil: “Birincisi, “Aslan İsmayılov və Partnyorları” Vəkil Bürosu ilə Əliyeva Fəhriyyə Nadir qızı arasında bağlanmış 12 dekabr 2012-ci il tarixli 239-11 saylı Müqaviləyə əsasən, mən həmin sifarişçinin hüquqlarının müdafiəsi öhdəliklərini öz üzərimə götürmüşəm. Həmin Müqavilə əsasında mən 12 dekabr 2012-ci il tarixli 000679 saylı vəkil Orderi ilə təmin edilmiş və həmin Orderi təqdim etməklə F.N.Əliyevanın hüquqlarını müdafiə edən vəkil kimi mülki işə qoşulmuşam.
Bu halın mövcudluğu onu təsdiq edir ki, Səbail rayon Məhkəməsinin hakimi Elnur Həsənov Vəkillər Kollegiyasının sədri Azər Tağıyevə müraciətində həqiqətə uyğun olmayan məlumatları qeyd edib. Guya mənim həmin mülki işdə vəkil səlahiyyətim, yəni nə müqaviləm, nə də ki, vəkil orderim olmayıb. İkincisi, hadisə baş verdiyi gün, 12.02.2013-cü il tarixdə saat təxminən 16:20-də Səbail rayon Məhkəməsinin inzibati binasına daxil olduqda, giriş qapısında duran mühafizəçi polis serjantı Vüqar Nəcəfov iş icraatında olan hakim Elnur Həsənova zəng etmiş, mənim gəldiyimi bildirmiş, hakim öz razılığını verdikdən sonra mən iddiaçının nümayəndəsi Kənan Məmmədovla əvvəlcə katibinin otağına, daha sonra isə, hakim Elnur Həsənov içəridən öz otağının qapısını açdıqdan sonra, hakimin otağına daxil olmuşuq.
Hakim Elnur Həsənovun otağına daxil olduqda, hakimin stolunun qarşısında bir tərəfdən mən, digər tərəfdən isə nümayəndə Kənan Məmmədov əyləşmiş və mən hakimə anlaşılmazlıq olduğunu, tərəflər arasında barışıq layihəsi mövcud olduğunu, bu barışığın həyata keçməsi üçün köməklik göstərilməsini və sənədlərin qaytarılması üçün prosesin təzələnməsini xahiş etmişəm.
Bunu bildirdikdən sonra, hakim qəfildən məni saxta sənəd təqdim etməkdə ittiham etməyə, səsini qaldırmağa, məni təhqir etməyə və hədələməyə başladı, mən isə bunun təxribat olduğunu anlayaraq işçimlə otaqdan çıxmağa çalışmışam.
İşçim Kənan Məmmədov qapını açmağa çalışsa da, aça bilmədi.
Hakim Elnur Həsənov dərhal mühafizəçini və icra məmurlarını çağırdı və onlara “bunu bayıra atın, məni təhqir etdiyini, vurmaq istədiyini aktlaşdırın” dedi.
Səbail rayon İcra Şöbəsinin rəis müavini vəzifəsini icra edən Arif İmanov, böyük icra məmuru Emil Hadıyev, icra məmuru Elçin Əmirov, Səbail rayon Məhkəməsinin məsləhətçisi Elvin Nəsibov, böyük mütəxəssisi Cəbrayıl Məmmədli, mühafizə xidmətinin növbətçisi polis serjantı Vüqar Nəcəfov Səbail rayon Məhkəməsinin inzibati binasında 12 fevral 2013-cü il tarixdə akt tərtib edərək, qeyd etmişlər ki, guya mən hakim Elnur Həsənovun iş otağına icazəsiz daxil olmuş, onunla mübahisə edərək, onu təhqir etmiş və ona hədə-qorxu gəlmişəm. Akta nəzər saldıqda belə məlum olur ki, icra məmurları bütün işlərini atıb, giriş qapısında mənim gələcəyimi gözləmiş, daha sonra məni hakimin otağına qədər müşayiət etmiş, hakimin otağında baş verənləri əvvəldən axıradək seyr etmiş və daha sonra bu hadisələri aktda əks etdirmişlər. Göründüyü kimi aktda qeyd olunanlar həqiqəti əks etdirmir, ən azından ona görə ki, bu akt ağlabatanlıq və obyektivlik prinsiplərinə ziddir.
Bütün bunlara baxmayaraq, məhkəmənin diqqətinə çatdırıram ki, həqiqətdə hadisə məhz mənim dediklərim kimi olmuşdur. Hakimin otağının məhz onun tərəfindən və içəridən açılmasını intizam komissiyasındakı araşdırma zamanı vəkillər də təsdiq ediblər. Bundan başqa, məhkəmədə olan insanlar bunu bilir. Ancaq elə həmin gün mən ədliyyə naziri Fikrət Məmmədova müraciət etdikdən sonra gecə ilə o qapı sökülüb yenisi ilə əvəz edilib. İntizam komissiyasında da mən hələ rəngin qurumadığından oraya baxış keçirməyi tələb etsəm də dediklərimin həqiqət olduğundan bunu etmədilər. Maraqlısı odur ki, fevralın 12-dəki ərziəm baxılmamış qalmış, Elnur Həsənov isə ancaq 14-də müraciət etmişdir”.
Aslan İsmayılov icra məmurlarının da aktda göstərdiklərinin həqiqətə uyğun olmadığını söylədi: “İcra məmurları bizim hakimlə olan söhbətimizin sonunda gəliblər, həmin anda isə mən sakitcə dayanıb hakimin təxribatçı əməllərinə baxırdım. Əgər həqiqətəndə polisin dediyi kimi, mən ondan icazəsiz içəri, hakimin otağına keçmiş olsaydım, onda polisin həmin otağında quraşdırılmış videokamera məlumatları da akta əlavə olunardı. Lakin bu videogörüntülər məqsədli şəkildə araşdırma materiallarına əlavə edilməyib, çünki hadisə mənim dediyim kimi baş verib.
Bütün dediklərimin həqiqət olub-olmadığını araşdırmaq üçün şahid Kənan Məmmədovun məhkəmə iclasında ifadə verməsi təmin edilməlidir”.
İşin maraqlı tərəfindən biri də iddiaçı tərəfin məhkəməyə müraciətində Aslan İsmayılovun orderinin olmamasını əsas götürməsi olub. Ancaq Vəkillər Kollegiyasını məhkəmə təmsil edən hər iki vəkil də prosesə nümayəndə kimi qatılmışdlar.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?